Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar. XQ xəbər verir ki, sənəd BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti Denis Frensisə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə ünvanlanıb.
Müraciətdə bildirilib ki, 1991-ci ildən başlayaraq Ermənistan Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıb. İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günədək 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Ancaq Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günədək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır.
2020-ci il 10 noyabr Bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün də olsun dayandırmayıb. Əvvəlcə, Ermənistan hakimiyyəti “mina xəritələri”nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi “mina xəritələri”ni təqdim etdi, ancaq məlum oldu ki, onlar yalançı, “saxta xəritələr”dir, reallığı əks etdirmir. Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.
Müraciətdə eyni zamanda bildirilib ki, Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə hələ də minalar basdırır. Son sutka ərzində artıq 6 nəfər bu mina terrorunun qurbanı olub. “Niyə BMT Ermənistanın bu terror fəaliyyətini dayandırmaq üçün hərəkətə keçmir?” Azərbaycan ərazisində nə vaxta qədər oyuncaq hərbi xunta rejimi, “boz zonalar” mövcud olacaq? Bu rejim ləğv olmalı, tərk-silah edilməlidir” kimi fikirlərin yer aldığı sənəddə minaların basdırılmasının köçkünlərin qayıdışını əngəlləmək, onları qorxutmaq, Qarabağda və Şərqi Zəngəzurda başladılan böyük quruculuq işlərinə mane olmaq məqsədi daşıdığı vurğulanıb. BMT-dən, digər beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən Ermənistanın bu hərəkətlərinə qiymət verilməsi tələb olunub.