BMT-də xarici diplomatlar Qarabağdakı durum barədə məlumatlandırılıb

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən XQ-yə bildirilib ki, söhbət zamanı regiondakı son vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının, davam edən hərbi-siyasi təxribatların bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb. ABŞ daxil olmaqla, beynəlxalq tərəfdaşlar tərəfindən bu qüvvələrin çıxarılmasına çağırış edilməməsinin erməni tərəfinin son dövrlərdə təxribatları daha da artırmasına səbəb olduğu vurğulanıb.

Nazir sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma rejimin nümayəndələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdığını, nəticədə mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının həlak olduğunu, habelə Azərbaycan Ordusunun hərbi qulluqçularının yaralandığını, erməni silahlı qüvvələrinin təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirdiyini və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirdiyini bildirib.

Belə genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandığı diqqətə çatdırılıb, görülən tədbirlərin hədəfinin müstəsna olaraq regionda bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğu, iddiaların əksinə mülki əhalinin hədəf alınmadığı, erməni sakinlərin təhlükəsizliyi üçün tərəfimizdən çağırışlar edildiyi bildirilib.

Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq bölgədə mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə olduğu, bu səbəbdən erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, qondarma rejimin buraxılmasının, hərbi təxribatların və törədilmiş terror aktlarının qətiyyətlə pislənməsinin və onların qarşısının alınmasının zəruri olduğunu vurğulayıb.

Regionda, guya, “blokada” və “humanitar böhran” kimi iddialara gəldikdə isə nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını, bilərəkdən “humanitar” xarakterli məsələ donu geyindirildiyini, əslində isə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlik bir siyasi manipulyasiya olduğunu deyib. 

Görüşdə tərəflər bölgə ilə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Xarici işlər naziri Ceyhun Bayramov BMT-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşündə də həmkarına ölkəmizin Qarabağda apardığı lokal antiterror tədbirləri barədə məlumat verib.

Ceyhun Bayramov ölkəmizin keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, habelə münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya məsələləri, mühüm prioritet olan sülh müqaviləsinin imzalanması, bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində ardıcıl səylərini xatırladıb. O, ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin və qondarma rejimin son təxribatlarının normallaşma prosesinə xələl gətirdiyini, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyini, bu ölkənin sülh prosesində maraqlı olmadığını diqqətə çatdırıb.

Azərbaycan hərbiçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələnən terror aktına və hərbi təxribatlara cavab olaraq qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah edilməsi və qondarma rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın yalnız hərbi hədəfləri məhv etdiyi, mülki şəxsləri hədəf almadığı bildirilib.

Ceyhun Bayramov Ermənistanın qəsdən vəziyyəti “humanitar” xarakterli məsələ kimi təqdim etdiyini, qondarma humanitar böhran yaratmaq məqsədi daşıyan bu addımın əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olduğunu, sıravi sakinlərin isə bu siyasi avantüranın girovu kimi saxlanıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistan Baş nazirinin 2 sentyabr tarixində qondarma rejimi təbrik etməsi daxil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların sülh prosesinə xələl gətirdiyini vurğulayıb.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlik üzrə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

 



Siyasət