Qanunsuz erməni silahlıları ərazimizdən çıxmalıdır
Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb.
Sənəddə bildirilir ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar: “Erməni kəşfiyyat-diversiya qruplarının Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıblar. Bununla yanaşı, Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralanıb”.
Qeyd edilir ki, erməni silahlı qüvvələrinin bu təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib: “Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”.
Daha sonra bildirilir ki, görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Bu tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.
Bəyanatın sonunda deyilir: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”.
Terror aktları gərginliyi son həddə çatdırdı
Azərbaycan Xarici İşlər Nazirliyi Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olmaları barədə yaydığı açıqlamada bildirib ki, bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır.
Qeyd edilib ki, sentyabrın 19-da bir nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində 2 mülki şəxs həlak olub: “Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar. Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub”.
Açıqlamada daha sonra qeyd edilib ki, Xocavənd rayonu ərazisində baş verən mina partlayışı üçtərəfli Bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədinin bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluq olduğunu göstərir: ”Bununla yanaşı, bu təxribatların məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır”.
Cozef Borelin bəyanatına cavab
Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan antiterror tədbirləri ilə bağlı bəyanatına dair şərhində bildirilib:
– Avropa İttifaqının hazırkı hərbi eskalasiyanın səbəblərini, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində həm mülki əhaliyə, həm də hərbçilərə qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətə son qoymaq üçün Azərbaycan tərəfindən atılan addımları qəsdən təhrif edən bəyanatı bizi təəssüfləndirdi. Hazırda Azərbaycanın həyata keçirdiyi hərbi antiterror tədbirləri Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən bir sıra irimiqyaslı hərbi təxribatlara və bir gündə erməni qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində baş verən mina partlayışında 2 dinc sakinin və 4 hərbçinin həlak olmasına səbəb olan terror aktlarına qarşı yönəlib. Həmçinin minaatan hücumları nəticəsində iki hərbçimiz yaralanıb.
Daha sonra bildirilib ki, Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq ərazilərimizi boşaltmayan Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək mümkün irimiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfindən antiterror tədbirləri görülüb:
– Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib. Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir. Azərbaycan bütün sakinlərini, o cümlədən erməniəsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir.
Fransanın bəyanatı işğalın qalıqlarına dəstəkdir
Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa XİN-in bəyanatına dair şərhində bildirilib: “Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq tərəfimizdən görülən tədbirlər barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edir və pisləyirik”.
Qeyd edilib ki, Azərbaycan ərazilərinin işğalı faktına və bu faktın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi ilə tanınmasına baxmayaraq, Fransanın 1997-2020-ci illərdə ATƏT-in Minsk qrupunda həmsədrliyi dövründə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həllini tapmasından daha çox işğal nəticələrinin və bölgədəki status-kvonun saxlanmasına töhfə verdiyi yaxşı yadımızdadır.
Bu baxımdan hazırkı postmünaqişə vəziyyətində belə əvvəlki siyasətindən imtina etməyən Fransanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər barədə bugünkü bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndiririk.
Şərhdə, həmçinin vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı da anti-Azərbaycan mövqeyi və bəyanatları ilə seçilən Fransanın, münaqişədən sonrakı vəziyyətdə bölgədə sülh quruculuğu səylərindən kənarda dayanaraq, prosesə yalnız mənfi təsir göstərən açıqlamalar verməsi, separatizmi dəstəkləyən mövqe göstərməsi ilə özünü regiondan daha da təcrid etməsi yaxşı məlumdur. Fransanın bugünkü mövqeyi bu ölkənin müstəmləkə bölgələrində bu gün üzləşdiyi mövcud vəziyyətdən dərs almadığını və bu məsələdə əvvəlki davranış və siyasətini davam etdirdiyini göstərir.
Sonda qeyd edilirki, Fransa rəsmiləri, Milli Assambleyası və Senatı Azərbaycana qarşı bəyanatlar verilməsi və sənədlərin qəbulunda Ermənistandan daha fəal çıxış edirlər. Fransanın islamofob və anti-Azərbaycan siyasəti, onun daxili işlərimizə qəbuledilməz müdaxiləsi göstərir ki, Fransa regiondan nə qədər uzaq olsa, region üçün bir o qədər yaxşı olar.
XQ