Baş Prokurorluğun müraciət və açıqlaması

post-img

 “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir. Bu barədə Baş Prokurorluqdan XQ-yə verilən məlumatda bildirilir ki, aşağıdakı məlumatların yayılmasına yol verilmir:

– terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında; terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında; terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında; terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Terror aktları, eləcə də terror əleyhinə əməliyyatlarla bağlı yayılması qadağan edilən məlumatın internet informasiya ehtiyatında  yerləşdirilməsi inzibati xəta hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi) və fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər min manatdan 1500 manatadək məbləğdə inzibati cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

***

Baş Prokurorluğun açıqlamasında isə bildirilir ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri Şuşa şəhərini iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutmuşdur. Törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən həlak olub.

Baş Prokurorluq Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrlə cinayət işi başladaraq ibtidai istintaqın aparılmasını istintaq idarəsinə həvalə edib.

Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri davam etdirilir.

XQ

 

Son xəbərlər