Zamanın coğrafiyası...

post-img

I YAZI

İnsan zamanı ölçər, zaman da insanı.
İtalyan atalar sözü

Zaman haqqında nə bilirik? “Bizdən əvvəl olan, bizdən sonra da olacaq” deyəcəksiniz. Doğrudur, amma bununla belə, zamanın da öz dilinin olduğunu bilirikmi? Zamanın bizə necə nəzarət etməsindən xəbərimiz varmı? Bəs zamanın idarə edilməsinin iqtisadi inkişafla birbaşa əlaqəsinin olması barədə düşünmüşükmü?Bu və ya digər maraqlı suallara cavab tapmaq üçün sizi zamanın coğrafiyasını qələmə almış amerikalı Robin Levinin kitabı ilə tanış etmək istəyirik.

Zamanın qaydaları var, hər birimizi çərçivəsinə salar, özümüz də bilmədən bizi idarə edər. Necə? Hər şey çox sadədir, doğuluşumuz, ilk ana südü içməyimiz, məktəbə, işə, xəstəxanaya, banka, restorana getməyimiz zamanla müşayiət olunur. Bəli, zaman sosial həyatın təməl daşıdır, yazır Robin Levin. Zamanın həyatımız üzərində damğası böyük və ağırdır.

Amma zamanın idarə olunmasında bütün ölkələr tərəzinin eyni gözündə deyillər. Araşdırmalar göstərir ki, milli mentalitet və yaşam tərzi ölkədən ölkəyə dəyişir. Məsələn, Yaponiyada yaşam sürəti insanların zamanın əsarətində olmadıqlarını göstərir. "Gündoğar" ölkədə daha çox zamana nəzarət etməyi sevirlər. Daha doğrusu, yaponların zamanla davranışları, məsələn, fransızların davranışlarından fərqlənir. Amma yaponların iş həyatına sərf etdikləri zamanla istirahətə ayırdıqları zamanı müqayisə etdikdə Yaponiyada iş zamanının hökmranlığı aydın şəkildə görünür.

Robin Levin burada incə məqamlara toxunur. Yaponların nədən bu qədər çalışqan olmalarının səbəblərini açıqlayır. Araşdırmalar göstərir ki, Yaponiyada yaşam sürəti dünyadakı ən zorlayıcı sürətlərdən biridir. Yaponlar yalnız sürətli çalışmırlar, həm də çox çalışırlar. Tətillərdən qaçır və təqaüdçü olmaqdan qorxurlar. Cənab Levin yazır ki, yaxşı çalışan işçi üçün  ən yaxşı mükafat çalışdığı şirkətin məcburi pensiya yaşından azad olunmasıdır. Etiraf edək ki, Qərbdə, elə bizdə də çoxlarının arzulamadığı mükafatdır.

Bəs necə olur ki, bir ölkədə insanlar daha sürətli, daha çevik olurlar, digər ölkələrdə isə əksinə, yavaş və mütəvazi davranırlar? R.Levin bu davranışların kökündə cəmiyyətin zamana münasibətin dayandığını qeyd edir. Müəllif yazır ki, universal olaraq uşaqlar böyüdükləri cəmiyyətin tez və gec, gözləmək və tələsmək, keçmiş, indi və gələcək anlayışlarını mənimsəyirlər. Buna nümunə olaraq R.Levin böyüdüyü Bruklin şəhərində uşaqlara zamanla necə davranmalı olduqlarını öyrədilməsini misal çəkir. Müəllif yazır ki, Bruklində insana ya tələsməsinin, ya da yoldan çəkilməsininn vacibliyi hələ uşaq yaşlarında öyrədilir.

Burada müəllif məsələnin maraqlı tərəflərini ortaya çıxarmaq üçün belə bir sual da verir: konkret ərazinin və ya mədəniyyətin hansı xüsusiyyətləri onu digərlərindən daha yavaş ya da sürətli edir? Etiraf edim ki, cavab çox təəccübləndirici və düşündürücüdür. R.Levin yazır ki, insanlar iqtisadiyyatlara, yüksək sənayeləşmə faizlərinə, böyük əhaliyə və daha sərin iqlimlərə sahib olan, fərdiliyə doğru mədəni meyllik göstərən yerlərdə daha sürətli hərəkət edirlər. Daha bir maraqlı nəticə: ölkənin iqtisadiyyatı nə qədər sağlamdırsa, tempi də bir o qədər sürətlidir. Amma ən maraqlı nəticələrdən biri də budur ki, şəhər böyüdükcə, həmin şəhər sakinlərinin zaman dəyərləri də həyat bahalığı ilə birlıkdə artır. Bununla da zamandan idarəli istifadə etməyin əhəmiyyəti artır və həyat getdikcə daha tələskən və əsəbi olur. Bu mövzuda aparılan araşdırmalardan R.Levin belə qənaətə gəlir ki, konkret yerin tempinin bir nömrəli təyinedicisi iqtisadiyyatdır. Buna görə də, təsadüfi deyil ki, ən sürətli adamlar Şimali Amerikada, Şimali Avropada və Asiya ölkələrində yaşayırlar. Bunun əksini isə, qeyd etdiyimiz kimi, üçüncü dünya ölkələrində, xüsusilə də Cənubi və Orta Amerikada, həmçinin Yaxın Şərqdə görmək mümkündür.

Burada R.Levin daha bir maraqlı ziddiyyəti üzə çıxarır. Müəllif yazır ki, ölkə inkişaf etdikcə, günlük asudə vaxt da azalır. "Bu, necə qaydadır ki?" sualını verərək, bu ziddiyyətə aydınlıq gətirməyə çalışan R.Levin düşünür ki, bunun səbəbi istehsalın avtomatlaşdırılmasındadır. Belə ki, zamana olan qənaət artdıqca insanlar üzərindəki zaman təzyiqi də artır. Müəllif xatırladır ki, tarixi baxımdan Qərb dünyasının tempindəki sürətlənmədə dönüş nöqtəsi sənaye çevrilişi olmuşdu. Lakin ağır əməyin iztirablarından xilas olan qərbli sonradan zaman azlığı kimi sosial problemlə üzləşdi. RLevin yazır: "Zamana qənaət etməyə imkan verən bütün kəşflərə rəğmən insanların özlərinə ayıracaq vaxtlarının əvvəlkindən daha az olması müasir dünyanın ən böyük istehzalarından biridir".

Bəli, sürətli işləmək, yaxşı pul qazanmaq, ancaq bunun müqabilində zaman azlığından şikayət etmək-müasir dünyanın gətirdiyi yeni acı reallıqdır. T.Levin bunu da əlavə edir ki, Orta əsrlərdə həyatın əsasən soyuq və qaranlıq olduğu təsvir edilir, ancaq həmin çağda yaşayan insanların daha çox sahib olduqları yeganə şey boş zaman idi. İndi vəziyyət tam fərqlidir, bu gün müasir insan zamanın əsarətindədir. Tərəqqi müasir insanın yaşayış səviyyəsini artırsa da, asudə vaxtını "qandalladı". 

Qəribə görünsə də, iş yükünün azalmasna səbəb olan kəşflər insanı bol asudə vaxtından da məhrum etdilər. Araşdırmalara söykənərək R.Levin yazır ki, 1920-ci illərdə fermer ər-arvadın elektrik enerjisi olmadığına  rəğmən ev işlərinə ötən əsrin ikinci yarısında şəhərətrafında yaşayan, bütün müasir avadanlığa malik olan qadınlardan daha az zaman sərf etdiyini göstərir. "Bunun bir səbəbi hər texniki inkişafın bərabərində müəyyən gözləntiləri də artırmasıdır"- yazan müəllif maraqlı nümunə də çəkir. R.Levin yazır: "XVII əsrin sonlarında Hollandiyada ucuz pəncərə şüşəsi geniş yayıldığında ev içində toplanan kir daha çox nəzərə çarpmağa başladı. Hazırda elektrik süpürgəsi və buna bənzər məhsullar insanların təmizlik standartlarını çox yüksəklərə qaldırdı. Ancaq bunu həyata keçirərkən insanların ev tozu və bakteriyaları ilə mübarizəyə zaman xərcləmələrini də tələb etdi.

Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, sənayeləşmə "artıq zaman"dan "zaman bolluğuna", oradan da "zaman qıtlığına" doğru universal bir irəliləyiş "istehsal" edir. Son nəticə də insan həyatının tempi üzərində cəmləşir. Yəni daha çox istehsalın və istehlakın nəticəsi olaraq artan bir zaman qıtlığı ortaya çıxır. R.Levin bunun işləmə mexanizmini belə təsvir edir: İstehsalda məhsuldarlığın artması hər fərdin saatbaşı istehsalının da artması anlamına gəlir, artan istehsal isə...sistemin davamını təmin etmək üçün daha çox məhsul tükətməyimizi şərtləndirir. Bu halda asudə vaxt istehlak zamanına dönür, çünki həm istehsala, həm də istehlaka sərf olunan zaman boş yerə xərclənmiş kimi qəbul edilməyə başlanılır...Zamanın dəyərindəki artım (zaman qıtlığının artması) subyektiv olaraq temp və ya sürətdəki artım kimi hiss edilir.

ardı var

Səbuhi MƏMMƏDOV

XQ

Maraqlı