Mədəniyyət paytaxtımız Şuşada növbəti Vaqif Poeziya Günləri keçiriləcək

post-img

İyulun 17-19-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək.

Poeziya bayramına rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılacaqlar.

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi, Şuşa Şəhər İcra Hakimiyyətinin qarşısı və Şuşa Otel-Konqres Mərkəzində tədbirlər təşkil ediləcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Ulu Öndər Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.
 

Mədəniyyət