Sentyabrın 16-19-da Ufada MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XVII Forumu keçiriləcək. Tədbirdə iştirak etmək üçün Birlik ölkələrinin iki yüzə yaxın nümayəndəsi Başqırdıstan Respublikasının paytaxtına gələcək.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının forumları Birlik məkanında ən böyük illik humanitar tədbirlərdir, burada ötən ilə yekun vurulur, birgə fəaliyyət planları müzakirə olunur, elm, təhsil, mədəniyyət, informasiya, turizm, idman, gənclərlə iş sahəsində qarşılıqlı fəaliyyət ilə bağlı ən aktual məsələlər üzrə tövsiyələr işlənib hazırlanır.
Forumlar 2006-cı ildən bəri növbə ilə müxtəlif ölkələrdə keçirilir. Rusiya yaradıcı və elmi ziyalılarının forumuna dördüncü dəfədir ev sahibliyi edir. Tədbirlər üç dəfə Moskvada keçirilib. Ufa ilk dəfədir foruma ev sahibliyi edir.
İndiki XVII Forumun “Müstəqil Dövlətlər Birliyi: ümumi dəyərlər və mədəniyyətlərin müxtəlifliyi” mövzusu müasir reallıqları nəzərə almaqla əməkdaşlıq planlarının müzakirəsi və fəaliyyətin prioritet istiqamətlərinin və formalarının müəyyən edilməsini nəzərdə tutur.
Plenar iclaslarda və profil bölmələrdə elm, təhsil və incəsənət xadimləri peşəkar qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri: təhsil sahəsində yeni əməkdaşlıq formatları, könüllülük - cəmiyyətin inkişaf resursu kimi, mədəniyyətlərarası dialoqun formalaşmasında inteqrasiya proseslərini müzakirə edəcəklər.
Forum çərçivəsində MDB-nin profil humanitar birliklərinin rəhbərlərinin görüşləri keçiriləcək. Kinematoqraflar, yaradıcı ali məktəblərin rəhbərləri, inklüziv layihələrin təşkili üzrə mütəxəssislər dəyirmi masalar keçirəcəklər.
Ənənəvi olaraq forumun keçirildiyi vaxtda Birliyin humanitar əməkdaşlığının rəhbər orqanlarının nümayəndələri: Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin görüşü keçiriləcək.
İncəsənət, elm və təhsil sahəsində görkəmli nailiyyətlərə görə verilən MDB-nin əsas Dövlətlərarası mükafatı olan “Birlik ulduzları”nın laureatlarının təntənəli mükafatlandırma mərasimi Forumun kulminasiyası olacaq. MDB-nin gənclər mükafatı olan “Debütlər birliyi”nin laureatları da mükafatlarını alacaqlar.
Forumun işində Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Birlik ölkələrinin profil nazirlikləri və idarələrinin rəhbərlərinin iştirakı planlaşdırılır.
Forumun təşkilatçıları – MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyidir.