Bəşəriyyət II Dünya müharibəsindən bəri ən yüksək hərbi əməliyyatlar səviyyəsi ilə üz-üzədir

post-img

Dünyada münasişələr artmaqda davam edir.

AZƏRTAC İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən hazırlanmış Qlobal Sülh İndeksində (GPI) qeyd olunan məlumatlara istinadla xəbər verir ki, İkinci Dünya müharibəsindən bəri dünyada sülhün bu qədər aşağı indeksli səviyyəsi qeydə alınmayıb.

2023-cü ildə münaqişələrin səbəb olduğu ən azı 162 min ölüm hadisəsi qeydə alınıb ki, bu da son 30 ildə ikinci ən yüksək göstəricidir.

2024-cü ilin ilk dörd ayında dünyada münaqişələr nəticəsində ölənlərin sayı 47 minə çatıb və bu tendensiya davam edərsə, 1994-cü ildəki Ruanda soyqırımından bəri ən çox ölüm qeydə alınacaq.

Bu, son 16 ildə Qlobal Sülh İndeksi tərəfindən dünyada sülhün səviyyəsi ilə bağlı qeydə alınan on ikinci pisləşmədir. GPI, sülhün səviyyəsini ölçmək üçün cəmiyyətlərdə təhlükəsizlik səviyyəsini, davam edən daxili və beynəlxalq münaqişələrin miqyasını və ölkələrin hərbiləşmə dərəcəsini təhlil edən 23 göstəricidən istifadə edib.

Ukraynada və Qəzza zolağında gedən döyüş əməliyyatlarından savayı, dünyada daha 54 aktiv münaqişə ocağı mövcuddur. İğtişaşlar getdikcə beynəlxalq xarakter alır: 92 ölkə öz sərhədlərindən kənarda baş verən döyüşlərdə iştirak edir ki, bu da GPI-nin tərtib edilməsindən bəri ən yüksək göstəricidir.

IEP-in icraçı direktoru Maykl Kollinzin bildirdiyinə görə, bu, müharibənin texnoloji təkamülünə cavab reaksiyasıdır. “İndi kiçik qruplar və ya orta qüvvələr kiberhücumlardan və ya dron texnologiyalarından istifadə etməklə, peşəkar ordu ilə mübarizə apara bilirlər. Bu isə eyni münaqişədə müxtəlif iştirakçıların sayının artmasına kömək edir”, - o deyib.

Bunlar həm də son onilliklərdə olduğu kimi tərəflərdən hər hansı birinin qəti qələbəsi və ya sülh razılaşmaları ilə bitməyən, qeyri-müəyyən müddətə uzanan münaqişələrdir.

“Ölkənin iqtisadi rifahı zorakılıq səviyyəsi ilə tərs mütənasibdir. Silah satmaqla və geosiyasi mövqelərini müəyyən etməklə şəraitdən faydalanan bəzi ölkələr olsa da, müharibədə iştirak heç kimin maraqlarına cavab vermir”, - deyə Kollinz əlavə edib: “Sülh səviyyəsinin yüksək olduğu yerdə iqtisadi gəlirlilik də yüksəkdir. Zorakılıq halları məhsuldarlıqda kəsirin yaranması, itirilmiş gəlir və xərclərin artması şəklində iqtisadi itkilərə səbəb olur”.

2023-cü ildə zorakılığın qarşısının alınması, dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər və iqtisadi səmərəlilik 17,5 trilyon avro təşkil edib. Bu, keçən ilə nisbətən 145 milyard avrodan çox artım deməkdir. Sülh quruculuğu və sülhün qorunması xərcləri 45,6 milyard avro təşkil edib ki, bu da ümumi hərbi xərclərin 0,6 faizindən azdır.

Dünya