2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə olundu

post-img

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirdi. 

Komitə sədri diqqətə çatdırdı ki, “Bü­dcə sistemi haqqında” Qanunda dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi dövlət büdcə­sinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcə­sinə yenidən baxılma halları müəyyən edilib. O bildirib ki, büdcəyə ediləcək düzəlişlərlə bağlı parlamentə daxil olan sənədlərdə 2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizli­yinin gücləndirilməsinin, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tət­biqinin və digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələ­batını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz və qeyri-neft, qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd olunub. Bununla yanaşı, yenidən baxılan dövlət büdcəsinin əsas parametrləri, o cümlədən xərc və gəlirlə­rində dəyişikliklərin edilməsi ilə bağlı qra­fik göstəricilər də öz əksini tapıb.

Sonra maliyyə naziri Samir Şəri­fov 2023-cü ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər barədə ətraflı mə­lumat vedri. O, bildirdi ki, Prezident İlham Əliyev tərəfindən cari ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı əlavə maliyyə təminatının yaradılması, bununla əlaqədar olaraq ölkənin mü­dafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, dövlət borcu­nun idarə edilməsi üzrə yeni yanaşma­nın tətbiqi və digər zəruri xərclərlə bağlı dövlət büdcəsi qarşısında yeni vəzifələr qoyulub. 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi cari ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, cari və orta müddətli makro-iqtisadi və fiskal da­yanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət kon­yunkturası şəraitində artımının davam et­dirilməsi ilə bağlı hədəflər gözlənilməklə tərtib olunub.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədləri­nin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləş­dirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə tə­minatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə 1105,0 milyon manat vəsait tələb olunur. Cari ilin döv­lət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3000,0 milyon manat vəsait nəzər­də tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2260,0 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zə­rurət yaradıb.

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağ­lı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774,0 milyon manata qarşı 3005,0 milyon manat və ya 9,8 faiz artırılaraq 33779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məb­ləğində xərcləri 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36568,8 milyon ma­nata çatdırılacaq. Dövlət büdcəsinin kəsi­ri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 210,0 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat olacaq. Yenidən baxılmış 2023-cü il dövlət büd­cəsinin kəsiri 210,0 milyon manat artırıla­raq 2789,3 milyon manat məbləğinə çat­dırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin istiqaməti barədə məlumat verdi.

Sonra Əmək və əhalinin sosial mü­dafiəsi naziri Sahil Babayev Dövlət So­sial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dürüstlədirilmiş büd­cələri barədə fikirlərini açıqladı. O, ölkə Prezidentinin sosial sahədə islahatların həyata keçirilməsi ilə bağlı sərəncam­larının qüvvəyə mindiyini, bu islahatlar çərçivəsində icra olunan proqramların əksəriyyətinin 2023-cü ilin büdcəsində nəzərdə tutulduğunu söylədi. DSMF-in büdcəsində dürüstləşmənin 4 milyon manat nəzərdə tutulduğunu deyən nazir, qeyd etdi ki, burada əsasən, müsbət de­moqrafik dəyişikliklə bağlı uyğunlaşdırma aparılır.

İclasda çıxış edən iqtisadiyyat naziri­nin müavini Sahib Məmmədov makro-iq­tisadi göstəricilərlə bağlı bir sıra məqam­lara toxundu və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcə­si haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar palatanın rəyini təqdim etdi.

Təqdim edilən məsələlər ətrafında aparılan müzakirələrdə çıxış edən depu­tatlar 2023-cü ilin dövlət büdcəsinə tək­lif olunan dəyişikliklərlə bağlı öz fikir və qeydlərini səsləndirdilər. 

Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İqtisadiyyat nazi­rinin müavini Sahib Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətiriblər. 

Müzakirələrin sonunda gündəlikdə­ki qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olun­du.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Son xəbərlər