Kvant fizikası sahəsində dünyanın aparıcı alimləri arasında aparılmış ən böyük sorğu bu sahədə fiziki reallığın təbiəti ilə bağlı əsaslı fikir ayrılığını üzə çıxarıb. Nature jurnalının təşəbbüsü ilə keçirilən sorğuda təxminən 1 100 alim iştirak edib. Nəticələr göstərir ki, kvant mexanikasının fundamental təməli kimi qəbul edilən bəzi anlayışlar barədə elmi konsensus hələ də formalaşmayıb.
Sorğunun əsas sualı: Reallıq nədir?
Sorğunun mərkəzi suallarından biri “kolaps” fenomeni ilə bağlı olub — bu, kvant obyektinin ölçülməsi zamanı onun dalğa funksiyasının ani dəyişməsi ilə bağlıdır. Klassik misal kimi Şrödingerin pişiyi göstərilir: o, ölçmə anına qədər eyni anda həm “canlı”, həm də “ölü” kimi qalır və yalnız müşahidə edildikdə onun real vəziyyəti müəyyən olunur.
Bu, elm və fəlsəfə baxımından ciddi müzakirə mövzusudur, çünki müşahidəçinin iştirakı obyektin real vəziyyətinə təsir göstərmiş kimi görünür. Bu isə reallığın obyektivliyini sual altına salır.
Əsas yanaşmalar: Kopenhagen, çoxdünya və daha artığı
Sorğu nəticələrinə görə:
36% alim Kopenhagen interpretasiyasının tərəfdarıdır: onlara görə, ölçmə anında obyektin fiziki vəziyyəti real olaraq dəyişir.
Amma bu mövqedə olanların yalnız 18%-i buna tam və ya qismən əmindir.
47% isə bu interpretasiyanı praktik hesablamalar üçün faydalı model sayır, lakin onu fiziki reallıq kimi qəbul etmir.
15% alim çoxdünya (many-worlds) interpretasiyasını müdafiə edir. Bu yanaşmaya görə, ölçmə nəticəsində bir neçə paralel dünya yaranır – məsələn, birində pişik sağ qalır, digərində isə ölür.
7% isə de Broyl-Bom nəzəriyyəsinin tərəfdarıdır: bu modellə obyektin bütün parametrləri ölçmədən əvvəl də mövcuddur, sadəcə ölçmə onları üzə çıxarır. Lakin bu yanaşmanın neloqallıq problemi var – bəzi hallarda o, uzaq məsafələrdə ani təsir tələb edir. Digər zəif nöqtə isə budur ki, bəzi versiyalarında ölçülən reallıq yalnız müşahidəçiyə aiddir, başqaları üçünsə sanki o, mövcud deyil.
Alimlər nə düşünürlər? Reallıq, yoxsa, sadəcə, riyazi model?
Nyu Meksiko Universitetindən fizik-teoretik Karlton Keyvs vəziyyəti belə dəyərləndirib: “Bu, utancvericidir ki, biz insanlara ‘reallıq nədir’ sualına cavab verə biləcək vahid hekayə təqdim edə bilmirik.”
Digər alimlər isə bu fərqliliyi müsbət hal kimi dəyərləndirir, “yaradıcılıq üçün zəmin” olduğunu düşünürlər.
Nəticə: Kvant nəzəriyyəsi hələ də natamamdır
Mütəxəssislərin çoxu hazırkı kvant mexanikasının tam olmaması fikrində həmrəydir. Mövcud nəzəriyyələr bəzi prosesləri izah edə bilir, lakin onların fiziki əsaslandırılması və konseptual tamlığı sual altındadır.
Böyük ehtimalla, gələcəkdə daha əhatəli və tutarlı bir nəzəriyyə formalaşdıqda, bu yalnız elmi anlayışların dərinləşməsinə deyil, həm də kvant kompüterləri kimi tətbiqi sahələrin inkişafına təkan verəcək. Hazırda bu texnologiyalar barədə çox danışılır, lakin onların praktik tətbiqində ciddi texniki və nəzəri çətinliklər qalmaqdadır.
Elm insanları üçün, bəzən ən böyük sual “nə edə bilərik?” yox, “əslində nə baş verir?” sualıdır. Kvant fizikası isə bu sualı cavablandırmaqda hələ də yolun əvvəlindədir.
Hazırladı:
Səbuhi MƏMMƏDOV
XQ