Azərbaycan-ABŞ münasibətləri prezidentlərin təmaslarında - TƏHLİL

post-img

Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir.

Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır.

AZƏRTAC Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışıqlarına, qarşılıqlı məktublara və ikitərəfli münasibətlərin dinamikasına nəzər salır.

Dövlətimizin başçısı İlham Əliyev prezident seçilməsi münasibətilə 2024-cü il noyabrın 6-da Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. O, Donald Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev, həmçinin qeyd edib: “Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”.

Bu fikirlər Prezident İlham Əliyevin ABŞ-la əlaqələrə strateji yanaşmasının və iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində siyasi iradəsinin göstəricisidir. Azərbaycanın müxtəlif sahələrdə, xüsusilə enerji, təhlükəsizlik və rəqəmsal transformasiya kimi önəmli istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyəti, regional və qlobal sabitlik üçün ciddi əhəmiyyət daşıyır. Prezidentin bu mesajı, həm də ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan və faydalı tərəfdaşlığın davam etdirilməsinə olan inamın təzahürüdür.

Azərbaycan Prezidenti, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə 2024-cü il noyabrın 25-də Donald Trampa telefonla zəng edib. Prezident İlham Əliyev telefon danışığında vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentliyi dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu ifadə edib.

Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə ünvanladığı 2025-ci il 21 yanvar tarixli  məktubunda onun gələcək fəaliyyətinin dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.

Dövlətimizin başçısı Birləşmiş Ştatlarla əməkdaşlığın perspektivlərinə toxunaraq qeyd edib: “Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir”.

Prezident İlham Əliyevin təbrik məktubunda yer alan bu fikirlər Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişafına dair strateji baxışı əks etdirir. Dövlətimizin başçısının qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək barədə fikirləri iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə dair siyasi iradənin göstəricisidir. Bu, həm də Azərbaycanın Birləşmiş Ştatlarla münasibətləri təkcə mövcud sahələrdə deyil, yeni əməkdaşlıq istiqamətlərində də genişləndirmək istəyini ortaya qoyur.

İki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha bir təzahürü kimi Prezident İlham Əliyevin Vaşinqton yaxınlığında baş vermiş faciə ilə əlaqədar 2025-ci il yanvarın 30-da Prezident Donald Trampa başsağlığı məktubu ünvanlamasını göstərmək olar. Sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində çoxsaylı insan tələfatına səbəb olan bu hadisə ilə bağlı Azərbaycan Prezidenti öz adından və xalqımız adından ABŞ Prezidentinə, həlak olanların ailələrinə və Amerika xalqına dərin hüznlə başsağlığı verib. Bu da bir daha göstərir ki, Azərbaycan–ABŞ əlaqələri təkcə siyasi və iqtisadi deyil, həm də humanitar və insani cəhətdən səmimiyyətə və həmrəyliyə əsaslanır.

Bu məqamda Prezident İlham Əliyevin cari il yanvarın 20-də Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də diqqətəlayiqdir. Dövlətimizin başçısı ABŞ-da administrasiya dəyişikliyi ilə bağlı narahatlıqlar barədə sualı cavablandırarkən deyib: “Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Dövlətimizin başçısı Qərb liderlərinin Prezident Trampa qarşı çox ədalətsiz olduqlarını vurğulayaraq bildirib: “Sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”.

Azərbaycan Prezidentinin nikbin və əmin mövqeyi regional, qlobal sabitlik baxımından mühüm əhəmiyyət daşıyır, həmçinin gələcək əməkdaşlığın daha da genişlənəcəyinə inamı gücləndirir. Eyni zamanda, bu sözlər Azərbaycan diplomatiyasının uzunmüddətli strateji məqsədlərinə sadiqliyini və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin səsləndirdiyi bu nikbin fikirlərdən sonra, bu il martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə də ABŞ-Azərbaycan münasibətlərinə dair eyni mövqe bir daha təsdiqləndi. Prezident diqqətə çatdırdı ki, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Bu mövqeyin bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.

Bu açıqlama Azərbaycan tərəfinin strateji əməkdaşlığın bərpası və inkişafı üçün möhkəm siyasi iradəsini bir daha nümayiş etdirir və iki ölkə arasında etimadın yenidən qurulması istiqamətində atılan addımların davamlılığını göstərir.

Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yönəlmiş qarşılıqlı siyasi iradə ABŞ-dan verilən yüksəksəviyyəli mesajlarda da öz əksini tapır. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə 2025-ci il aprelin 10-da ünvanladığı məktubda Azərbaycanla Amerika arasında birgə fəaliyyətin zəngin tarixə malik olduğunu vurğulayıb, qarşıdakı illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini bildirib. O, Azərbaycanın və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışladığını deyib. Donald Tramp, həmçinin qeyd edib: “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

ABŞ Prezidenti Donald Trampın məktubu iki ölkə arasında mövcud olan tərəfdaşlığın dərinliyini və gələcək əməkdaşlıq imkanlarına olan inamı nümayiş etdirir. Trampın Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək ifadəsi, bu münasibətlərin davamlılığını və dayanıqlılığını təsdiqləyir. O cümlədən regionda sülhün bərqərar olması üçün atılan addımlara verilən müsbət qiymət ABŞ-ın Cənubi Qafqazda sabitlik və əməkdaşlıq tərəfdarı olduğunu göstərir. Məktubda qarşılıqlı fəaliyyətə dair yer alan nikbin fikirlər iki ölkənin gələcəkdə birgə uğurlu təşəbbüslər həyata keçirəcəyinə dair güclü siyasi iradənin göstəricisidir.

ABŞ Prezidenti Donald Trampın Müstəqillik Günü münasibətilə 2025-ci il mayın 28-də Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha bir göstəricisidir. ABŞ Prezidenti həmin məktubunda bir sıra vacib fikirlər ifadə edib: “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək.

ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”.

ABŞ Prezidentinin Azərbaycanla birgə əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi, iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını ortaya qoyur. Eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Bu mesaj qarşılıqlı anlaşma və etimad əsasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə dərin inam yaradır.

Dövlətimizin başçısının Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa cari il iyulun 1-də ünvanladığı təbrik məktubunda da bir sıra mühüm və strateji əhəmiyyətli mesajlar yer alıb. Prezident İlham Əliyev Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi önəm verildiyini bildirərək vurğulayıb: “Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyasına, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə ABŞ-ın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk”.

Prezident, həmçinin bu gün ölkələrimiz arasında dostluq əlaqələrini və tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanların olduğunu bildirərək deyib: “İqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”.

Prezident İlham Əliyevin məktubunda ABŞ ilə əməkdaşlığın konkret sahələrinin, xüsusilə enerji və yüksək texnologiyalar üzrə inkişaf potensialının vurğulanması, münasibətlərin yalnız keçmiş təcrübə ilə deyil, gələcəyə yönəlik strateji baxışla formalaşdırıldığını göstərir. Bu yanaşma tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradır.

2025-ci il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş zamanı Prezident İlham Əliyevin ona ünvanlanan suallara verdiyi cavablar dünya ictimaiyyətində geniş maraq doğurub. Xüsusilə Prezidentin ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə dair səsləndirdiyi fikirlər Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri baxımından mühüm mesajlar kimi qiymətləndirilə bilər.

Gözləntilərin böyük olduğunu xüsusi qeyd edən Prezident İlham Əliyev deyib: “Ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.

Xankəndidə səslənən bu fikirlər, əslində, təkcə bir müzakirənin deyil, yeni diplomatik dövrün konturlarını cızdı. Prezident İlham Əliyevin ABŞ-Azərbaycan münasibətlərinə dair sualı cavablandırarkən verdiyi açıq, qətiyyətli və gələcəyə yönəlik mesajları Xankəndidən Vaşinqtona ünvanlanan siyasi ismarışlar kimi qiymətləndirilə bilər.

Bütün bu fikirlərin diplomatik çəkisi və regional əks-sədası özünü çox keçmədən göstərdi. Elə bu baxımdan ABŞ Prezidenti Donald Trampın verdiyi reaksiya xüsusi diqqətə layiqdir. Bu il iyulun 22-də ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni paylaşıb.

Bu paylaşım bir tərəfdən Prezident İlham Əliyevin fikirlərinə verilən açıq və rəsmi bir cavab, digər tərəfdən isə ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymaqda olduğuna dair mühüm bir mesaj kimi dəyərləndirilə bilər. Trampın bu jesti, sadəcə, diplomatik nəzakət deyil, həm də strateji tərəfdaşlığa verilən dəyərin göstəricisi kimi qəbul olunur. Bu, iki ölkə arasında qarşılıqlı hörmətə və siyasi iradəyə əsaslanan dialoqun dərinləşdiyini göstərən daha bir vacib nümunədir.

Bu kontekstdə 2025-ci il  iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsində yaydığı təşəkkür mesajı xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Trampın onun Şuşa Forumundakı çıxışından sitat paylaşmasına münasibət bildirərək qeyd edib: “Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.

Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”.

Bu təşəkkür mesajı Azərbaycan-ABŞ münasibətlərinin yalnız keçmişdəki təməl üzərində deyil, eyni zamanda, gələcək üçün dayanıqlı əməkdaşlığa yönəlik siyasi iradəyə əsaslandığını bir daha sübut edir. Dövlət başçılarının bu cür qarşılıqlı rəyi və təşəkkürü münasibətlərin dərinləşməsi baxımından mühüm diplomatik mesajdır.



Siyasət