Moldovanın Avropa İttifaqına (Aİ) ixracı rekord həddə çatıb. Ölkənin iqtisadi inkişaf naziri, baş nazirin müavini Doyna Nistorun sözlərinə görə, bu gün Moldovanın ixracının 67%-dən çoxu Avropa İttifaqı ölkələrinin payına düşür. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə bu göstərici cəmi 46,8% təşkil edirdi.
Əvəzində, MDB ölkələrinə ixrac kəskin şəkildə azalıb: 38%-dən 6,8%-ə enib. Rusiya bazarına yönəlmiş ixrac isə cəmi 3,3%-ə düşüb.
Nazir qeyd edib ki, bu dönüş təsadüfi deyil — bu, illərlə yürüdülən məqsədyönlü iqtisadi strategiyanın nəticəsidir. Xüsusilə 2016-cı ildə qüvvəyə minmiş Aİ ilə Dərin və Hərtərəfli Azad Ticarət Zonası Sazişi mühüm rol oynayıb. Bu razılaşma gömrük rüsumlarının əksəriyyətini ləğv edərək Moldova məhsullarının Avropa bazarına çıxışını xeyli asanlaşdırıb.
2022-ci ildə Avropa Komissiyası tərəfindən qəbul edilən müvəqqəti ticarət azadlaşdırması da Moldovanın kənd təsərrüfatı məhsullarının Aİ bazarına çıxışını genişləndirən əlavə bir stimul olub.
Doyna Nistor bildirib ki, Moldova Avropa istehsal standartlarını fəal şəkildə tətbiq edir. Sahibkarlar avropaya ixrac üçün istehsalat sahələrini modernləşdirir, məhsulların keyfiyyəti və təhlükəsizliyi üzərində ciddi işləyirlər.
Xüsusilə meyvə ixracı üçün kvotaların artırılması Moldova üçün yeni imkanlar açır. Nazir əmindir ki, yaxın illərdə Aİ-yə ixrac daha da artacaq və Moldova Avropa iqtisadi məkanında öz mövqeyini daha da möhkəmləndirəcək.
S.ELAY
XQ