Avqust ayının 5-də Dövlət Sərhəd Xidməti aparatında Baş Prokurorluqla birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.
XQ xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun nümayəndələri iştirak etmiş, mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparmışlar.
Çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfi halların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eyni zamanda dövlətin imici və beynəlxalq nüfuzu üçün də ciddi təhlükə yaratdığını vurğulamış, hüquqi, demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeyd etmişlər.
Bildirilmişdir ki, müstəqillikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində bu sahədə mübarizənin hüquqi bazası möhkəmləndirilmiş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın qarşısının alınması məqsədilə preventiv mexanizmlər təkmilləşdirilmiş, vətəndaş məmnunluğunun və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Tədbirin sonunda bu sahədə maarifləndirmə, təlim, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmış, korrupsiyaya qarşı mübarizəyə dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.