Yerli özünüidarəetmə orqanlarına seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib

post-img

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonu üzrə yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib.

Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb və bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Şahbuz rayonu üzrə bələdiyyələrdə təmsil olunanların 40 faizinin qadınlardan ibarət olduğunu deyib. Bildirib ki, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu məqsədlə ardıcıl tədbirlər həyata keçirilir. O, yerli özünüidarəetmə orqanlarının cəmiyyətin gündəlik problemlərinə ən yaxın strukturlar olduğunu vurğulayıb.

Bələdiyyələrdə qadınların təmsilçiliyinə dair statistik məlumatları təqdim edən Komitə sədri bildirib ki, Şahbuz rayonu üzrə 1 şəhər, 1 qəsəbə və 22 kənd olmaqla, ümumilikdə 24 ərazini əhatə edən 4 bələdiyyə fəaliyyət göstərir ki, burada da üzvlərin 40 faizini qadınlar təmsil edir. Bələdiyyə sədrlərinin isə 25 faizi qadındır. 

Sonra digər çıxış edənlər qadınların yerli idarəetmədə fəallığının artdığını vurğulayıb, qadınlarımızın ictimai həyatda fəal iştirakının əhəmiyyətindən bəhs ediblər. 

Tədbirdə iştirakçılara müvafiq mövzuda məlumat kitabları paylanılıb. 

 

Son xəbərlər