Mirabo: inqilabçı və kralın gizli dostu

post-img

İnqilabın tribunundan kralın gizli müşavirliyinə uzanan ömür yolu

Səhnəyə tribun kimi çıxdı. Əlində xalqın səsi, qəlbində isə kralın məktubları vardı. Fransız inqilabının ilk simalarından olan Onore Mirabo həm inqilabın qəhrəmanı, həm də onun xəyanətkarı kimi tarixdə yer aldı. XVIII əsrin sonları. Fransada sülalə devrilməyə yaxın, xalq ayaqda, Versal sarayı çaşqın... Bu fonda yüksələn bir səs vardı: “Biz xalqın iradəsi ilə buradayıq və ancaq süngülərlə qovula bilərik!” Bu məşhur cümləni deyən Mirabo idi – sabiq dustaq, müflis zadəgan, tribun, və nəhayət, kralın gizli dostu.

Ancaq bu səsin arxasında nələr dayanırdı?

Sıxıntılarla dolu bir ailə və uşaqlıq

Markiz Viktor de Mirabo və Mari-Jenevyeva de Vassanın uğursuz evliliyindən doğulan Onore Qabriel 1749-cu ildə dünyaya gəldi. Doğulduğu gündən atasının nifrətinə tuş gələn bu uşaq, əyri ayaqları, böyük başı ilə atasına "eybəcər məxluq" kimi görünürdü. Bu münasibət Mirabonun gənclik illərinə də təsir etdi. O, təhsil aldığı pansionda soyadını belə daşımaq hüququndan məhrum edildi.

Gənclik: Asilik, həbs və qələmə sarılmaq

Draqun alayına qatılan Mirabo həyat tərzi və qadınlara olan marağı ilə tezliklə diqqət mərkəzinə düşdü. Əxlaqi qalmaqallar və borclar onu dəfələrlə atası tərəfindən həbsxanalara göndərilməyə vadar etdi. Həbs həyatının ən qalmaqallı mərhələlərindən biri Marsel yaxınlığındakı İf qalasında baş verdi. Burada o, hətta komendantın həyat yoldaşı ilə münasibət qurduğuna görə yeni həbsxanaya köçürüldü. Nəticədə Ju qalasında eyni ssenari təkrarlanır: sərbəst hərəkət imkanı, yeni tanışlıq və sonda qalmaqallı eşq macərası.

Bu eşq Sofi de Monniye ilə münasibətə çevrildi. Onların Hollandiyaya qaçışı cinayət işinə səbəb oldu: qadının ərinin şikayəti, oğurluq və qadını zorla qaçırmaq ittihamı, habelə həbsxanadan qaçmaq səbəbilə Mirabo ölüm hökmünə məhkum edildi. Hökm icra olunmasa da, o, uzun illər qaranlıq və rütubətli həbsxana divarları arasında keçirdi.

Həbsxanada ədəbiyyat doğulur

Bu illər ərzində Mirabo ədəbi fəaliyyətə başladı. Onun "Despotizm haqqında oçerk", "Möhürlü məktublar və dövlət həbsxanaları" kimi əsərləri böyük maraqla qarşılandı. Müəllif mütləqiyyətin ifşası ilə yanaşı, maarifləndirilmiş monarxiyanın ideyasını da təbliğ edirdi.

Azadlıq, məhkəmələr və inqilaba doğru

1782-ci ildə azadlığa çıxan Mirabo əvvəlcə arvadı və atasının ailəsi ilə uzun sürən məhkəmə çəkişmələrinə girişdi. Onun çıxışları Parisdə teatr səhnələrini kölgədə qoyurdu. Eyni zamanda bu çıxışlar təkcə ailə məsələləri ilə kifayətlənmirdi: Mirabo daim şəxsi hüquqlar və despotizmə qarşı çıxışlar edirdi.

Mirabo nəinki azadlığı, həm də nüfuz qazandı. Onun publisist yazıları Fransa ictimai rəyinə təsir göstərirdi. 1786-cı ildə Prussiyaya səfəri zamanı o, Avropa monarxiyalarını dərindən öyrənir və "Prussiya monarxiyası" əsərini qələmə alır.

İnqilabın tribununa çevrilən bir səs

1789-cu ildə Mirabo Baş Ştatlara Provansdan nümayəndə seçildi. Aristokratiya onu rədd etsə də, burjuaziya onu irəli sürdü. İyunun 23-də kral nümayəndələrdən zalı tərk etməyi tələb etdikdə, Mirabonun dilindən tarixə düşən məşhur sözlər səsləndi: "Ağanıza gedin və ona deyin ki, biz burada xalqın iradəsi ilə toplaşmışıq və süngü gücündən başqa heç nə bizi buradan çıxara bilməz."
Bu sözlər bəziləri tərəfindən Fransa inqilabının başlanğıcı hesab olunur.

Gizli müqavilə və inqilabın ikili üzü

Təəccüblü olsa da, Mirabo monarxiyanı tam ləğv etmək tərəfdarı deyildi. O, məhdudlaşdırılmış konstitusiyalı kral hakimiyyətini müdafiə edir, kral vetosunu müdafiə edən çıxışlarla yadda qalırdı. Hətta bir müddət sonra Mariya Antuanettanın icazəsi ilə kral ilə gizli əlaqəyə girdi. Məsləhətlər verir, ayda 6000 livr məvacib alır və bir milyon frank vədi ilə motivasiya olunurdu.

Mirabonun yazdığı məktublar gizli bilgilərdən çox siyasi analizlər idi. Lakin inqilab ab-havasında bu əlaqələrin ifşası onun sonunu gətirə bilərdi.

Qəhrəmanın sonu və unudulması

Mirabo 1791-ci ilin aprelində vəfat etdi. Onun dəfni dövlət səviyyəsində keçirildi, cəsədi Panteona — Fransa tarixinin ən böyük şəxsiyyətlərinin dəfn olunduğu məkana köçürüldü. Amma bu şərəf uzun sürmədi.

1792-ci ildə kralın otağında tapılan məktublar Mirabonun xəyanətkar kimi damğalanmasına səbəb oldu. 1794-cü ildə onun cəsədi Panteondan çıxarıldı və adsız bir qəbirdə torpağa verildi. Sonralar onun məzarını tapmaq mümkün olmadı.

Mirabo inqilab və monarxiya arasında körpü salmağa çalışan bir istedad, lakin tarixin sərt hökmü ilə nə kralın, nə də xalqın tam qəbul etdiyi şəxsiyyət kimi tarixə düşdü.

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ

Maraqlı