2024-cü ildə icbari tibbi sığorta hesabına xroniki venoz xəstəliklərinin diaqnostikası məqsədilə 138 825 rəngli doppler və 219 fleboqrafiya müayinələri icra olunub.
Xroniki venoz xəstəliklər (XVX) — venaların uzunmüddətli funksional və ya struktur pozğunluqları nəticəsində meydana çıxan xəstəliklər qrupudur. Bu qrupa varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq (XVÇ), posttrombotik sindrom (PTS), flebopatiya, angiodisplaziyalar, venoz xoralar və retikulyar varikoz kimi pozğunluqlar daxildir.
Bu cür venoz xəstəliklərinin diaqnostikası əsasən vizual baxış, ultrasəs əsaslı görüntüləmə və funksional testlər vasitəsilə aparılır. Diaqnostikada ən geniş yayılmış ilkin müayinə üsulu rəngli doppler ultrasəs müayinəsidir. Bu metod müasir, qeyri-invaziv, ağrısız və təhlükəsiz görüntüləmə üsulu olaraq damarların vəziyyətini və qan axınının xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Rəngli doppler ultrasəs müayinəsi hospitalizasiya tələb etmir və nəticə dərhal əldə olunur. Müayinə zamanı qan axınının sürəti və istiqaməti, damarların keçiriciliyi, venaların qapaq funksiyası və damarların anatomik quruluşu haqqında ətraflı məlumat almaq mümkündür. Bu üsul varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq, posttrombotik sindrom, flebopatiya və venaların trombozu kimi xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur.
Rəngli doppler ultrasəs müayinəsi bəzi hallarda damarların tam qiymətləndirilməsi üçün yetərli olmaya bilər. Belə vəziyyətlərdə daha detallı görüntü almaq üçün fleboqrafiya (və ya venoqrafiya) müayinəsi tətbiq olunur. Fleboqrafiya zamanı damarlara kontrast maddə yeridilərək rentgen, kompüter tomoqrafiyası (KT) və ya maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə detallı görüntü alınır. Bu invaziv müayinə damarların struktur və funksional vəziyyəti haqqında daha geniş informasiya təqdim edir. Fleboqrafiya dərin venoz trombozu, xroniki venoz çatışmazlıq, venoz malformasiyalar və damar stenozları kimi xəstəliklərin diaqnostikasında xüsusilə effektiv sayılır. Müayinə ayaqlarda səbəbi bilinməyən uzunmüddətli şişkinlik, izah olunmayan ağrılar, tromboz və ya əməliyyatdan əvvəl damar quruluşunun qiymətləndirilməsi məqsədilə də aparılır.
Venoz pozğunluqlar əhali arasında geniş yayılıb və vaxtında diaqnoz qoyulmadıqda ciddi ağırlaşmalara və həyat keyfiyyətinin azalmasına səbəb ola bilər. Bu səbəbdən sadalanan instrumental müayinələrin icbari tibbi sığorta hesabına olunması və əlçatanlığı, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, fərdi müalicə planlarının hazırlanmasına şərait yaratmaqla effektiv müalicə üçün mühüm imkanlar yaradır.
Bu müayinələr icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.
Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini "Tibb müəssisələrinin axtarışı" funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.
P.ƏMİRCANOV
XQ