2025-ci ilin iyun ayının sonunda avtomatlaşdırılmış teleskoplar şəbəkəsi olan ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) Səma üzərində naməlum obyekt müşahidə etdi. Qısa zamanda təsdiqləndi ki, bu — 3I/ATLAS adlandırılan kometadır və bu, bəşər tarixində qeydə alınan üçüncü ulduzlararası (interstellar) obyektdir. Onun sürəti, ölçüsü və trayektoriyası alimlərin ciddi marağına səbəb olub.
Kometanın adı və mənşəyi
Obyektə "3I/ATLAS" adı verilib. Buradakı “3I” – üçüncü “interstellar” (ulduzlararası) mənşəli göy cismini ifadə edir. “ATLAS” isə bu obyektin kəşf edildiyi teleskop sisteminin adıdır.
Perm Politexnik Universitetinin astronomiya üzrə eksperti Yevgeni Burmistrov bildirir ki, kometanın diametri 10-12 kilometr arasında dəyişir və bu, onu indiyədək Səma sistemimizə daxil olmuş ən böyük ulduzlararası obyektə çevirir. Lakin ölçülər hələlik təxmini hesab olunur, çünki obyektin səthinin işığı əks etdirmə xüsusiyyətləri bizim tanıdığımız kometalardan fərqli ola bilər.
Sürət və trayektoriya: rekorda doğru
3I/ATLAS kometası təqribən 209,000 km/saat (58 km/saniyə) sürətlə hərəkət edir. Bu o deməkdir ki, Yerdən Aya 2 saata çata bilərdi – halbuki bu məsafəni kosmik raketlər adətən 3 günə qət edir.
Kometanın trayektoriyası və dinamikası onun səma sistemini tərk edəcəyini göstərir. Günəşə yaxınlaşdıqca sürəti 68-70 km/saniyəyə qədər artacaq və bu da üçüncü kosmik sürətdən yüksəkdir – yəni o, səma sisteminin cazibə qüvvəsindən qurtulacaq və bir daha geri qayıtmayacaq.
Missiya mümkün deyil
ABŞ-dakı Miçiqan Universitetinin alimləri kometanı öyrənmək üçün kosmik aparat göndərmək imkanlarını araşdırıblar. Lakin obyektin yüksək sürəti və gec aşkar olunması səbəbindən bu, hazırkı texnologiya ilə mümkünsüz sayılır.
Haradan gəlir?
Alimlər güman edirlər ki, bu obyekt Süd Yolu qalaktikasının qalın diskindən – əsasən 10 milyard il yaşlı ulduzların yerləşdiyi sahədən gəlir. Bu isə kometanın yaşının Günəşdən belə daha çox olduğunu ehrimal etməyə əsas verir – təxminən 7 milyard il.
Kometanın marşrutu: təhlükə varmı?
Hazırda kometa Yupiterin orbitindən içəri daxil olub və Marşa doğru hərəkət edir. 2025-ci ilin oktyabrında Günəşdən 210 milyon km, Yerdən isə 240 milyon km məsafədə keçəcək. Ən yaxın yaxınlaşma Marşa – 28 milyon km məsafədə olacaq. Ekspertlər hesab edirlər ki, 3I/ATLAS Yer üçün heç bir təhlükə yaratmır.
Niyə onu NLO adlandırırlar?
Kometa ilə bağlı sosial mediada və bəzi elmi çevrələrdə onun yadplanetli zond ola biləcəyi iddiaları da yayılıb. Harvard Universitetinin astrofiziki Avi Leb kometanın ölçüsünü “şübhəli dərəcədə böyük”, trayektoriyasını isə “qeyri-adi dərəcədə düz” adlandırıb. Onun fikrincə, bu cür hərəkət süni müdaxilə ehtimalını istisna etmir.
Lakin Yevgeni Burmistrov bu yanaşmanı şübhə ilə qarşılayır: “Avi Leb müşahidə olunan obyektlərə mütəmadi olaraq qeyri-təbii mənşə aid edir. Hazırda bu iddianı təsdiqləyən heç bir elmi dəlil yoxdur. Kometa öz-özlüyündə unikal və dəyərli tədqiqat obyektidir. Onun öyrənilməsi ulduzların formalaşma prosesinə və qalaktikamızın dərinliklərinə dair mühüm məlumatlar təqdim edə bilər”.
Beləliklə, 3I/ATLAS kometası öz ölçüsü, mənşəyi və sürəti ilə yalnız astronomlar üçün yox, ictimaiyyət üçün də maraq obyektinə çevrilib. Onun tədqiqi, bəlkə də, qalaktikamızın ən qədim sirlərindən bəzilərini açmağa yardım edəcək.
Hazırladı:
S.ELAY
XQ