Baş nazir Mərkəzi Asiya dövlət başçılarının  görüşünə hazırlıq iclasında

post-img

Avqustun 5-də Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Mərkəzi Asiya ölkələrinin Dövlət başçılarının 7-ci məşvərət görüşünə hazırlıq iclası keçirilib.

Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

***

Həmin gün Avazada Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında üçtərəfli görüş keçirilib.

Nazirlər Kabinetindən bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan Xalq Məsləhətinin sədrinə və Özbəkistanın dövlət başçısına çatdırıb. 

Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Prezident İlham ­Əliyevin salamlarına görə minnətdarlıqlarını bildiriblər, onların da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş ediblər. 

Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ailəsində, Dövlət başçılarının Məşvərət şurasında xüsusi yerinin olduğunu, Azərbaycan Prezidentinin bu istiqamətdə çox iş gördüyünü vurğulayıb və Azərbaycanın region ölkələri ilə birlikdə Avrasiya, habelə bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.  

Q.Berdiməhəmmədov Mərkəzi Asiya ölkələri və Azərbaycan formatının artıq faktiki olaraq mövcudluğunu, bu əməkdaşlığın günün tələbinə çevrildiyini və bu formatın daimi praktikaya çevrilməsinin zəruriliyini qeyd edib. 

Türkmənistan Xalq Məsləhətinin sədri Prezident İlham Əliyevin Azərbaycan-Türkmənistan-Özbəkistan formatında əməkdaşlığı vacib saydığını qeyd edib və bu görüşü belə bir yeni formatın əsasının qoyulması kimi qiymətləndirib.

Üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib. İqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat, logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyev ilə Füzuli rayonunda məscidin tikintisi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.

***

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dünən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın iqtisadi-ticari, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

XQ

 





Son xəbərlər