Bölgə fasiləsiz elektrik enerjisi alır
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə açıqlamasında təmsil etdiyi qurumun qarşısında duran əsas məqsədin işğaldan azad edilmiş əraziləri qısa müddətdə keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək olduğunu bildirib. Onun sözlərinə görə, ASC-nin innovasiya texnologiyalarının, xüsusilə “smart texnologiyalar”ın tətbiqi üzrə türkdilli dövlətlərə bir neçə səfəri təşkil olunub, onlarla təcrübə mübadiləsi keçirilib.
Araz Məmmədzadə qeyd edib ki, türk energetiklər “yaşıl” texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsini istəyiblər. “Azərişıq” ASC isə, öz növbəsində, türkdilli dövlətlərin nümayəndə heyətlərini Azərbaycana səfərə dəvət edib. Onların yaxın aylarda Azərbaycana səfəri gözlənilir. Türkdilli ölkələri Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlar maraqlandırır.
“Azərişıq” ASC-nin rəsmisi bildirib ki, Qarabağ və Şərqi Zəngəzur çox qısa müddətdə sıfır karbon emissiyası olan regiona çevriləcək. Bu gün səhmdar cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə yerləşən bütün yarımstansiyalarının damında günəş panelləri mövcuddur. Eyni zamanda, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Təlim Tədris Kompleksinin damında 5 kilovata yaxın gücdə günəş panelləri quraşdırılıb. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində “yaşıl” texnologiyalardan istifadə olunur. “Azərişıq” COP29-da elan edib ki, Qarabağ və Şərqi Zəngəzur 100 faiz “yaşıl” enerji ilə təmin ediləcək.
Araz Məmmədzadənin sözlərinə görə, Azərbaycan regionun həm “yaşıl” enerji mənbələrinin sayı, həm də enerji dayanıqlılığı baxımından lider ölkədir. Gələcəkdə gözlənilən enerji defisitinin qarşısını almaq üçün region dövlətləri Azərbaycanla enerji münasibətlərini yaxşılaşdırmağa çalışırlar. Məlum olduğu kimi, Naxçıvan “yaşıl” enerji zonası elan olunub. Orada “yaşıl” enerji mənbələrinin sayının artırılması nəzərdə tutulub. Avropaya “yaşıl” enerjinin ötürülməsində qardaş Türkiyə önəmli rol oynayır. Bu mənada iranlı həmkarların Araz çayı üzərindəki bəndlər vasitəsilə ekoloji təmiz enerji əldə etməklə bağlı fikirləri heç də təəccüblü deyil. Düşünürəm ki, Azərbaycan qonşu ölkələrdən “yaşıl” enerji ilə bağlı daha çox təklif alacaq.