İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İsfa” Məhdud Məsuliyyətli Cəmiyyət ilə Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi “İsfa” MMC-nin direktoru Samir Xeyirbəyov və Dağıstan Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Ruslan Abasquliyev imzalayıblar. Razılaşmaya əsasən birinci mərhələdə “İsfa” MMC tərəfindən Dağıstan Respublikasının Dərbənd rayonunda cari ilin payızında 100 hektarlıq ərazidə zeytun bağı salınacaq. Bağın salınmasında Yevlax Pilot Aqroparkda yetişdirilən, ümumilikdə, 165 min ədəd tingdən istifadə olunacaq. Bununla yanaşı, bağın suvarma sisteminin qurulması da “İsfa” MMC tərəfindən həyata keçiriləcək.
İkinci mərhələdə isə günlük istehsal gücü 100 ton olacaq zeytun yağı emalı zavodunun qurulması nəzərdə tutulur. Ümumilikdə isə, Azərbaycan şirkəti Dərbənddə reallaşdıracağı layihəyə 7 milyon manata yaxın investisiya yönəldəcək.