Ölkəmizin təmiz enerji potensialı Qərb ölkələrində geniş maraq doğurur
Alman – Azərbaycan Ticarət Palatasının məlumatına görə, cari ilin may ayının ikinci yarısında Bakıda Azərbaycan və Almaniya nümayəndələrinin bərpa olunan enerji mənbələrinə (BOEM) keçid çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Qeyd edilir ki, qarşıdakı danışıqlar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Almaniyanın aparıcı enerji şirkətlərinin nümayəndələri arasında daha əvvəl keçirilən görüşlərin davamı olacaq.
Palatadan bildirilib ki, dialoqun mərkəzində texnoloji əməkdaşlıq, milli strategiyaların həyata keçirilməsinə dəstək, BOEM sahəsində birgə layihələrin işə salınması, eləcə də dayanıqlı enerji texnologiyalarının yerli səviyyədə uyğunlaşdırılması yer alır.
Enerji keçidi ilə bağlı mövzular Almaniya-Azərbaycan dialoqunda əsas yer tutur. Buna görə də əməkdaşlıq perspektivlərinin müzakirəsi, uğurlu layihələrin təqdimatı, həmçinin iki ölkənin maraqlı tərəfləri arasında qabaqcıl təcrübə mübadiləsi gözlənilir.
Xatırladaq ki, Azərbaycanın planlarına uyğun olaraq, 2027-ci ilə qədər ölkədə ümumi gücü, təxminən, 2 QVt olan 8 sənaye miqyaslı günəş və külək elektrik stansiyası tikiləcək. Ümumi investisiya qoyuluşu 2,8 milyard ABŞ dolları məbləğində dəyərləndirilən layihələr xarici və yerli sərmayələr hesabına maliyyələşdiriləcək.
Bu layihələrin həyata keçirilməsi ildə 5,3 milyard kVt/saat “yaşıl” enerji istehsal etməyə, enerji sistemində BOEM-in payını 32,6 faizə çatdırmağa, ildə 1,2 milyard kubmetr qaza qənaət etməyə və istixana qazı emissiyalarını 2,5 milyon ton azaltmağa imkan verəcək. Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən 7 QVt enerji istehsal etməyi planlaşdırır ki, bunun da 5 QVt-ı ixrac olunacaq.
Qeyd edək ki, son tədqiqatlar Azərbaycanda 27,5 min meqavat həcmində bərpa olunan enerji ehtiyatı olduğunu təsdiqləyib. Bunun 3 min meqavatı külək, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Xəzər dənizinin ölkə ekvatoriyasında isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpa olunan enerji sahəsində potensialı 200 qiqavat qiymətləndirilir.
Son illər ölkəmizdə “yaşıl” sərvətdən istifadəyə diqqət getdikcə artırılır. Bu da ümumi enerji istehsalında bərpaolunan enerjinin payının artmasına gətirib çıxarır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Azərbaycanın “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-sata çatıb. Bu tendensiya cari ilin ilk rübündə də davam edib. Elə hesabat dövründə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 milyon kilovat-saat artımın baş verdiyi də bunu təsdiqləyir.
Ölkəmizin zəngin “yaşıl” potensialı, bu sahədə həyata keçirilən çoxsaylı layihələr dünyanın enerji keçidində uğurla fəaliyyət göstərən şirkətlərin diqqətini getdikcə daha çox cəlb edir. Digər tərəfdən, Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, infrastruktur imkanlarının genişliyi xarici investorların, tanınmış şirkətlərinin bu sahəyə marağını gedikcə artırır.