Ərzaq təhlükəsizliyi aqrar inkişafın önəmli hədəfidir

post-img

Azərbaycan FAO ilə bu sahədə fəal iş aparır

Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlığı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişaf etdirilməsi və iqlim dəyişikliyinə qarşı dayanıqlı yanaşmaların tətbiqi baxımından mühüm önəm daşıyır. Bu tərəfdaşlıq dövlətimizin həyata keçirdiyi aqrar islahatlarla və uzunmüddətli inkişaf strategiyaları ilə tam uzlaşır.

Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 1945-ci ildə yaradılıb. Baş ofisi İtaliyanın Roma şəhərində yerləşən FAO-nun əsas məqsədi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirməkdən ibarətdir. BMT-nin adıçəkilən qurumu hazırda dünyanın 191 ölkəsində fəaliyyət göstərir. Həmçinin təşkilatın 130-dan çox ölkədə nümayəndəliyi yaradılıb.

Azərbaycan isə 1995-ci il oktyabrın 20-dən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvüdür. 2007-ci ildə ölkəmizdə FAO-nun layihə əlaqələndirmə ofisi fəaliyyətə başlayıb. 2015-ci ilin payızından etibarən isə qurum Azərbaycandakı fəaliyyətini tərəfdaşlıq və əlaqələndirmə ofisi vasitəsilə həyata keçirir. Ötən müddətdə Azərbaycan hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək alıb.

2019-cu ildə Bakıda FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının həyata keçirilməsinə başlanılıb. Bu da ölkəmizlə adıçəkilən beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına imkan yaradıb. Hazırda FAO Azərbaycan Respublikası ilə 9 prioritet istiqamət üzrə əməkdaşlıq edir.

Qurumun ölkəmizdə əsas fəaliyyəti qida məhsullarının və tullantıların idarə olunması sahəsində həyata keçirilən layihələrə dəstəyə yönəlib. Ötən müddətdə FAO-nun dəstəyi ilə Azərbaycanda 60-dan yuxarı layihə reallaşdırılıb. Həmin layihələr toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişafına yardım məqsədi daşıyıb. Bu da bölgələrdə kənd təsərrüfatı mühitinin, eləcə də qida təhlükəsizliyinin yaxşılaşdırılmasına imkan yaradıb.

Əməkdaşlıq çərçivəsində ölkəmizdə kənd təsərrüfatında texnoloji yeniliklərin tətbiqi, torpaq və su resurslarının davamlı idarə olunması, fitosanitar və baytarlıq sahələrində institusional potensialın gücləndirilməsi kimi istiqamətlər üzrə mühüm nəticələr əldə edilib. Bu işlərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar FAO ilə birgə fəaliyyəti daim diqqətdə saxlayıb.

2021-ci ildə imzalanan “2021–2025-ci illər üzrə FAO – Azərbaycan Ölkə Proqramı Çərçivəsi” bu əməkdaşlığın strateji əsasını təşkil edir. Sənəddə ərzaq təhlükəsizliyi və qidalanmanın yaxşılaşdırılması, təbii resursların səmərəli istifadəsi və kənd yerlərində sosial rifahın artırılması kimi mühüm prioritetlər diqqət çəkir. FAO tərəfindən təqdim edilən texniki yardım, təlim proqramları və pilot layihələr yerli fermerlərin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir.

Ermənistanın işğalından azad edilən ərazilərdə kənd təsərrüfatı və ekosistemlərin bərpası da FAO-nun dəstək verdiyi əsas istiqamətlərdəndir. Təşkilat həmin ərazilərdə dayanıqlı əkinçilik, toxum ehtiyatlarının formalaşdırılması və müasir texnologiyaların tətbiqi üzrə layihələr həyata keçirir. Qeyd etmək lazımdır ki, bu fəaliyyətlər ölkə rəhbərliyinin həmin ərazilərin sürətli dirçəldilməsi ilə bağlı müəyyənləşdirdiyi prioritetlərə tam uyğun gəlir.

FAO, eyni zamanda, Azərbaycanda kənd yerlərində qadınların və gənclərin iqtisadi fəallığının artırılması, aqrar sahədə rəqəmsallaşma və innovasiya təşəbbüslərinin dəstəklənməsi istiqamətində də fəal iştirak edir. Bu təşəbbüslər Azərbaycanın “Kənd təsərrüfatı: 2020” Dövlət Strategiyası və “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində müəyyənləşdirilən hədəflərlə səsləşir.

Hazırda FAO-nun ölkəmizdəki fəaliyyəti regional səviyyədə də əhəmiyyət daşıyır. Azərbaycan təşkilatın dəstəyi ilə Cənubi Qafqazda aqrar sahədə qabaqcıl təcrübə mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bu isə respublikamızın beynəlxalq arenada artan nüfuzunu və kənd təsərrüfatı sahəsində liderlik potensialını bir daha təsdiqləyir.

FAO ilə əməkdaşlıq Azərbaycanın aqrar sektorda davamlı inkişaf modelinin qurulmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd əhalisinin sosial rifahının yüksəldilməsində mühüm rol oynayır. Bu əməkdaşlıq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.

Bu günlərdə isə FAO “yaşıl” kənd təsərrüfatına keçid üçün əsas tövsiyələrini açıqlayıb. Təşkilatın nümayəndəsi Dmitry Zvyagintsev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda “yaşıl kənd təsərrüfatı”na keçid üçün ətraf mühitə zərər verən büdcə dəstəklərinin azaldılması, ətraf mühitə uyğun tədbirlər görülməsi məqsədilə bəzi büdcə dəstəklərinin yenidən istiqamətləndirilməsinin, ölkənin aqro-iqlim şəraitinin nəzərə alınmasının, eyni zamanda, ətraf mühitə dair şərtlərin tətbiqinin vacibliyini bildirib və bütün bunların reallaşacağı təqdirdə fermerlərin “yaşıl” istiqamətdə uğurla irəliləyəcəyinə əminliyini vurğulayıb.

D.Zvyagintsev çıxışında daha sonra deyib: “Tədqiqat və inkişaf sahəsinə investisiyaların qoyulması da vacibdir, çünki biz fermerlərin davamlı torpaq idarəçiliyi üzrə təcrübələri öyrənməsini, iqlimə davamlı toxum və heyvan cinslərini müəyyən etməsini istəyirik. Sonda, lakin az əhəmiyyətli olmayan məsələ isə istehlakçı yönümlü tədbirlərdir. Davamlı qidalanma seçimlərinin təşviqi vacibdir – bu seçimlər pərakəndə satış yerlərində reallaşdırılır və bu zaman fermer üçün hansı məhsulun istehsal olunmasının, hansının isə istehsal edilməməsinin müəyyənləşdirilməsi mühüm önəm daşıyır. Bundan əlavə, ərzaq itkisi və israfına qarşı tədbirlər görülməsi də əhəmiyyətli məsələdir”.

FAO rəsmisinin sözlərinə görə, aqro sistemlər cəmiyyət üçün böyük faydalar yaradır, lakin mənfi təsirləri də mövcuddur. Ətraf mühit baxımından mənfi təsirlər su, torpaq, azot və iqlimlə bağlıdır. Təşkilatın hesablamalarına əsasən, hər il qida sistemlərinin yaratdığı ümumi “gizli xərclər”, təxminən, 10 trilyon ABŞ dolları təşkil edir. Azərbaycanın yerləşdiyi region isə, təxminən, 3 trilyon ABŞ dolları töhfə verir və xərclərin kateqoriyalar üzrə paylanması region ölkələri arasında oxşardır. D.Zvyagintsev qeyd edir ki, bölgəmizdə ən yüksək “gizli xərclər” sağlam olmayan qidalanma vərdişləri ilə əlaqəlidir, bundan sonra isə iqlim, su, torpaq və azotla bağlı ətraf mühit xərcləri gəlir.

 

İqtisadiyyat