Azərbaycan Şimal–Cənub Dəhlizinin mərkəzi ölkəsidir

post-img

Ölkəmiz bu yolda beynəlxalq daşımalardan 2,5-3 milyard dollar qazanacaq

Enerji və ticarət yollarının kəsişməsində yerləşən, güclü infrastrukturu ilə nəqliyyat habına çevrilən Azərbaycan bu gün Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun, Şimal–Cənub, Şərq–Qərb Beynəlxalq nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi tanınır. 

Ölkəmiz Şərqlə Qərb arasında körpü rolu oynamaqla yanaşı, həm də Şimalla Cənubu birləşdirən mühüm tranzit mərkəzdir. Bütün bunlar ölkəmizin strateji mövqeyini şərtləndirir. Azərbaycanın son illər ərzində nəqliyyat-logistika sahəsində əldə etdiyi uğurlar, tranzit imkanlarının genişlənməsi istiqamətində atılan addımlar da bunu təsdiq edir. 

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasından bəhs edərkən, ilk növbədə, qeyd edək ki, bu infrastruktur Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanlarını artıracaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. 

Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında təməli qoyulan Şimal–Cənub dəhlizinin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunursa, Şimal–Cənub Nəqliyyat Dəhlizinin tam fəaliyyətə başlaması ilə bu müddətin iki dəfə azalacağı gözlənilir. 

Ekspertlər bildirirlər ki, Şimal–Cənub Nəqliyyat Dəhlizinin gəliri neft satışından əldə olunan gəlirə bərabər olacaq. Dəhlizin illik gəliri 20 milyard ABŞ dollarına çatacaq. İnfrastrukturun tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasını şərtləndirəcək. Bir sözlə, respublikamız tranzit yüklərin daşınmasından ildə 2,5–3 milyard ABŞ dolları qazanacaq.

Hesablamalara görə, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq. Bu isə Azərbaycanın bölgənin ən əsas tranzit və logistik mərkəzinə çevrilməsinə böyük təkan verəcək.

Yeri gəlmişkən, Prezident İlham ­Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlə timizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. 

Bu istiqamətdə reallaşdırılan layihələrin nəticəsidir ki, son 10 ildə nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Respublikamız regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib, eləcə də digər əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub. 

Onu da qeyd edək ki, nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilib, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri gerçəkləşdirilib.

Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra mühüm məsələlərlə yanaşı, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı məsələsi də müzakirə edilib. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarında bu layihənin önəmi xüsusi vurğulanıb. Dövlətimizin başçısı İlham Əliyev adıçəkilən nəqliyyat dəhlizi haqqında danışarkən, onu Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malik infrastruktur kimi qiymətləndirib: “Azərbaycanın ərazisində Şimal–Cənub nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırkı məqamda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox yüklərin daşınması imkanlarından danışırıq”.

Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya sektorunun rəhbəri, tarix elmləri namizədi Stanislav Pritçin mediaya müsahibəsində bildirib ki, belə bir beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi həm Cənubi Qafqaz regionunun, həm də Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bu marşrut sayəsində ölkələr arasında ticarət dövriyyəsi iki dəfə artıb, daşımaların qiyməti isə dəniz nəqliyyatı ilə müqayisədə xeyli aşağı düşüb: “Şimal–Cənub nəqliyyat dəhlizi bizim əsas magistral layihəmizdir. Üstəlik, burada ən diqqətçəkən məqam odur ki, Rusiya və Azərbaycan öz növbəsində bütün razılaşmaları yerinə yetirib və infrastrukturu genişləndirməyə hazırdırlar. Bundan əlavə, bu, Rusiyanın ticarət əlaqələri üçün bağlanan qərb istiqamətinə alternativ olacaq yeni marşrut açmaq imkanıdır. Azərbaycan üçün isə təbii ki, bu, tranzit potensialını artırmaq və ondan istifadə etmək imkanıdır”.

Əsası 2000-ci ildə keçirilən Sankt-Peterburq İqtisadi Forumunda Rusiya, Hindistan və İran tərəfindən qoyulan bu dəhliz Rusiya və Şimali Avropanı Cənub-Şərqi Asiya və Körfəz ölkələri ilə nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli layihədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan 2005-ci ildə bu layihəyə qoşularaq tranzit ölkə funksiyasını yerinə yetirmək istiqamətində mühüm addımlar atıb. Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişindən tutmuş Ələt-Astara magistral avtomobil yolunun və Bakı Beynəlxalq Dəniz Limanının modernləşməsinə kimi reallaşdırılan layihələr yüklərin Azərbaycan ərazisindən tranzit olaraq daşınması üçün əlverişli imkanlar yaradıb.

Ekspertlərin fikrincə, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmi Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirsə, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə cəmi 7200 kilometr yol gedir. Yüklər 60 gün ərzində deyil, 30 gün ərzində mənzilbaşına çatdırılır. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz azalır. 

Rusiyanın “Росконгрес” Fondunun analitiklərinin hesablamalarına əsasən, 2022-ci və 2023-cü illər ərzində dəhlizlə yükdaşımalar 18 faiz artaraq 19 milyon tondan 22,6 milyon tona çatıb. Yükdaşımaların həcminin 2030-cu ildə 30 milyon tona, 2035-ci ildə isə 35 milyon tona çatacağı gözlənilir. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yük daşımalarının həcmi 434 min 651 ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur. Tranzit yüklər dəhlizin Azərbaycandan keçən Astara–Yalama və Yalama–Astara istiqamətləri üzrə daşınıb.

İqtisadiyyat