Şirvanda pambıq yağı istehsalı artır

post-img

Azərbaycanın ən böyük pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodu pambıq yağı istehsalını artırır. Bu barədə “MKT İK” MMC-nin satış departamentinin rəhbəri Mələk Məmmədova məlumat verib. Onun sözlərinə görə, son mövsümdə (2023-cü ilin oktyabr-2024-cü ilin mart ayları) müəssisədə 3 min 751 ton pambıq yağı istehsal edilib. Əvvəlki mövsümdə isə bu rəqəm 3 min 300 ton təşkil edib.

Bildirilib ki, yeni mövsümdə isə (2024-cü ilin oktyabr-2025-cü ilin mart ayları) təxminən 4 min ton yağ istehsalı proqnozlaşdırılır. Bu həcmin 2 min tonunun rafinə edilmiş (təmizlənmiş), yerdə qalanının isə rafinə edilməmiş formada istehsal edilməsi nəzərdə tutulur. Məhsulun hazırlanması üçün tam olaraq yerli xammaldan istifadə edilir. 

Şirvan yağ emalı zavodunun istehsal etdiyi məhsullar ilk dəfə olaraq Malayziya və Gürcüstana ixrac edilib. Bu il Malayziyaya 534 ton, Gürcüstana isə 20 ton pambıq yağı göndərilib. Zavod pambıq yağını bu iki ölkə ilə yanaşı, Türkiyə və Tacikistana da satıb. Tacikistan MMC-nin ənənəvi ixrac bazarı sayılır.

Qeyd edək ki, zavod bu il istehsal etdiyi pambıq yağının 45 tonunu daxili bazarda satıb, 3 min 542 tonunu isə ixrac edib. Hazırda müəssisənin anbarında 164 ton pambıq yağı var.

İqtisadiyyat