Vətən müharibəsinin fəlsəfəsi

post-img

IX məqalə

Dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.

Heydər Əliyev,
Ümummilli lider

Ərazi bütövlüyü 

II Qarabağ savaşını Vətən müharibəsi kimi xarakterizə edən başlıca məqam ərazi bütövlüyünün təmini vəzifəsinin yerinə yetirilməsidir. Paralel olaraq, ərazi bütövlüyü milli ideyanın məzmununu və strateji məqsədini əks etdirir. Məntiqi olaraq belə bir nəticə çıxarmaq olar: II Qarabağ savaşı Vətən müharibəsi kimi iki funksiyanı sintezdə yerinə yetirmişdir. Onlardan biri azərbaycançılığın cəmiyyəti bütövləşdirən aparıcı konsept kimi özünütəsdiq etməsidir. İkinci funksiya azərbaycançılığın ərazi bütövlüyü ilə sosial bütövləşmənin stimulverici faktor kimi özünütəsdiqi ilə bağlıdır. 

Hər iki funksiyanın substantiv ­təşkiledicisi eynidir – ərazi bütövlüyü. Buna nail olmaq isə həmin iki funksiyanın Vətən müharibəsi anlayışının semantik sahəsində mövcud olması ilə bağlıdır. Vətən müharibəsinin fəlsəfəsində bu məqamın xüsusi yeri vardır. Çünki Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq Vətən müharibəsinin məqsədi ilə milli ideyanın məzmunu üst-üstə düşürdü. Bunu necə reallaşdırmaq olardı? 

Hər şeydən öncə, Vətən müharibəsi milli ideyanın reallaşdırılmasına xidmət etməli idi. Bununla da, müharibənin semantik anlamı sərhədlənməli idi. Yəni feili olaraq Azərbaycan Ordusu başqa funksiya yerinə yetirməməli idi. Ordu ərazi bütövlüyünü təmin etmək funksiyasını yerinə yetirdi və dayandı. Bu, faktiki olaraq, Azərbaycan Prezidentinin ifadə etdiyi üç vəzifənin birgə yerinə yetirilməsinin təsdiqi idi – tarixi ədalətin bərpası, milli ləyaqətin yenidən aktuallaşması və beynəlxalq hüquq normalarına əməl olunması. 

Deməli, Vətən müharibəsinin başlıca fəlsəfi özəlliyi vurğulanan üç faktorun gözlənilməsi ilə milli ideyanın həyata keçirilməsi ilə əlaqəlidir. Bu da birbaşa milli ideyanın həyata keçirilməsində ədalət, ləyaqət və hüquq kimi dəyərlərin aparıcı rol oynadığını və faktiki olaraq Vətən müharibəsinin məna sərhədlərini müəyyən etdiklərini göstərir. Elə isə II Qarabağ savaşını ədalətli, ləyaqətli və hüquqi (qanuni) müharibə adlandıra bilərik! 

Eyni zamanda, milli ideya ədalətlilik, ləyaqətlilik və hüquqilik (qanunilik, inklüzivlik) şərtlərinin ödənməsi fonunda reallaşmışdır. Ərazi bütövlüyünün bərpası vurğulanan dəyərlərin birgə uğurlu təcəssümüdür. Feili olaraq isə Azərbaycan cəmiyyətinin humanitar xarakterli savaş apardığının təzahürüdür. 

Bunlar ərazi bütövlüyünün təminini birbaşa azərbaycançılıqla əlaqələndirən dəyərlərdir. Azərbaycançı olmaq, həm də dövlətin ərazisinin tamlığı üçün məsuliyyət daşımağı ifadə etməkdədir. Dövlət haqqında müasir fəlsəfi, sosioloji və kulturoloji təsəvvürlərdə ərazi bütövlüyünün təmini əsas şərtlərdən biri kimi dərk edilir. Burada coğrafi ərazinin siyasi, geosiyasi, mənəvi-mədəni mənalarını daşıdığı tezisi əsas götürülür. Belə alınır ki, ərazisinin bütövlüyünü təmin edə bilməyən dövlət tam mənasında müstəqil və suveren sayılmaz. Bu iki keyfiyyətə malik olmayan dövlət isə XXI əsrin əsl müstəqil dövləti kimi qəbul edilməz. 

Deməli, II Qarabağ savaşı həm də müstəqil dövlətin mövcud ola bilmək şərtinin təmin edilməsidir. Vətən müharibəsi kimi II Qarabağ savaşının müstəqil dövlət, tarixi ədalət, milli ləyaqət və beynəlxalq hüquq kimi özünütəsdiqi, həm də azərbaycançılığın məzmun çalarlarından biri kimi təsəvvür edilə bilər. Bu məqam maraqlı və düşündürücü formada azərbaycançılığın məna və məzmununda dövlətçilik faktorunun yer almasının bir aspektini açır. Konkret olaraq, azərbaycançılıq həm də dövlət millətçiliyinin ifadəsidir. Azərbaycançılıq vətənsevərliyin dövlətsevərliyə proyeksiyasını özündə ehtiva edən milli məfkurədir! Bu məna transformasiyasında II Qarabağ savaşının rolu ayrıcadır! Buradan “Vahid Vətən” anlayışına maraqlı məna keçidi vardır. 

Vahid Vətən

Vətən özlüyündə həmişə təkdir, birdir və bu mənada vahiddir. Bununla yanaşı, azərbaycançılıq kontekstində Vahid Vətən ərazi bütövlüyü ilə suverenliyin azərbaycançılığın dövlətçilik aspektində sintezinin ifadəsidir. Bu anlamda Vətənin vahidliyi ərazi tamlığının tam suverenliklə vəhdətini əks etdirir. Yəni Vətən müharibəsi göstərdi ki, ərazi bütövlüyü ilə yanaşı, dövlət kimi tam suveren olmaq da azərbaycançılığın tələblərindən biridir. Azərbaycançı dövlətin ərazisinin bütövlüyünü onun suverenliyinin tam təminatı zərurəti kontekstində dərk etməlidir. Bununla Vətənin vahidliyi xüsusi fəlsəfi anlam alır. Vahidlik müstəsnalıq deyildir, Vətənin coğrafi, mədəni, mənəvi və hüquqi olaraq tamlığıdır. Bunun üçün onun bir qarışı da işğal altında olmamalıdır və eyni zamanda, öz yetərli, haqqını tam təmin edən və dövlət kimi suveren davrana bilən olmalıdır. 

“Vahid Vətən” anlayışının başqa bir məna çaları da vardır. O, “Vətənim Azərbaycandır, başqa Vətən yoxdur!” mənasını verir. Bu tezis deyərdim ki, azərbaycançılığın, Vətənsevərliklə Dövlətsevərliyin sintezində əsas müddəadır. Çünki azərbaycançılıq əslində, bir zamanlar ərazisi milyon kvadratkilomertlərlə ölçülən nəhəng dövlətin XX əsrdə cəmi 86 min kvadratkilometr əraziyə “sığınması” prosesinin dayandırılmasına səslənişdir! Göz görə-görə “Azərbaycan” adlı Vətən əldən gedirdi. Ulu öndər dahiyanə surətdə bu deqradasiya prosesini dərin mənalı “Azərbaycançı ol!” devizi ilə saxladı. Azərbaycançı olmağın motivəedici mexanizmi isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı idi. Deməli, azərbaycançı olmağım üçün mən azərbaycanlılığımla fəxr etməliyəm. Bu məqam da “Vahid Vətən” anlayışının mənəvi-əxlaqi və ideoloji boyunun mövcudluğundan xəbər verir. Konkret olaraq, Vahid Vətənin semantikasında azərbaycanlıqla fəxarət hissi keçirmək ciddi yer tutur.

Beləliklə, “Vahid Vətən” çoxkomponentli ümumi anlayışdır. Onun məzmununda siyasi, sosial, kulturoloji, coğrafi və mənəvi-əxlaqi aspektlər bütövlük təşkil edir. Həmin bağlılıqda Vətən müharibəsi kontekstində vətəndaş həmrəyliyi və milli birlik də xüsusi məzmun alır.

Vətəndaş həmrəyliyi

Həmrəylik məsələsi bütün dünya cəmiyyətləri üçün çox aktual məsələdir. Yurgen Habernas Avropa İttifaqı ölkələri üçün ən vacib faktoru məhz real həmrəylik modelinin axtarışında görür. O, Avropa ölkələrini hələlik bu istiqamətdə uğurlu hesab etmir. 

Filosoflar və alimlər ayrıca bir cəmiyyət üçün də həmrəyliyin son dərəcə aktual bir məsələ olduğuna şübhə etmirlər. Azərbaycan üçün isə bu faktorun xüsusi mənası vardır. Onu üç aspekdə izah etmək istərdik. 

Hələ keçən əsrin əvvəllərində Avropa və Rusiyada baş verən sosial, siyasi, ­geosiyasi, iqtisadi və ideoloji yeniləşmələr fonunda Şərqdə ilk demokratik cəmiyyət quruculuğuna başlamış Şimali Azərbaycanda sosial təşkilatlanma modeli axtarışları ciddi əhəmiyyət daşıyırdı. Aydın idi ki, ənənəvi həmrəylik və sosial inteqrasiya nümunələri müasir tələblərə uyğun modernləşməli idi. Müxtəlif ideyalar irəli sürüldü. Onların sırasında “milli təsanüd” daha uyğun hesab edildi. Detallara varmadan onu qeyd edək ki, hər bir variantda Azərbaycan cəmiyyəti üçün qalıcı və nəticəverici model həyati əhəmiyyətə malik idi. Onun fəlsəfi tərəflərini dərindən araşdırmaq üçün qəzet məqaləsi formatı bəs etmir. Lakin tarix Azərbaycanı qısa müddət sonra SSRİ adlanan birliyin təsir sahəsinə atmaqla bütün işlər yarımçıq qaldı. Yəni ADR-in başladığı proses kəsildi. 

70 il sonra Heydər Əliyev Azərbaycan üçün strateji vacibliyi olan azərbaycançılıq konseptinə qalıcı və müasir şəraitdə toplumun daxili birliyini dinamik təmin edən yeni məzmun verdi. Ayrıca, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixi gün müəyyən edərək, həmrəyliyin bütün xalq miqyasında hər il təkrar-təkrar ictimai şüurun gündəminə gətirilməsi ənənəsinin təməlini qoydu.

Müstəqillik illərinin təcrübəi göstərir ki, azərbaycançılıq milli həmrəyliyin ən uyğun nümunəsidir. II Qarabağ savaşı isə Vətən müharibəsi nümunəsi olaraq real zaman-məkan kontinnumunda azərbaycançılığın praktiki nəticəverici konsept olduğunu bir daha təsdiqlədi. Müasir Azərbaycan dövlətçiliyi tarixində bu məqamı çox əhəmiyyətli hesab etmək lazımdır. 

Həmrəylik azərbaycançılıq konsepti çərçivəsində cəmiyyətin birliyə, bütövlüyə və müasirləşməyə canatmalarının dinamik nümunəsi kimi Vətən savaşının gedişində çox mühüm rol oynadı. Azərbaycanın Vətən olmaqla yanaşı, müstəqil dövlət kimi də mövcudluğu təhtəlşüurda yerini daha da möhkəmlətdi. Savaşın gedişində mülki vətəndaş, əsgər, cəmiyyətin bütün kəsimləri, hakimiyyət Azərbaycan Respublikasını müstəqil dövlət kimi müdafiə etdiklərini qabarıq şəkildə davranışlarında ifadə etdilər. Yəni savaş müddətində həmrəylik sadəcə sivil toplumun sosial, psixoloji, ideoloji və vətənpərvər birliyini əks etdirmədi – burada müstəqil dövlət faktoru ön sıraya çıxarılmışdı. Əslində, sosial həmrəylik müstəqil dövlətçiliyin zəruriliyi aspektindəki fikir və mövqe birliyinin reallaşmasına xidmət etdi. 

Müstəqil dövlətçiliyin təmini baxımından Vətən müharibəsinin önəmli fəlsəfi mənalarından biri bundan ibarətdir. Çünki XXI əsrdə Azərbaycanda toplumun sivil həmrəylik canatmasının davamlı olaraq müstəqil dövləti qorumaq nümunəsinə transformasiya olunması tarixi irəliləyişdir. Bu proses digər iki aspekti stimullaşdırdı. 

Onlardan biri həmrəyliyin etnik çərçivədən çıxarılaraq Ümumazərbaycan kontekstində məzmunlaşması ilə bağlıdır. Müasir cəmiyyətlərdə sosial-siyasi və mənəvi-mədəni birlik üçün təməl şərtlərdən biri ödəndi. Bu, digər məqamlarla yanaşı, Azərbaycanda yeni səviyyədə Böyük Millət Quruculuğu prosesinə imkanlar yaratdı. 

Vətən savaşının nəticəsinin həmrəylik kontekstində verdiyi töhfələrdən digəri Azərbaycan təcrübəsinin formalaşması oldu. Məsələ ondan ibarətdir ki, tarixin real səhnəsində XXI əsrin riskləri və qeyri-müəyyən dinamikası fonunda cəmiyyətdə toplum-dövlət, xalq-iqtidar, lider-cəmiyyət həmrəyliyinin praktiki nəticə verən təcrübəsini toplamaq bir zərurətdir. 

Bunlar yekun olaraq Vətən müharibəsinin Azərbaycanda həmrəyliyi real zamanda “Vətəndaş həmrəyliyi” müstəvisinə transformasiya etməsinə imkan verdi. Vətəndaş həmrəyliyinin Azərbaycan təcrübəsinin təməlində bu baxımdan Vətən savaşının dayandığını deyə bilərik. Onun iki özəl fəlsəfi xüsusiyyəti üzərində düşünmək olar. 

Birincisi, vətəndaş həmrəyliyi mənəvi, siyasi, sosial və mədəni-ideoloji aspektlərdə insanların “Vahid Vətən” anlayışını dərinləşdirdi. 

İkincisi, vətəndaş həmrəyliyi azərbaycanlıların şüurunda Vahid müstəqil dövlət anlayışına yeni inteqrativ anlam yaratdı. 

Bununla Vahid vətən və Vahid müstəqil dövlət anlayışları azərbaycançılıq çərçivəsində həmrəyliyin rəmzinə çevrildi! Buradan isə milli birliyin strateji əhəmiyyəti olan nümunəsinə keçidinin ümumi mənzərəsi əmələ gəlir. 

(ardı var)       

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət