Bu yaxınlarda Azərbaycan hökuməti BRICS-ə üzv olmaq üçün müraciət edib. Qurum dünya iqtisadiyyatında yüksələn güclərin birliyini təmsil edir və qlobal güc balansında mühüm rol oynayır. Əsas məqsədi üzv dövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycanın BRICS-ə üzv olmaq niyyəti də ölkənin gələcək inkişaf perspektivlərinə hesablanıb.
Ekspertlər bildirirlər ki, Azərbaycanın BRICS-ə qoşulması ölkə iqtisadiyyatına əhəmiyyətli üstünlüklər gətirə bilər. Təşkilata üzvlüyün əsas aspektlərindən biri Azərbaycan malları üçün satış bazarlarının genişləndirilməsi imkanıdır. Rusiya, Çin, Hindistan və Braziliya kimi böyük iqtisadiyyatları olan BRICS ölkələri enerji, kənd təsərrüfatı və emal sahələrində Azərbaycanın ixracına kömək edə bilər.
Hazırda Azərbaycan BRICS-i yaradan ilk 5 ölkədən 3-ü –Rusiya, Çin və Hindistanla fəal ticarət aparır. 2024-cü ilin yanvar-iyul ayları ərzində BRICS ölkələri ilə ticarət dövriyyəsi 5 milyard 837 milyon 895 min ABŞ dolları olub. Bu, ümumi ticarət dövriyyəmizin 21,7 faizini təşkil edir. Rusiya və Çin isə ən çox ticarət etdiyimiz 3-cü və 4-cü ölkələrdir.
Bu dövlətlər ölkəmizin istehsalçıları üçün qabaqcıl bazarlardan biridir. Məsələn, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572 milyon ABŞ dolları təşkil edib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon ABŞ dolları artıb. Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. İxracda əsasən meyvə-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair), meyvə şirələri, ilkin formalı propilen sopolimerləri üstünlük təşkil edir. Ölkəmiz BRICS-ə üzv olmaqla bu böyük bazardan daha səmərəli istifadə edərək ixracı bir neçə dəfə artıra bilər.
İki ölkəni həm də nəqliyyat infrastrukturu birləşdirir. Rusiyanı Azərbaycan vasitəsilə İranla birləşdirən Şimal–Cənub nəqliyyat dəhlizi yüklərin Fars körfəzinə və əksinə səmərəli daşınmasına imkan verir. Dəhliz Rusiyanı İran və Mərkəzi Asiyadan keçməklə Fars körfəzi ilə birləşdirərək region ölkələrinə, o cümlədən Azərbaycana Hind okeanı, Cənub–Şərqi Asiya və Afrika bazarlarına çıxış imkanı verəcək.
Çinin isə dünya və ölkəmiz üçün strateji önəmi hər il artır. Azərbaycan iqtisadi və siyasi dəstək baxımından Pekin ilə əməkdaşlıqda maraqlıdır. Artıq Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib və 4-cü ən böyük xarici ticarət tərəfdaşıdır.
Bu ilin əvvəlinə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 43,5 faiz artaraq 3,1 milyard dollara çatıb. BRICS-ə üzv olmaqla hər iki ölkə ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazırdırlar. Güclü iqtisadi tamamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı artırmaq üçün böyük potensiala malikdirlər. Enerji, o cümlədən neft və qaz hasilatı və emalı, “yaşıl” enerji və nəqliyyat infrastrukturu, informasiya və telekommunikasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar, tikinti materialları və s. kimi prioritet sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Azərbaycan Çinə, həm də qeyri-neft məhsullarının perspektivli ixrac bazarı kimi baxır. Azərbaycan məhsullarının bu ölkəyə ixracını təşviq etmək məqsədilə 2018-ci ildən etibarən Pekin, Sian, Çindao, Canciacie, Şanxay və Urumçi şəhərlərində bir neçə “Azərbaycan Ticarət Evi” və “Azərbaycan Şərab Evi” açılıb. Çinin daha bir neçə ticarət evinin açılması nəzərdə tutulur.
Bundan başqa, BRICS üçün əhəmiyyət daşıyan və Azərbaycan ərazisindən keçən Şərq–Qərb (Orta Dəhliz) nəqliyyat dəhlizi Çini Avropa ilə birləşdirən ən qısa nəqliyyat marşrutudur və bir sıra üstünlüklərə malikdir. Əvvəllər Çindən birbaşa Avropa ölkələrinə əsas yükdaşıma Rusiya ərazisindən keçməklə Trans–Sibir tranzit xətti ilə həyata keçirilirdi. Trans–Sibir dəmir yolu ilə müqayisədə Orta dəhliz 2 min kilometr daha qısadır və əlverişli coğrafi iqlimə malik ərazilərdən keçir. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir və ixracatçıların ona marağını artırır. Bu, BRICS üçün böyük önəm daşıyır. Dəhliz Çini Qazaxıstan və Azərbaycan vasitəsilə Avropa ilə birləşdirərək yükdaşımalar üçün alternativ marşrutlar təmin edir. Azərbaycanın BRICS-ə daxil olması isə mühüm nəqliyyat marşrutlarına çıxışı təmin edəcək. Ən önəmlisi isə Azərbaycan yuxarıda qeyd olunan hər iki marşrut xəttinin kəsişmə nöqtəsində yerləşməsidir.
Göründüyü kimi, coğrafi olaraq Çin və Hindistanın marağında olduğu Orta Dəhliz, Şimal–Cənub dəhlizlərinin mərkəzində yer alan ölkə məhz Azərbaycandır. Çin və Hindistanın isə bu dəhlizlərdə mühüm maraqları var. BRICS dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandırmağa, Avropa və Asiya arasında əsas nəqliyyat marşrutlarına təsirini genişləndirməyə, mövcud infrastrukturdan daha səmərəli istifadəyə imkan verəcək. Həm də Azərbaycana əlavə investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Ölkəmiz Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin təmin edilməsində mühüm rol oynayacaq. Bütün bunlar Azərbaycanın qlobal bazarlarda mövqelərini möhkəmləndirməyə və mallarının rəqabət qabiliyyətini artırmağa, iqtisadiyyatın şaxələndirilməsinə imkan verəcək.
BRICS platforması, həm də iri neft və qaz istehsalçılarını bir araya gətirməyə imkan verir. Bu, Azərbaycan üçün böyük perspektivlər açır. Çünki ölkəmiz Xəzər dənizi regionunda əsas neft və qaz ixracatçılarından biridir. Azərbaycan əhəmiyyətli karbohidrogen ehtiyatlarına malikdir və artıq yanacaq Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Ceyhan kimi layihələr vasitəsilə Avropaya çatdırılır. Azərbaycanın BRICS-ə daxil olması Rusiya və İrana qarşı sanksiyalar şəraitində enerji resurslarının sabit tədarükünü təmin edəcək.
Bundan başqa, sözügedən qurumu Azərbaycan üçün maraqlı edən digər səbəblər də var. Onlardan biri Bakının çoxvektorlu xarici siyasətidir. Bu kontekstdə qeyd edə bilərik ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. BRICS-in üzvü olmaqla ölkəmizin bu əlaqələri daha da genişlənəcək. Çünki BRICS üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların üzvləridir. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Bildirilir ki, siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər BRICS çərçivəsində əsas istiqamətlərdir.
Burada BRICS-in daha bir üstünlüyü ortaya çıxır. Bu qurum üzv ölkələrə digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymur. Yəni üzv ölkələr digər iqtisadi və güc mərkəzləri ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər. Bu səbəbdən də BRICS-ə üzvlük Azərbaycanın xarici siyasətindəki çoxtərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, iqtisadi siyasətimizin hədəflərinə uyğun gəlir. Həm Qərblə, həm də Şərqlə yaxşı tərəfdaşlıq əlaqələri quran Azərbaycan öz milli maraqlarını hər iki qütbdə təmin edəcək.
Beləliklə, BRICS-ə qoşulmaq Azərbaycana böyük siyasi və ya iqtisadi güzəştlərə getmədən beynəlxalq arenada mövqelərini möhkəmləndirmək imkanı verəcək. Bu, həm də Bakıya Avropa İttifaqı və ABŞ ilə əlaqələri saxlamaqla Rusiya, Çin və İranla münasibətlərini gücləndirməyə şərait yaradacaq. Bakı qlobal dəyişikliklər və çağırışlar qarşısında BRICS ölkələri ilə iqtisadi əlaqələrini gücləndirmək, davamlı inkişafını və təhlükəsizliyini təmin etməklə yeni imkanlara çıxış əldə edəcək.
Pünhan ƏFƏNDİYEV
XQ