Zəngəzur dəhlizi: “kəsişən maraqlar” və “erməni məsələsi”

post-img

İran XİN rəsmisi ilə Rusiyanın Tehrandakı səfiri nələri müzakirə ediblər?

Cənubi Qafqazda kommunikasiyaların açılmasına dair məsələ hər ötən gün aktuallığını artırmaqdadır. Hazırda belə bir təəssürat var ki, mövcud istiqamətdə əsəblər tarıma çəkilib. Ancaq regiona bağlı ölkələrin səbrlə davrandıqlarını, müzakirəyə üstünlük verdiklərini, müxtəlif həll variantları axtardıqlarını müşahidə etmək də mümkündür. Söhbətimiz bu görüntünün bir fraqmenti barədədir. Əlbəttə, həmin fraqment əsnasında digər məqamları da diqqətə çatdıracağıq. 

Məlumdur ki, Cənubi Qafqazda marağı olan Rusiya regional kommunikasiyaların açıl­ması məsələsində üçtərəfli bəyanatı əsas götü­rür. Moskvanı bölgədən çıxarmaq istəyən Qərb Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə məsələnin reallaşması məntiqi üzə­rində dayanır. Bu məsələdə Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesi gündəmdədir. Rəsmi İrəvan da eyni mo­tivi tirajlayır, habelə özünün irəli sürdüyü “Dün­yanın kəsişməsi” layihəsinin alternativsizliyini vurğulayır. Söhbət regional kommunikasiyaların blokdan çıxarılması üçün sözügedən layihənin, guya, alternativsiz mahiyyət daşıdığının qabar­dılmasından gedir. 

Ümumən, Qərb regional kommunikasiyalar baxımından intensivlik tərəfdarıdır. ABŞ və Av­ropanın qlobal düşüncə mərkəzlərinin fikrincə, mühüm tranzit Rusiyanın, İranın və Çinin nə­zarətindən kənar yol olmalı, Azərbaycan və Orta Asiya ölkələrinin xammalını Avropaya daşımalı­dır. Ancaq, hər bir halda, qlobal tranzitin Çin ilə Avropa İttifaqı arasında mal mübadiləsini həyata keçirməsi paradiqması da aktivdir. 

Azərbaycanın digər ərazilərini Nax­çıvanla birləşdirən yolu ölkəmizin “Zəngəzur dəhlizi” adlandırması­nın heç kəsə, o cümlədən Ermənistana və onun xaricdəki havadarlarına dəxli yoxdur və rəsmi Bakı üçtərəfli bəyanatın Ermənistanın üzərinə qoyulmuş öhdəlik məntiqini qabardır. Təxminən belə: 44 günlük müharibə məğlubu Ermənistan­dır. Ölkə sözügedən sənəddə Naxçıvana yolun açılmasına imza atıb və bu, yerinə yetirilməli­dir. Naxçıvana yol “Azərbaycandan Azərbayca­na yol” kimi olmalıdır, orada hansısa sərhəd və gömrük nəzarəti həyata keçirilməməlidir.

Bu yerdə haşiyə çıxaq ki, Ermənistan baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfransında üçtərəfli bəyanata ölkəsinin məğlub, Azərbaycanın qalib dövlət obra­zını canlandıran sənəd kimi baxılmasının əleyhinə çıxdı. Əlbəttə, bu, reallıqlara meydan oxumaqdır. Hərçənd, bölgə ilə bağlı böyük məsələlərin İrəvanın iştirakı olmadan həlli presedentinin mövcudluğu­nu nəzərə alsaq, Paşinyanın dilə gətirdiyi “milçəyin könül bulandırmasından” başqa bir şey deyil. 

Əlqərəz, mövcud dolaşıq labirintdə Türkiyənin Azərbaycanın tərəfində da­yandığını vurğulamağa ehtiyac yoxdur. Daha doğrusu, Ankara Bakının mövqeyini dəstəkləyir. Həm də ona görə ki, prinsip etibarilə ona öz ərazisindən keçən daha bir qlobal tranzit lazımdır. Əlbəttə, məsələnin ideoloji tərəfi də var. Söhbət Naxçıvana yol və Zəngəzur müstəvisində türk dünya­sının bütövləşmiş strukturunun qərarlaş­masından gedir. Yeri gəlmişkən, bu məsələ ölkəmiz üçün də aktualdır. 

Rusiyanın mövqeyi barədə söz açdıq. Əlavə edək ki, ölkənin Xarici İşlər Nazir­liyinin rəsmi nümayəndəsi Mariya Zaxaro­va bugünlərdə keçirdiyi ənənəvi brifinqdə maraqlı məqama toxunmuşdu. Onun söz­lərindən belə çıxmışdı ki, Rusiyanın Azər­baycan vasitəsilə daşımalarda marağı var və bu məsələdə Moskva üçün ölkəmizdən və Ermənistandan keçməklə, Türkiyə, ora­dan isə Qərb istiqaməti mühüm əhəmiyyət daşıyır. Bir sözlə, Rusiya da “Zəngəzur dəhlizi” ideyasını təqdir edir. Hərçənd, Kreml təmsilçilərinin sırf bu ifadəni dilə gətirməkdən uzaq dayandıqları da məlum­dur. Görünür, erməniləri qıcıqlandırmaq istəmirlər. Anlaşılandır...

Məlum olmayan və anlaşılmayan İra­nın mövqeyidir. Daha doğrusu, Tehranın mövqeyi bəllidir, ancaq onun məsələyə indikindən fərqli yanaşmasına ümid bəs­lənilir. Əvvəldə “səbrlə davranmaq, müza­kirəyə üstünlük vermək, müxtəlif həll vari­antları axtarmaq” məntiqindən məhz buna görə bəhs etdik. Yəni, indiki şəraitdə “Nuh deyib peyğəmbər deməməyə” heç bir ehti­yac yoxdur. Görünür, Moskvanın Tehrana anlatmaq istədiyi elə budur. Hər halda, İra­nın xarici işlər nazirinin köməkçisi, Avra­siya məsələləri üzrə baş direktor Müctəba Dəmirçulu ilə Rusiyanın İrandakı səfiri Aleksey Dedovun görüşmələri və Cənubi Qafqazdakı vəziyyəti müzakirəyə çıxar­maları adi məsələ kimi qarşılana bilməz. Görüşdə nələrdən söz açıldığını diqqətə çatdıracağıq. Hələlik isə...

Bəli, Zəngəzur dəhlizinə görə İranla Rusiya arasında da münasibətlərin gər­ginləşəcəyini ehtimal etmək mümkündür. Ümumi mənzərə belədir ki, Azərbaycan, Türkiyə və Rusiya bu dəhlizin açılmasını və ona Rusiyanın nəzarət etməsini istə­yirlər. Əslində, demək olmaz ki, İran və Ermənistan Naxçıvana yolda maraqlı de­yillər. İkinci üçün, bu, dalandan çıxmaq istəyidir. Əlbəttə, rəsmi İrəvan qlobal da­şımaların mərkəzində dayanıb həm mənə­vi, həm siyasi, həm də iqtisadi dividendə can atır. Ancaq Ermənistan və İran sırf Zəngəzur dəhlizinə, bütövlükdə isə dəhliz məntiqinə qarşıdırlar. Ona görə də Müctə­ba Dəmirçulu səfir A.Dedovla görüşündə regiondakı sərhədlərin toxunulmazılığı klişesini qabardır. Nəticə etibarilə, Tehran Qərblə eyni mövqedən çıxış edən tərəfə çevrilir. 

Ancaq İran rəsmilərinin düşünmələrinə ehtiyac var. Əgər Zəngəzur dəhlizinə nə­zarəti Ermənistan reallaşdırsa, bu, Qərbin patronajlığı altında olacaq. Görəsən, belə gedişat İrana lazımdırmı? Axı ölkə “regi­on ölkələri üçündür” şüarını dəstəklədiyi­ni bəyan edir. Yeri gəlmişkən, Dəmirçulu ilə Dedov “3+3” platforması çərçivəsində qarşıdan gələn görüşü müzakirə ediblər. Formatın regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması nöqte­yi-nəzərindən əhəmiyyətini vurğulayıblar. 

O zaman Tehranda bilmirlərmi ki, Qər­bin Ermənistan vasitəsilə Cənubi Qafqaz­da söz sahibinə çevrilməsi, sonradan İran üçün təhlükə yaradacaq? Nəhayət, han­sının – əsrlərdir bir coğrafiyada təmsil olunan Rusiyanın, yoxsa bu coğrafiyadan kənar Qərbin təminatı daha etibarlıdır? Güman edirik ki, səfir Dedov M.Dəmirçu­luya bunları da izah edib. 

M.Dəmirçulu vurğulayıb ki, İran re­gionda sülh və sabitlikdə maraqlıdır və prosesə dəstək göstərməyə hazırdır. Onun ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlərin və geosiyasi status-kvonun hansısa dəyişikliyinə qarşı olmasına dair fikri isə düşünməyə vadar edir. İndi necə başa düşək? Aydındır ki, geosiyasi dəyi­şiklik labüddür və Tehran buna qarşı çıxa bilmək potensialında deyil. Axı sərhədlə­rin dəyişməsinin qeyri-mümkünlüyü “ge­osiyasi dəyişiklik yolverilməzdir” məntiqi içərisindəki tək və yeganə seqment deyil. 

Hesab edək ki, Azərbaycanın “Zəngə­zur dəhlizi” yox, Ermənistanın “Dünyanın kəsişməsi” ideyası reallaşır. Belə olduqda geosiyasi dəyişiklik yaşanmayacaq? Əl­bəttə ki, yaşanacaq. Bir qədər əvvəl Qər­bin Ermənistan vasitəsilə regionda güclü mövqeyə sahiblənməsindən təsadüfən söz açmadıq. Bunun gerçəkləşməsinin ge­osiyasi status-kvo dəyişikliyi olduğunu nəzərə alsaq, İranın belə bir duruma qarşı da müqavimət ortaya qoyması mümkün­süzdür? Ölkə Ermənistanın etibarınamı güvənəcək? 

Başqa məqama keçək. Dedov–Dəmir­çulu təmasında tərəflər regiondakı bütün ölkələrin maraqlarına və qanuni narahat­lıqlarına diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Hesab edirik ki, narahatlığı yuxarıdakı suallarla, kifayət qədər, əhatə­li göstərdik. Qalır nəticə çıxarmaq. Daha doğrusu, Tehranın nəticə çıxarması. Əgər Dedov–Dəmirçulu görüşündə Cənubi Qafqazla bağlı bütün tərəflərin maraqlarını nəzərə almaqla problemlərin həlli, region­da sülhün, sabitliyin bərqərar olması və iq­tisadi planların həyata keçirilməsi üçün re­gion ölkələrinin potensialından istifadənin vacibliyi vurğulanırsa, üstəlik, bu zaman ərazi bütövlüyü və suverenliyin toxunul­mazlığı amili önə çəkilirsə, deməli, rusi­yalı səfir İran rəsmisinə başlıca məqamın nədən ibarət olduğunu da çatdırıb. 

Bəli, ərazi bütövlüyü və suverenlik məsələsi ilə manipulyasiya edən Ermənis­tanın məqsədi Rusiyanı, elə İranı da qlobal tranzitdən ofsayd durumunda saxlamaqdır. Birinci məhz bu səbəbdən ortaya atılıb. Dedov durumu Dəmirçuluya anladıbmı, – bilmirik. Bu yerdə Rusiya XİN rəsmisi M.Zaxarovanın daha bir fikrini diqqətə çat­dıraq. M.Zaxarovanın bildirdiklərindən o nəticə hasil olurdu ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri­nin görüşlərində tərəflər ölkələrin suveren­liyi pozmamaq üçün tam yuridik əsaslarla həyata keçirilməli olan gömrük prosedur­larına qədər hər şey razılaşdırılmışdı. An­caq rəsmi İrəvan son anda mövqeyindən uzaqlaşaraq Rusiya sərhədçilərinin təkcə Ermənistan deyil, həm də Azərbaycan tərəfində nəzarəti həyata keçirmələri şərti­ni irəli sürüb.

Məlumdur ki, Bakı bu şərti qəbul edə bilməzdi və etməyib də. Həm də ona görə ki, müharibə məğlubu ölkə belə tələb irəli sürməməlidir. Ən sonuncu sualımız isə bu­dur: İran Ermənistanı məğlub sayır, yoxsa yox!? Yaxud Azərbaycanın qələbəsini qə­bul edir, yoxsa fərqli düşünür? Yaxşı olar ki, İran Ermənistanın vaxtilə Qərbə arxa­lanaraq bütün oyun qaydalarını pozduğu­nu, 44 günlük müharibəyə rəvac verdiyini xatırlasın. Amansız savaşın onun sərhədlə­ri yaxınlığında baş verdiyini də həmçinin. Axı dünya başqa dünyadır, bunu görmək çoxmu çətindir?

Ə.CAHANGİROĞLU
XQ



Siyasət