Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində 32 il (1991-2023) mövcud olmuş separatçı rejimin sonuncu “qlavar”ı Samvel Şahramanyan yenə də sərsəm açıqlamaları ilə gündəmə gəlib. Xunta rejiminin Ermənistan paytaxtına sığınmış tör-töküntüləri sentyabrın 2-də qondarma rejimin yaradılmasının “ildönümü”nü qeyd ediblər. Onlar həmin gün ölkəmizə qarşı işğalçı müharibədə həlak olmuş şəxslərin dəfn edildikləri İrəvandakı “Yerablur” qəbiristanlığında olublar.
Azərbaycan Ordusunun ötən il keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı heç bir sutka müqavimət göstərməyə gücü çatmayan, döyüşlərin başlamasından cəmi 5-6 saat sonra “ağ bayraq” qaldıraraq təslim olan, süqut edən, sentyabrın 28-də rejimin 2024-cü il yanvarın 1-dək mövcudluğuna xitam verilməsi haqqında “fərman” imzalayan Şahramanyan, deyəsən, həmin günləri unudub.
Separatçıların sonuncu başçısı jurnalistlərlə söhbətində 1991-ci il sentyabrın 2-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik Şaumyan rayonunun sərhədləri daxilində qondarma rejimin yaradılmasını “Dağlıq Qarabağ xalqının müstəqillik bəyannaməsi” qəbul etməsi adlandırıb. Şahramanyan təəssüflə bildirib ki, erməni əhalisi bu günü öz evindən uzaqda qeyd edir. Onların geri qayıtması məsələsi “respublikanın indiki hakimiyyətinin” daim gündəmindədir.
O, “Artsax parlamenti”nin qərarı ilə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi işçi qrupunun yaradıldığını qeyd edib. Bildirib ki, onlar vaxtaşırı görüşür və hayların daimi yaşayış yerlərinə qayıtması üçün bütün mümkün variantları müzakirə edirlər. “Lakin biz bu qayıdışın beynəlxalq təminat mexanizmlərindən istifadə etməklə həyata keçirilməsinə hazırlaşmalıyıq, əgər bu təminatlar realdırsa, biz artsax xalqının öz vətənlərinə qayıtmasını təmin etməyə hazırıq” – deyə bildirib.
2023-cü il sentyabrın sonu, oktyabrın əvvəllərində özündən əvvəlki separatçı “qlavarlar” və başqa hərbi canilər həbs edilsələr də, saxlanılmaqdan son anda canını qurtararaq Xocalı hava limanından qalxan təyyarə ilə Qafana uçan Şahramanyan rejimin buraxılmasına dair imzaladığı “fərman” barədə də danışıb. Deyib ki, onun “Artsax respublikasının buraxılması haqqında fərmanı” qanunsuzdur və bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Onun sözlərinə görə, “Artsax”ın ləğvi məsələsi manipulyasiya edilir, guya, onun imzalamalı olduğu sənəd mülki əhalinin təhlükəsiz gediş-gəlişini təmin etməyə imkan verib. Samvel bir daha qeyd edib ki, rejimin ləğvi ilə bağlı “sənəd” qanunsuzdur və onun hüquqi qüvvəsi yoxdur.
Yeri gəlmişkən, qeyd edək ki, vaxtilə Qarabağda etnik separatizmin, bu gün isə Ermənistanda revanşizmin qızışdırılmasına xüsusi “töhfə” verən ölkənin mediası bu tədbiri “Dağlıq Qarabağın prezidenti (?) Samvel Şahramanyanın başçılıq etdiyi Artsax respublikasının ali rəhbərliyinin ziyarəti” kimi qələmə verib.
Şahramanyanın iddiaları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə ehtiyac var. Qeyd etdiyimiz kimi, bir il əvvəl qondarma rejimin buraxılmasına imza atan Samvel indi Azərbaycanla söz oyununa başlayıb. Əlbəttə, bütün bu iddialar ölkəmiz üçün cəfəngiyatdır və heç bir məna kəsb etmir. Bizim üçün burada önəmli olan rəsmi İrəvanın mövqeyidir.
Sirr deyil ki, Ermənistan hakimiyyəti separatçılara hər zaman hərtərəfli dəstək verib. Qarabağdakı işğalçı ordu da Ermənistan silahlı qüvvələrinin ayrılmaz tərkib hissəsi olub. Hayastan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə, təslimolma sənədi imzalamasına baxmayaraq, xarici qüvvələrin sifarişi və dəstəyi ilə Qarabağdakı erməniləri silahlandırır, onların Azərbaycan Respublikasına reinteqrasiyasına imkan vermir, bir sözlə, bölgədə separatizmi təşviq edirdi. Baş nazir Nikol Paşinyan şifahi, eləcə də 2022-ci il oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini yazılı şəkildə tanısa da, tez-tez “Dağlıq Qarabağ” ərazi vahidindən bəhs edirdi. Bu, az imiş kimi, Paşinyan 2023-cü il sentyabrın 2-də Qarabağ ermənilərini “müstəqillik bəyannaməsi” qəbul etmələri münasibətilə təbrik etmişdi.
Nikolun bu addımı göstərdi ki, qarşı tərəf reinteqrasiya prosesində, Qarabağda Azərbaycanın suverenliyinin tam bərpasında maraqlı deyil və ərazi iddialarından əl çəkməyib. Onun xunta rejiminə təbrik məktubu ünvanlaması və sentyabrın 9-da Qarabağ iqtisadi rayonunun həmin hissəsində qondarma “prezident seçkiləri”nin keçirilməsi, S.Şahramanyanın “prezident” elan olunması ölkəmizin səbir kasasını daşdıran son damla oldu. Çünki 44 günlük Vətən müharibəsindən sonra tərəflər arasında qeyri-rəsmi razılıq var idi. Bu razılaşmaya görə, hər şey olduğu kimi qalmalı, tərəflər barışdırıcı mövqe sərgiləməli idi. Amma rəsmi İrəvan bu razılaşmanı dəfələrlə pozdu.
Mina terroru isə hər gün can alırdı. Qarabağdakı silahlı ermənilər azərbaycanlıların keçdiyi yollara minalar basdırmaqda davam edirdilər və bu minalar Ermənistanda 2020-ci ildən sonra istehsal olunmuşdu. Beləliklə, bizim başqa yolumuz qalmadı və 2023-cü il sentyabrın 19-da ordumuz lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat davam edən tədbirlər nəticəsində Ermənistan ordusunun bölmələri silahlarını yerə qoydu və Qarabağın bütün ərazisi üzərində suverenliyimiz bərpa edildi. Azərbaycan ərazisindəki boz zona birdəfəlik ləğv edildi.
Bu xatırlatmanı verməyimiz təsadüfi deyil. Əgər indi Ermənistanın cəsarəti çatırsa, Samvelin bu cəfəng ideyalarının gerçəkləşdirilməsi istiqamətində addımlar ata bilər. O zaman başlarına hansı oyunların gələcəyinə şahid olacaqlar. Ümumiyyətlə, görünən odur ki, hər ilin sentyabrında Ermənistan özünü qəribə tərzdə aparmağa başlayır. Onlar 2020-ci ildən başlayaraq hər ilin sentyabrında zərbə almağa alışıblar. “Dəmir yumruq” isə yerindədir, heç yerə getməyib və növbəti dəfə onun gücünü üzərlərində sınaqdan keçirə bilərlər.
Digər tərəfdən baş verənlər artıq mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtının yetişdiyini göstərir. Doğrudur, Qərbi Azərbaycan İcması var və aktiv fəaliyyət göstərir. Amma soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. 2024-cü il iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər burada əsas kimi götürülə bilər. Azərbaycan Prezidenti bildirmişdi ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir. Bu çərçivədə dövlətimizin başçısı ötən əsrdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd etmişdi.
Bu çərçivədə sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsini, parlamentin yeni tərkibinin formalaşmasını qeyd etmək lazımdır. Yeddinci çağırış Milli Məclisin tərkibində Qərbi Azərbaycandan olan, qaçqın həyatı yaşamış, hətta körpə olarkən Qərbi Azərbaycandan valideynləri ilə çıxmağa məcbur olmuş deputatlar var ki, onlar daha fəal olmalıdırlar. Zənnimizcə, parlamentdə bununla bağlı xüsusi komissiyanın yaradılması məsələsinə də baxılması, ümumi işin xeyrinə olar.
Mövzu üzrə fikirlərini “XQ” ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirdi ki, S.Şahramanyanın açıqlaması və Ermənistan hökumətinin bəyanatları, onların vaxt uzatması bölgədə sülhə ciddi zərbədir: “Məlum olduğu kimi, Qarabağ erməniləri bugünlərdə 1991-ci il sentyabrın 2-də elan etdikləri qondarma müstəqilliklərinin ildönümünü qeyd ediblər. Həmin gün Şahramanyan və digərləri Qarabağ ermənilərinə müraciət edərək sərsəm bəyanatlar səsləndirmişlər. Bu fonda Ermənistan rəhbərliyinin 2024-cü ildə imzalanmasına böyük ümidlərin bəslənildiyi sülh müqaviləsini imzalamaması və ölkəmizə qarşı ərazi iddialarındən əl çəkməklə bağlı konkret mövqe nümayiş etdirməyərək vaxtı uzatması bölgədə sülhə zərbə kimi başa düşülməlidir. Bir tərəfdən erməni separatçıları köhnə ab-havada iddialarını davam etdirirlər, digər tərəfdən rəsmi İrəvan məğlub ordusunu gücləndirir, sülh gündəliyi ilə bağlı konkret addımlar atmır”.
Z.Məmmədovun sözlərinə görə, bütün bunlar aşağıda qeyd olunanların aktuallaşmasının istisna olmadığını göstərir: “İlk növbədə Ermənistanın silahsızlaşdırılması məsələsi gündəmdədir. Qərbi Zəngəzur və Göyçə gölünün ortasından şərti sərhədlərə qədər ərazilər silahsızlaşdırılmalıdır. Bu ərazilərdə Ermənistan ordusu ancaq yüngül tipli silahlarla təchiz edilməlidir. Birinci və İkinci dünya müharibələrindən sonra Almaniya, Yaponiya, ötən əsrin sonlarında İraq nümunələri artıq var. İkincisi, beynəlxalq aləm azərbaycanlıların qayıdışı məsələsinə ciddi yanaşmalıdır. Bölgədə sülhün möhkəmləndirilməsi üçün toplumlar əvvəlki demoqrafik coğrafiyaya qayıtmalıdırlar. Şahramanyanın bəyanatları isə sülh prosesini gərginləşdirir, revanşizmdən xəbər verir”.
Politoloq istisna etmir ki, Milli Məclisdə Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradıla bilər. Onun sözlərinə görə, əgər Ermənistan hücum xarakterli silahlarını Zəngəzura yerləşdirməyə, ərazi iddiaları ilə ordumuza qarşı atəşkəsi pozmağa davam edəcəksə, o zaman bölgədə bufer zonasının yaradılması üçün lazımi addımlar atılacaq. Beləliklə, Azərbaycanın sülh çağırışları fonunda Ermənistandakı separatçılar və hökumət tərəfindən verilən bəyanatlar regionun təhlükəsizliyi ilə bağlı adekvat addımların atılması ilə nəticələnə bilər.
Səxavət HƏMİD
XQ