Azərbaycanlı dramaturq İsmayıl İmanın pyesi əsasında, rejissor Jandos Aybasovun çəkdiyi “37 nömrəli” (2025) film Qazaxıstanda nümayiş etdirilib. Süjetdə terror hücumu nəticəsində həlak olan və gözlənilmədən on beş il sonra ailəsinin yanına qayıdan Rəsulun hekayəsindən bəhs edilir.
AZƏRTAC xəbər verir ki, filmin premyerası günü Almatıda 2022-ci ildə İsmayıl İmanın “Astara bağları” (2017) pyesi əsasında müstəqil ŞAM Almatı teatrı tərəfindən səhnələşdirilən eyniadlı tamaşanın yubiley, 100-cü və sonuncu nümayişi olub.
Musrepov adına Teatrının bədii rəhbəri, Qazaxıstanın ən məşhur müasir rejissorlarından biri olan Fərhad Moldaqalinin quruluşu əsl milli hitə çevrilib: tamaşa ölkənin bütün böyük şəhərlərində qastrol səfərlərində nümayiş olunub və 100 mindən çox tamaşaçı cəlb edib. “Astara bağları” dramaturq Əlişir Rahat tərəfindən qazax dilinə tərcümə edilib. Eyni zamanda onun “Astara bağları” da daxil olmaqla, pyes tərcümələrindən ibarət toplusu da həmin günlərdə işıq üzü görüb.
“Mətniniz başqa bir ölkədə - əvvəlcə teatr səhnəsində, indi isə ekranda səslənəndə bu, həm xoş, həm də həyəcanlıdır”, - deyə İ.İman son hadisələri şərh edərək bildirib. Onun sözlərinə görə, bu, öz müstəqil həyatı olan bir uşaq kimidir: “O, başqa dildə danışır, onu tanıyırlar və sevirlər. Tamaşa bir qədər dəyişib, Qazaxıstana uyğunlaşdırılıb (“Astara bağları”nın əvəzinə “Balxaş gölü”), amma mahiyyəti eyni olaraq qalır - əsasını insan hekayəsi, insanların dramı və münasibətlərin kövrəkliyi təşkil edir. Maraqlıdır ki, film pyesin populyarlığına və güclü aktyor heyətinə arxalanaraq, nəticədə personajları və süjeti baxımından orijinal tamaşaya daha da yaxın oldu”.
Diqqətəlayiqdir ki, teatr tamaşasının demək olar ki, bütün aktyor heyəti filmin ekranlaşmasında dəyişməz olaraq qaldı. Bu, Qazaxıstanın müasir tarixində tamaşanın ilk film adaptasiyasıdır. Baş rollarda Yerkebulan Dayırov, Asan Majit, Zarina Karmen və digər aktyorlar çəkiliblər. “Sham Films”in dəvəti ilə İsmayıl İman tamaşanın son nümayişində və filmin təqdimatında iştirak edib.
Azərbaycanlı dramaturqun Almatıda olduğu müddətdə daha bir hadisə baş verib. Noyabrın 14-də “Transforma” məkanında onun “Grandiosa danışır” (2024) pyesinin oxunuşu keçirildi. Tamaşanın rejissoru dramaturq və bədii menecer Olqa Malışeva, oxucular qismində isə Almatı teatrlarının aktyorları çıxış ediblər.

