Azərbaycan–Qazaxıstan iqtisadi əlaqələri yeni mərhələdə

post-img

Dünən Bakıda Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının ikinci iclası keçirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru (AZPROMO) Yusif Abdullayev iclasda çıxışı zamanı rəhbərlik etdiyi qurumun işgüzar şuranın fəaliyyətinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Son 14-15 il ərzində Azərbaycan–Qazaxıstan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-dən çox biznes forumunun keçiril­diyini diqqətə çatdıran AZPROMO rəhbəri deyib ki, işgüzar şuranın platforması­nı təkmilləşdirmək üçün təşkilati işləri gücləndirmək lazımdır. “Üstəlik, şuranı qanuni qeydiyyatdan keçirmək də vacibdir. Bundan başqa, yeni şirkətlər şuraya qoşulmağa dəvət etməli, daha çox müəssisə cəlb etməliyik”, – deyə o əlavə edib. Onun sözlərinə görə, Azərbaycan iki ölkə arasında iqtisadi əlaqələrin ge­nişləndirilməsi üçün platformanın istənilən imkanlarını müzakirə və istifadə etməyə hazırdır.

Azərbaycan–Qazaxıstan İşgüzar Şurasının üçüncü iclasının dövlət baş­çılarının iştirakı ilə keçiriləcəyini bildirən AZPROMO rəhbəri qeyd edib ki, ikitərəfli əməkdaşlığı artırmaq üçün böyük poten­sial mövcuddur və hər iki ölkənin kiçik, orta və böyük şirkətlərini qarşılıqlı fəaliy­yətə dəvət etmək lazımdır.

Qazaxıstanın nəqliyyat nazirinin müavini Satcan Ablaliyev çıxış edərək qeyd edib ki, Orta Dəhlizlə yük daşıma­larının həcminin artırılması planlaşdırılır. Qazaxıstan və Azərbaycan arasında yük daşımalarının 1,5 dəfə artaraq 4,3 mil­yon tona çatdığını diqqətə çatdıran nazir müavini son zamanlar Orta Dəhlizdə də bu sahədə canlanma müşahidə olundu­ğunu deyib. Ötən il sözügedən marşrut­la yük daşımalarının 65 faiz çoxaldığını bildirən S.Ablaliyevin sözlərinə görə, 2024-cü ildə bu rəqəm 4,2 milyon tona çatdırılacaq. “Bir sıra şirkətlər dəmir yolu daşımalarına endirimlər edir ki, bunun sayəsində də yük daşımalarının həcmi artır. Həmçinin Çin konteynerləri ilə daşı­malarda 3 dəfə artım müşahidə olunur”, – deyə o bildirib. 

Xəzər dənizinin dibi ilə fiber optik rabitə xəttinin çəkilməsindən bəhs edən nəqliyyat nazirinin müavini deyib ki, bu layihə ilə təkcə region ölkələri deyil, re­giondan kənardakı ölkələr də maraqlan­dığından Qazaxıstan əlavə xətlərin çəkil­məsini müzakirə etməyə hazırdır. 

İşgüzar şuranın iclasında çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağa­lar Atamoğlanov martın 5-də Astanada baş tutan birgə hökumətlərarası komissi­yanın növbəti iclasının səmərəli keçdiyini xatırladaraq tədbirdə Qazaxıstan–Azər­baycan İnvestisiya Fondunun yaradılma­sını, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük axınlarının artırılması, yüngül kimya və maşınqayırma, eləcə də digər sahələrdə əməkdaşlığın genişlən­dirilməsi üzrə bir çox razılaşmaların əldə edildiyini diqqətə çatdırıb. Orta Dəhlizin potensialının təkcə regiondakı investorla­rı deyil, həm də regiondan uzaqda digər investorları da cəlb etdiyini vurğulayan səfir işgüzar şuranın iclasının faydalı ola­cağına ümid etdiyini bildirib.

İkitərəfli münasibətlərin bütün sahələrdə inkişaf etdiyini vurğulayan səfi­rin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana növbəti səfəri iki ölkə arasında münasi­bətləri möhkəmləndirəcək, əməkdaşlıq üçün yeni üfüqlər açacaq. Azərbaycan və Qazaxıstanın müttəfiq və strateji tərəfdaş olduğunu xatırladan diplomat, həmçinin qarşılıqlı səfərlərin münasibətlərə güclü təkan verdiyini bildirib. 

Yeri gəlmişkən, Qazaxıstan–Azər­baycan İşgüzar Şurasının ikinci iclası çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfede­rasiyası ilə Qazaxıstanın “Atameken” Sa­hibkarlar Milli Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, 1999-cu ildə Azərbay­can və Qazaxıstan arasında yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Ötən müddətdə komissiyanın 20 iclası keçirilib. 2024-cü il martın 5-də As­tanada baş tutan son iclasda qardaşlıq və dostluğa əsaslanan yüksək səviyyəli Azərbaycan–Qazaxıstan münasibətləri­nin yeni tarixi mərhələdə inkişafını təmin edən çoxşaxəli əməkdaşlıq gündəliyi, hədəflər, ticari-iqtisadi, enerji, nəqliyyat, logistika, sənaye, tikinti, kənd təsərrüfatı, səhiyyə, qida təhlükəsizliyi, kosmik fəa­liyyət, rəqəmsallaşma, informasiya tex­nologiyaları, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, turizm, idman, ekologiya və ətraf mühit sahələrində görülən işlər və perspektivlər nəzərdən keçirilib.

Qeyd olunub ki, 2023-cü ildə ölkələ­rimiz arasında yükdaşımaların həcmi 1,5 dəfə artaraq 4,3 milyon ton təşkil edib. Ötən il Orta Dəhliz üzrə daşımalar isə 65 faiz artaraq 2,8 milyon tona çatıb. Bu­nunla yanaşı, 2023-cü ildə iki ölkə ara­sında ticarət dövriyyəsinin həcmi 598,47 milyon dollar təşkil edib. Müstəqilliyin ilk illərindən etibarən Azərbaycan Qazaxıs­tana 211,4 milyon dollar, Qazaxıstan isə ölkəmizin iqtisadiyyatına 114 milyon dol­lar investisiya yatırıb. 

Bundan başqa, neft-qaz sektorun­da əməkdaşlığın genişləndirilməsi, bir­gə layihələrdə iştirak imkanları, müxtəlif marşrutlarla Qazaxıstan neftinin tranzit həcmlərinin, Orta Dəhliz vasitəsilə yük­lərin daşınmasının artırılması məsələlə­rinə baxılıb. Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycan və Qazaxıs­tanı birləşdirən Xəzər sualtı optik xəttin tikintisinin yekunlaşdırılması, “Mərkə­zi–Asiya–Avropa” marşrutu üzrə elektrik enerjisinin ötürülməsi layihəsinin texni­ki-iqtisadi əsaslandırılması prosesinə başlamaq üçün texniki tapşırıq sənədinin tezliklə hazırlanması, sadalanan bütün istiqamətlər üzrə müvafiq addımların atılması razılaşdırılıb. Hər iki ölkənin ya­şıl enerjiyə keçid sahəsində ciddi səylər göstərdiyi vurğulanaraq bərpaolunan enerji və enerji səmərəliliyi kimi sahələr­də Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə olunub.

Son illər iki ölkə neft və neft məh­sullarının ticarəti sahəsində də uğur­la əməkdaşlıq edir. Qazaxıstan neftin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə dünya bazarına çatdırılması, bu ölkəyə məxsus xam neftin Azərbaycanda emalı bu baxımdan diqqət çəkir. Məlum olduğu kimi, “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qa­zaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi ötən il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat