İqtisadiyyatın bütün sahələrində stimullaşdırıcı mexanizmlərin tətbiqi şəraitində həyata keçirilən layihələr qeyri-neft sektoruna büdcə gəlirlərinin əsasını təşkil edən vergi daxilolmalarının artımını gerçəkləşdirir.
Dövlət Vergi Xidmətindən aldığımız məlumata əsasən, dövriyyələrin şəffaflaşdırılması istiqamətində görülən tədbirlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, eləcə də, vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında nəzərə çarpan artım templəri həm tədiyə növləri üzrə, həm də qeyri-neft sektorunda vergi daxilolmalarının artımına əlverişli şərait yaradır.
Cari ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunun əksər fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (75,5 faiz), ticarət sahəsində (30,5 faiz), xidmət sektorunda (28,1 faiz) və tikinti sektorunda (17,6 faiz) qeydə alınıb.
Qeyri-neft sektorunda 5 ayda tədiyələr üzrə vergi daxilolmalarında yüksək artım templəri nəzərə çarpıb. ƏDV daxilolmalarında artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,6 faiz, aksiz üzrə 16,4 faiz, mənfəət vergisi üzrə 15 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə 14,1 faiz, torpaq vergisi üzrə 48,4 faiz, əmlak vergisi üzrə 41,5 faiz, yol vergisi üzrə 17,7 faiz, dövlət rüsumları üzrə 23,2 faiz təşkil edib.
İqtisadiyyatda şəffaflaşma proseslərinin davamlı olmasını təsdiqləyən göstəricilərdən biri də ƏDV-yə cəlb olunan dövriyyələrdə, qeyri-neft sektorunun dövriyyələrində artım templərinin, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artım dinamikasının sürətlənməsi və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsidir.
Son 5 il ərzində reallaşdırılan islahatların nəticəsi kimi qeydə alınan davamlı artım iqtisadiyyatımızın dayanıqlılığına, mürəkkəb iqtisadi şəraitdə dinamik göstəricilərin sabitliyinə və kənar təsirlərə qarşı davamlılığına imkan verir. İqtisadi artım şəffaf biznes fəaliyyətinin təmin olunduğu şəraitdə formalaşır. Belə bir tendensiyanın davamlılığı büdcə daxilolmalarının mütəmadi artması deməkdir. Bu isə cəmiyyətin rifahının, yüksək səviyyəli sosial xidmətlərin və firavan gələcəyin təminatıdır.
Vergi sisteminin indiki inkişaf dinamikasına heç də asanlıqla nail olunmayıb. Belə ki, təqribən ötən 30 illik bir müddətdə vergi siyasəti iqtisadiyyatın indiki tələblərinə uyğun olaraq daim təkmilləşdirilib, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericilikdə bir sıra əsaslı dəyişikliklər edilib. Bütün bunlarla bərabər, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə metodları təkmilləşdirilib, şəffaflaşma prosesləri genişləndirilib, dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub.
Reallaşdırılan layihələr sırasında qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznesin şəffaflaşma çağırışlarına müsbət reaksiya verərək adaptasiya prosesinin diqqətdə saxlanılması kimi təşəbbüslər xüsusi yer tutub, nəticədə “kölgə iqtisadiyyatı”nın “ağarması” prosesi getdikcə sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü qabarıq büruzə verib. Bununla bağlı dövlətimizin başçısı çıxışlarının birində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasının vergi daxilolmalarının artmasına əsaslı təsir göstərdiyini diqqətə çatdırıb: “Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub”.
Beləliklə, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində reallaşdırılan tədbirlər bir çox sahələrdə fəaliyyəti leqallaşdırmağa və aktiv ödəyicilər kateqoriyasını artırmağa imkan verib. 2023-cü ilin iyun ayının 1-nə ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,5 faiz, hüquqi şəxslərin sayı isə 9,7 faiz artıb.
Azərbaycanda “kölgə iqtisadiyatı”nın miqyasının azaldılması sahəsində son illər əhəmiyyətli nəticələr əldə edilib. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən hədəflərə uyğun şəkildə vergi sistemində ciddi dəyişikliklər və yeni yanaşmalar tətbiq olunub, iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib. Şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlarla dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi ilə biznesin “kölgə”dən çıxmasına nail olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 365,7 min vahid artıb və 2023-cü il iyun ayının 1-nə 1,767,6 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 318,1 min vahid artaraq 858 minə yaxın olub.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
Ötən illərdə Vergi Məcəlləsində vergi ödəyicilərinin mənafelərinə xidmət edən dəyişikliklər edilməsi də diqqət mərkəzində saxlanılıb. Sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim edilməməsinə görə həyata keçirilən maliyyə sanksiyasının ləğvi bunun bariz ifadəsidir.
Ekspertlər bildirirlər ki, əvvəllər bir sıra vergi ödəyiciləri, xüsusilə mikro sahibkarlıq subyektləri bir sıra hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etmir (əksər hallarda qanunvericiliyin tələblərini bilməməsi səbəbindən) və vergi orqanı tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdu. Bu isə vergi öhdəliyi yaranmayan vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına gətirib çıxarırdı.
Son dövrdə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyənləşdirilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunur.
Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayış verməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilmir.
Qeyri-neft sektorunun inkişafının vergi daxilolmalarının artımına təsirindən bəhs edərkən əvvəlcə bir məqamı da xatırlatmaq istərdim. Belə ki, respublikada həyata keçirilən vergi islahatları iqtisadi zonalarda əlverişli biznes şəraitinə də müsbət təsir göstərib. Məsələn, texnologiya və sənaye parklarının rezidentləri üçün səmərəli vergi mühiti yaradılıb. Hər bir startap üç il müddətinə gəlir vergisindən azad edilib. Həmçinin kənd təsərrüfatı sahəsində vergi dərəcələri azaldılıb və sahibkarlıq fəaliyyətinin təşviqi diqqət mərkəzində saxlanılıb. Biznes fəaliyyətinin inkişafında bütünlükdə rəqəmsallaşma böyük rol oynayıb. Şübhəsiz ki, bu məsələnin həllinə hər bir sahibkar üçün əlçatan dövlət vergi sisteminin yaradılması önəmli təsir göstərib.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”