Yas süfrələri: ənənə, yoxsa israfın adiləşməsi?

post-img

Azərbaycan cəmiyyətində yas mərasimləri qədimdən bəri kollektiv həmrəylik, mərhəmət və dəstəyin ifadəsi kimi qəbul olunub. Lakin son illər bu mərasimlərin forma və məzmununda ciddi dəyişikliklər müşahidə edilir. Əslində kədərin, hüznün yaşanmalı olduğu bu məqamlar, təəssüf ki, getdikcə təmtəraqlı ziyafət masaları, gözqamaşdıran menyular, bir-birindən baha ətirli yeməklər, çoxsaylı ofisiant və servis xidmətləri ilə müşayiət olunmağa başlayıb. Yas yox, sanki toy təəssüratı yaradan bu süfrələr artıq cəmiyyətdə narahatlıq doğurur.

Samux nümunəsi

Samux rayonunda ictimai razılaşma və yerli icra strukturlarının təşəbbüsü ilə yas mərasimlərində yemək verilməsi 5 aydır ki, aradan qaldırılıb, yaxud ciddi şəkildə məhdudlaşdırılıb. Samuxda bu proses dini icmanın dəstəyi, yerli ağsaqqalların rolu və əhalinin anlayışı ilə olduqca sakit və ardıcıl şəkildə aparılıb. İlk olaraq rayon mərkəzində, sonra digər kəndlərdə ehsan süfrələri yığışdırılıb. Yas mərasimində yalnız halva, çay, bəzən də pendir və göyərti qoyulur, vəssalam.

Yas mərasimlərinin 3 günlə məhdudlaşdırılması, sadəcə, çay və xurma ilə kifayətlənilməsi təşəbbüsü rayonda və ətraf bölgələrdə geniş ictimai dəstək qazanıb.

Hazırda bu model Şəmkir, Goranboy, Tovuz və Gədəbəy rayonlarında da tətbiq olunmağa başlayıb. Bəzi yerlərdə məscid imamları cümə xütbələrində bu məsələyə toxunur, rayon icra nümayəndəlikləri və bələdiyyələr maarifləndirmə işləri aparır. Əksər şəhər və rayonlar Samuxdakı kimi hamısı tam əhatə olunmasa da, ayrı-ayrı kənd və qəsəbələrində bu təşəbbüsə qoşulanlar var.

Qorxu, töhmət və rəqabət

Yas süfrələrinin geniş vüsət almasının bir neçə səbəbi var. Əvvəla, insanlar düşünür ki, yemək verməsələr, qonum-qonşu “xəsislik” kimi başa düşəcək. Burada, necə deyərlər, mənasız bir sosial rəqabət də var. Biri 300 nəfərlik yas verirsə, digəri 500 nəfər çağırmaqla “artıq etdiyi”ni sübut etmək istəyir.

Bəzən kənardan, məhz ətrafdan gələn “bir çayla yola verməzlər” fikirləri də ailələri məcbur edir. Adamın yaxınını itirdiyi bir anda, o, cəmiyyətdən qopur və qərar verməkdə aciz qalır. Bu boşluqdan istifadə edən bəzi “təşkilatçılar” həmin məclisləri gəlir mənbəyinə çevirirlər. Nəticədə ağır dərd yaşayan insanlar, bir də israf və maddi borclarla üz-üzə qalırlar.

Dini baxış nə deyir?

İslam dini bu məsələdə çox aydın və birmənalı mövqe ortaya qoyur: yası ailə verməməlidir, əksinə, ailəyə yemək aparılmalıdır. Bu, həm Peyğəmbər (s.ə.s) sünnəsində, həm də şiə mənbələrində geniş yer alır. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dəfələrlə bəyan edib ki, yas süfrələrinin təmtəraqlı şəkildə təşkili dinə ziddir və ailənin vəziyyətinə zərər vurur.

QMİ-nin sədri Hacı Allahşükür Paşazadə bu məsələdə öz çıxışlarında dəfələrlə demişdir: “Yas mərasimlərində israf haramdır. Qardaş acından ölür, sən isə orada 10 növ plov verirsən? Bu, İslam deyil, özfəaliyyətdir.”

Yas süfrələri hansı qiymətə başa gəlir?

Sadə bir orta statistik hesablamaya görə, 300 nəfərlik yas süfrəsi 3 gün boyunca orta hesabla 5000–7000 manat xərc tələb edir. Xüsusi hallarda çadır, servis, ofisiant, menyu bolluğu ilə bu rəqəm 10 min manatı da keçə bilər. Bütün bunlar təqaüd, maaş və ya kreditlə yaşayan bir ailə üçün dözülməz yükdür.

Əlavə olaraq, bu məclislər zamanı xərclənən ərzaq və israf olunan qida bəzən bir neçə ailənin bir aylıq ehtiyacına bərabərdir.

Ailənin ikiqat itkisi

Bu insanlar bir tərəfdən əzizlərini itirməyin ağrısı ilə qarşılaşırlar. Digər tərəfdən məclisin təşkili, qonaqların qarşılanması, yemək-içməyin keyfiyyəti, çadırların sayı, xidmətçilərin sayı ilə məşğul olmaq məcburiyyətində qalırlar. Bu isə ailəyə əlavə bir ruhi sarsıntı gətirir. Bəzən bu səbəbdən ailə üzvlərində depressiya halları baş verir.

Bəs biz nə etməliyik?

Yas məclislərində yemək-içməyin verilməsinə dair vahid qərar hazırlanmalı və icra olunmalıdır. Bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bələdiyyə Assosiasiyaları, QMİ, şəhər və rayon icra strukturları və ictimai təşkilatlar tərəfindən hazırlanmalıdır.

Maarifləndirmə işləri genişləndirilməlidir. Televiziya, mətbuat, sosial media, məktəb və məscidlərdə ardıcıl çağırışlar səslənməlidir. Real nümunələr göstərilməlidir.

Alternativ variantlar irəli sürülməlidir. Məsələn, yemək yerinə Quran oxutmaq, sadə xurma-çayla yola vermək təşviq olunmalı, buna əməl edənlər təqdir edilməlidir.

Nüfuzlu şəxslər və ziyalılar danışmalıdır. Jurnalistlər, müəllimlər, alimlər, din xadimləri bu məsələdə vahid mövqe ortaya qoymalıdır.

Mərhuma hörmət xatirəsinə ehtiramdır

Böyük alimlərdən biri deyirdi: “Yas yerindəki təmtəraqlı süfrə ölüyə dua gətirmir, sağa borc gətirir”.

Biz yas yerini səssizliklə, dua ilə, sadəliklə qoruyub saxlamalıyıq. Bu, həm ölüyə, həm də sağ qalanlara rəhmətdir. Gəlin bir xalq olaraq bu israfkar, mənəvi yük gətirən və bəzən riyakarlıqla müşayiət olunan adətə birdəfəlik son qoyaq.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Əməkdar jurnalist

Sosial həyat