Avropa Ukraynaya ABŞ-dan artıq yardım edir

post-img

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşü ərəfəsində Vaşinqton Kiyevə “praqmatik olmaq” və ordusunun real imkanlarını nəzərə almaq çağırışı edib. “Politico” nəşrinin məlumatına görə, Ağ Ev mümkün sülh sazişi üçün açıq şəkildə “qırmızı xətlər” müəyyənləşdirməkdən imtina edib. Avropa ölkələri isə Trampla görüş ərəfəsində öz şərtlərini təqdim etməyə hazırlaşır. Liderlərin danışıqları avqustun 15-də Alyaskada keçiriləcək.

Prezident Donald Tramp Rusiya-Ukrayna müharibəsini həll etməyə çalışır. Ağ Ev də anlayır ki, üç ildən artıq davam edən hərbi münaqişəni hamını razı salacaq şəkildə yekunlaşdırmaq asan olmayacaq. Bununla belə, Vaşinqton vəziyyətə soyuqqanlı yanaşmağa və tərəflərin qarşılıqlı güzəştə getməli olacağına işarə edir. Avropa və Ukrayna isə ərazi bütövlüyü məsələsində beynəlxalq hüquqa əsaslanmağın vacibliyini vurğulayır. Rəsmi Kiyev ümumiyyətlə hər hansı bir ərazini güzəştə getməyəcəyini bildirir.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın Ukraynaya hərbi yardımı mühüm əhəmiyyət kəsb edir. Lakin son məlumatlar göstərir ki, Avropa da Kiyevə dəstəyini əhəmiyyətli dərəcədə artıraraq bu sahədə Vaşinqtonu geridə qoyub. Kiel Dünya İqtisadiyyatı İnstitutunun araşdırmasına əsasən, Avropa ölkələrinin Ukraynaya ümumi hərbi yardımı 2022-ci ildən bəri ilk dəfə ABŞ-ı üstələyib. Müharibənin başlanğıcından bəri avropalılar Kiyevə 80,5 milyard avro, ABŞ isə 64,6 milyard dollar həcmində hərbi yardım ayırıb. 2025-ci ilin may - iyun aylarında Aİ Kiyevə 10,5 milyard avro ayırıb: Almaniya – 5 milyard, Norveç – 1,5 milyard, Belçika – 1,2 milyard. Bu vəsaitin təxminən 44 faizi əsasən Avropa və Ukrayna müdafiə müəssisələri ilə bağlanmış satınalma müqavilələrinə yönəlib.

“Financial Times” yazır ki, müharibənin başlanğıcından bəri Avropanın müdafiə sənayesində tikinti həcmi üç dəfə artıb. Araşdırılan 150 müəssisədən 88-i Aİ-nin “ASAP” proqramı ilə maliyyələşdirilir. Bu proqram çərçivəsində sursat və raket istehsalını artırmaq üçün 500 milyon avro ayrılıb. Bundan başqa, nəşr qeyd edir ki, Avropanın müdafiə sənayesinin istehsal gücünün artırılması artıq davamlı tendensiyaya çevrilib. Jurnalistlərin təhlilinə görə, müharibənin əvvəlindən bəri hərbi-sənaye obyektlərinin ümumi sahəsi 7 milyon kvadratmetr artıb.

Eyni zamanda, Qərb mətbuatı vurğulayır ki, ən böyük layihə Almaniyanın “Rheinmetall” şirkəti ilə Macarıstan dövlət müdafiə holdinqinin birgə zavodudur. Burada hazırda Lynx KF41 döyüş maşınları üçün 30 millimetrlik sursat istehsal olunur, gələcəkdə isə “Leopard 2” və “Panther” tankları üçün mərmilər də istehsal ediləcək. Mütəxəssislərin fikrincə, Avropa artıq sülh dövrünə xas istehsaldan “uzunmüddətli müharibə” üçün sənaye bazası qurmağa doğru keçid edir. ABŞ isə diqqətini siyasi həll yollarına, o cümlədən kuluar müzakirələrdə səsləndirilən “ərazilərin dəyişdirilməsi” variantına yönəldib.

Aİ, həmçinin Ukraynaya 45 milyard avro həcmində maliyyə yardımı ayırmağı planlaşdırır. Bu vəsaitin böyük hissəsi kredit şəklində veriləcək və dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlir hesabına ödəniləcək. Avqustun 11-də Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən 1,6 milyard avro məbləğində yardımın üçüncü tranşını Kiyevə köçürüb. Ümumilikdə, genişmiqyaslı işğal başlayandan bəri Aİ, Kanada, ABŞ və Yaponiya Mərkəzi Bankın, təxminən, 300 milyard avro aktivini dondurub. Lakin Avropa Mərkəzi Bankı onların müsadirəsini qəbuledilməz sayır, çünki bu addım Avropa maliyyə sisteminə etimadı sarsıda bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət