Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin müəllimi və Regionşünaslıq kafedrasının tədqiqatçısı Aqşin Əliyev ilə görüşüb.
Görüşdə Azərbaycan-Çin elmi-mədəni əlaqələrinin inkişaf perspektivləri, iki ölkə arasında dil, ədəbiyyat və mədəniyyətin qarşılıqlı təbliği sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Elçin Babayev Aqşin Əliyevin Azərbaycan dilinin və mədəniyyətinin Çində tədrisində, ilk azərbaycanşünas kadrların hazırlanmasında, Azərbaycan-Çin humanitar əməkdaşlığının genişlənməsində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.
Aqşin Əliyev 2016-cı ildə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının yaradılması, 2018-ci ildə isə dünyada ilk dəfə əcnəbilər üçün nəzərdə tutulmuş dördillik “Azərbaycan dili” bakalavr ixtisasının təsis olunması barədə məlumat verib. O, hazırda həm Azərbaycan dilinin müxtəlif aspektlərdən tədrisinin, həm də Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinin Çində təbliğinin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tərəflər birgə layihələrin icrası, elmi-tədqiqat mübadiləsi, tələbə və müəllimlərin qarşılıqlı ezamları, konfrans və seminarların təşkili kimi məsələlər barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda Elçin Babayev Aqşin Əliyevə fəaliyyətində yeni uğurlar arzulayıb, Azərbaycan elminin və mədəniyyətinin beynəlxalq aləmdə təbliği sahəsində fəaliyyətinə BDU-nun hər zaman dəstək göstərəcəyini bildirib.