İnsanın yaratdığı “hibrid fəsil”lər

post-img

Təbiətin ritmləri niyə pozulur?

Bəşəriyyət təbiətin minillər boyu dövr edən 4 fəsildən ibarət ritmlərinə – al-əlvan çiçəkli yaza, biçinli-bəhərli yaya, sərin nəfəsli payıza, eləcə də ruhuna hüzur və dinclik gətirən qışa alışmışdı.

Həyatımız təbii olaraq bir-birini əvəz edən bu fəsillərə uyğun nizamlanmışdı. İnsan, həmçinin təqvimdəki bayramlara, əmək və istirahət günlərinə öyrəşmişdi. Təbii ki, ümidlər, xatirələr daim bəşər övladını müşayiət edib.

Lakin indi bizi əhatə edən mühitin nizamı pozulub. Təbiət sanki başqa bir dildə, çoxumuzun anlamadığımız yad dildə danışır. Acı həqiqət budur ki, insanın səbəb olduğu qlobal iqlim dəyişikliyi nəticəsində Yer üzündə yeni “fəsillər” yaranıb – bəzən dumanlı, bəzən zəhərli, bəzən də səssiz və qorxulu fəsillər...

Məsələn, Cənub-Şərqi Asiyada artıq bir neçə ildir ki, “duman fəsli” müşahidə olunur. Son illər havalar bu ərazilərdə çox quraq keçdiyindən meşə yanğınları artıb, nəticədə qalın tüstü həftələrlə göy üzünü bürüyür.

İndoneziyanın Bali adasında isə noyabrdan martadək “zibil fəsli” başlayır – okeanın gətirdiyi min tonlarla plastik tullantı sahilləri bürüyür. Bu, artıq tez-tez təkrar olunan bir hala çevrilib. Amma bunların nə yaza, nə də yaya dəxli var. Bunlar insanın “yaratdığı” və bəlkə də İlahi cəza olaraq ağır fəsadları ilə üzləşdiyi təbiət ritmləridir.

Eyni zamanda, klassik fəsillər də tədricən yoxa çıxır. Araşdırmalar təsdiq edir ki, İngiltərənin şimalında quşların çoxalma dövrü daralır. Alp dağlarında qış aylarında yağan qar azalır. Qütblərə yaxın ərazilərdə qış istiləşir, yay isə “qaynar təndirə” çevrilir.

Təbiətdəki bu anomallığı musiqidə pozulmuş ritm anlamı verən “sinkoplaşmış fəsillər” adlandırırlar. Yaz erkən gəlir, bəzən isə, ümumiyyətlə, itir. Yay ya uzanır, ya da çox gecikir. Qış əvvəlkilərdən daha qısa və fərqli olur. Təbiət bir “ritm qəzası” yaşayır. Ürəkdə aritmiya yarandığı kimi, fəsillərin də təbii ahəngi pozulur.

Bu dəyişikliklər, sadəcə, təbiətə deyil, insan həyatına da ağır təsir göstərir. Şimali Tailandda yağış dövrünün pozulması kənd təsərrüfatında məhsuldarlığı kəskin surətdə azaldır. Bu isə aclıq və maddi itkilər deməkdir.

Rusiyanın paytaxtı Moskvada bu ilin mayında yağan qar da sübut edir ki, təbiət bizi artıq xəbərdar etmir – sadəcə silkələyir. Təbiət deyir ki, mənimlə necə davransanız, adekvat münasibət görəcəksiniz. İnsan övladı çox eqoist və naşükürdür.

Bütün bu proseslərə qarşı cəmiyyət adekvat çıxış yolu axtarmaq zorundadır. Bir çox ekoloqlar təbiətin dilini tapmağı tövsiyə edirlər. Amma bunu etmək o qədər də asan deyil.

Yer kürəsi təkcə saatlarla yox, həm də günəş və ayın ritmləri, yağış və küləyin nəfəsi ilə yaşayır. Vaxt itirmədən həm hökumətlərin, həm də fərdlərin səviyyəsində təbiətlə dost olmağın, onunla harmoniyada yaşamağın yollarını tapmaq vacibdir.

Bəli, ağır fəsadları ilə üz-üzə qaldığımız “yeni fəsillər” insanın əli ilə yaranıb. Bəs onları yenidən sabitləşdirmək üçün insan nə etməlidir? Bu sual hələ də cavabını gözləyir. İnsan təbiətlə vicdanlı davranmalıdır. Yoxsa təbiətin qisasından qurtula bilmərik!

M.HACIXANLI
XQ



Sosial həyat