“Günərzi” Qayğı Mərkəzi

post-img

Masallı rayonunda sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ölkə rəhbərliyinin dəstəyi sayəsində müasir tələblərə uyğun, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılmaqdadır. Yerli rəhbərlik də sağlamlıq imkanları məhdud uşaqları diqqətdə saxlayır.

Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın əməkdaşları və media nümayəndələri burada ötən il yaradılmış “Günərzi” Qayğı Mərkəzində dövlətin və cəmiyyətin həssas münasibətinə ehtiyac duyan balaca soydaşlarımızı növbəti dəfə ziyarət ediblər.

Sözügedən mərkəz şəhərin Dadva küçəsində fəaliyyət göstərir. Burada aztəminatlı və valideyn himayəsində məhrum olmuş onlarla uşaq gün ərzində isti münasibətlə, mehriban davranışla əhatə edilib. Hər gün saat 8-də mərkəzə gələn balaca fidanlara burada 2 dəfə isti yemək, çay süfrəsi arxasında növbənöv şirniyyat, habelə meyvə və kompot verilir. Eyni zamanda, mərkəzdə uşaqlar korreksiya, abilitasiya, reabilitasiya və s. xidmətlərlə, psixoloji dəstəklə təmin olunublar. Bayramlarda isə sevinc dolu anlar, maraqlı oyunlar, rəngarəng çıxışlar və unudulmaz sürprizlər yer alır.

Qonaqlar uşaqlar üçün yaradılmış şəraitlə yerində tanış olub, onların sağlamlıq durumu və sosial vəziyyəti ilə yaxından maraqlanıblar. Uşaqların müxtəlif oyuncaqlarla əylənməsi üçün xüsusi yerin ayrılması, yataq otağında təmiz, müasir çarpayılar qoyulması, gigiyena qaydalarına ciddi əməl olunması razılıq doğurub. Rayon rəhbərliyi onlara qiymətli hədiyyələr təqdim edib.

Mərkəzin kollektivi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət