Beynəlxalq Astronomiya İttifaqının (BAİ) qərarına əsasən, kiçik planetlərdən birinə məşhur astrofizik alim, fizika-riyaziyyat elmləri namizədi Faiq Musayevin adı verilib.
Hərəkət zonası Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağı olan bu kiçik planeti 14 il əvvəl astronomlar Timur Kryaçko və Boris Satovski Zelençuk stansiyasında kəşf ediblər.
Soydaşımız Faiq Musayev 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirdikdən sonra gənc mütəxəssis kimi Kosmik Tədqiqatlar İnstitutunda əmək fəaliyyətinə başlayıb.
Bir il sonra Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi vəzifəsinə işə qəbul edilib. Burada uzun illər elmi fəaliyyətlə məşğul olmuş alim, 1992-ci ildə dünyanın ən məşhur astrofizika mərkəzlərindən biri olan Rusiya Elmlər Akademiyasının (REA) Xüsusi Astrofizika Rəsədxanasında (XAR) dissertasiya işini uğurla müdafiə edərək elmlər namizədi dərəcəsini alıb. Sonra elə orada elmi fəaliyyətini davam etdirib. Faiq Musayev teleskoplar üçün spesifik elektron işıqqəbuledicilərinin yığılması ilə bağlı böyük təcrübə qazanıb, optik cihazların yığılmasında yüksək dərəcəli eksperimentator-spektroskopist kimi özünü təsdiq edib. Onun Rusiya, Polşa, Bolqarıstan və Türkiyə rəsədxanalarındakı teleskoplar üçün yığdığı cihazlar böyük uğurla sınaqdan keçib və özünü doğruldub. Alimin hazırladığı cihazlarda alınmış yüksək keyfiyyətli müşahidə materialları əsasında müxtəlif müəlliflər maraqlı nəticələr alıblar.
Baş elmi işçi olan soydaşımız Rusiya EA-nın XAR-ında kollektivin dərin hörmətini qazanmışdı. Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqələrin genişləndirilməsində, rəsədxana teleskoplarında qurulan optik cihazların hazırlanmasında da xüsusi xidmətləri olub. Təəssüf ki, Faiq Musayev 4 il əvvəl ağır xəstəlikdən dünyasını dəyişib.
Həmkarları tapılan asteroidə onun adını verməklə xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
XQ