Rəqəmsal bilik xəzinəsinə doğru

post-img

Mərkəzi Elmi Kitabxana – 100

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam həyatını bu sahəyə həsr etmiş alimlərə dövlətimizin diqqət və qayğısının bariz nümunəsidir.

Bu il, eyni zamanda, Azərbaycanın elmi ictimaiyyəti üçün ikiqat əlamətdar ildir. Çünki AMEA-nın 80 illiyi ilə bərabər, Mərkəzi Elmi Kitabxananın (MEK) da 100 yaşı tamam olur. Şanlı tarixlərin qovuşduğu hazırkı vaxtda akademiya hərəkatı kontekstində yeni islahatlar həyata keçirilmişdir. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, həyata keçirilən bu işlərdən əsas məqsəd XXI əsrin tələblərinə cavab verən müasir akademiya qurmaqdır. Bundan öncəki əsrlərdə zamana çatmaq, zamanı qabaqlamaq barədə düşünürdüksə, indi bəşəriyyət zamanı idarə etmək, istiqamətləndirmək kimi bir mərhələyə gəlib çatıb. Gedən proseslər göstərir ki, texnoloji və rəqəmsal tərəqqi ənənəvi inkişafı üstələməkdədir.

AMEA-da da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Onlardan ən əsası AMEA Rəyasət Heyətində elektron xidmətlərin müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə “Elektron Akademiya” şöbəsinin yaradılmasıdır. Şöbə tərəfindən AMEA-nın elmi nəşrlərinin elektron versiyası hazırlanmış, işıq üzü görən hər bir məqaləyə DOI identifikatoru verilmişdir. Habelə, akademiyanın 3 jurnalının TÜBİTAK-ın DərgiPark bazasına daxil edilməsinə nail olunmuş və milli DərgiPark şəbəkəsi yaradılmışdır. Bundan əlavə, alimlərimizin məqalələrinə edilən istinadları hesablamaq məqsədilə milli istinad sistemi yaradılmışdır.

Akademiyada həyata keçirilən bu islahatlar Mərkəzi Elmi Kitabxanadan da yan keçməmişdir. Bu məqsədlə MEK-də struktur islahatları aparılmışdır. Hədəf “Elektron Kitabxana” konsepsiyası çərçivəsində bilikləri saxlama, qoruma və İKT imkanlarını təminetmə funksiyası ilə yanaşı, bu istiqamətdəki fəaliyyətin elmi-tədqiqat sahəsinə istiqamətləndirilməsidir. Bu mənada MEK-də dövrün tələblərinə uyğun xidmət qurulmuşdur, bu isə kitabxana fondlarında saxlanılan müxtəlif məzmunlu ədəbiyyatın geniş istifadəsinə imkan yaradır. Bu gün oxucular internet vasitəsilə, onlayn şəkildə elektron kitabxana xidmətindən gen-bol yararlanırlar. Rəqəmsallaşdırılan kitablar isə daha uzun müddət mühafizəsinə səbəb olur.

Müasir dövrdə getdikcə inteqrativləşən biliklərin təşkili və sistemləşdirilməsi ən vacib funksiyalardan biri olmaqla yanaşı, bir kitabxananın digərindən üstünlüyünü təmin edir. Kitabxana resurslarının etibarlılığı və sistemləşdirilməsi, məlumatların təkrar istifadəsi, müxtəlif kommunikasiya kanalları vasitəsilə naviqasiya imkanı elm ictimaiyyətinin kitabxanalara olan inam və etibarını daha da artırır. Öndə gedən ölkələrin kitabxana işi sahəsindəki təcrübələrindən faydalanan və yenilikləri öz fəaliyyətində tətbiq edən MEK-də e-kitabxana üçün hazırlanan 51.875 PDF kitabdan 32.345-i sayta yüklənərək oxucuların istifadəsinə verilmişdir. Həmçinin, elektron kataloqa 127 min yeni resurs əlavə olunub ki, bununla da elektron kataloqda resursların sayı 827 minə çatmışdır. “E-kitabxanalara çıxış”, “Elektron bazalara çıxış”, “E-layihələr”, “Audio fayllar”, “Avtoreferatlar”, “Tarixi, coğrafi və nadir xəritələr”, “E-jurnallar”, “E-biblioqrafiyalar”, “E-kitablar” da sayta daxil edilmiş, MEK-in oxucularına dünya səviyyəli elmi resurslardan istifadəni asanlaşdırmağı hədəfləyən kitabxananın keçirdiyi islahatlar nəticəsində xarici elektron kitabxanalara və məlumat bazalarına əlçatanlıq təmin edilmişdir.

Bu saytdan dünyanın 300-ə qədər aparıcı kitabxanasına birbaşa keçid təmin edilmişdir. Buradan 60 adda xarici elmi bazaya giriş imkanı var. Beynəlxalq tərəfdaşlıq çərçivəsində əldə olunan razılaşmaya əsasən, Türkiyənin Sinop Universitetinə məxsus elmi nəşrlərə onlayn giriş imkanının yaradılması və ərazisinə görə Avropanın ən böyük kitabxanası hesab edilən Rami Kitabxanası ilə Qardaş Kitabxanalar Anlaşma Memorandumunun imzalanması bunun bariz nümunəsidir.

Hazırda isə MEK-də rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məsələləri kitabxana fəaliyyətinin prioritet istiqaməti hesab edilir. Modern xidmətlər oxuculara 24/7 rejimdə kitabxananın informasiya ehtiyatlarına rahat, operativ əlçatanlığı təmin edir. Kitabxananın bütün oxu zallarında və xidmət sahələrində QR kodlar yapışdırılmışdır ki, oxucular bunun vasitəsilə “mek.az” saytının “Rəylər və təkliflər” səhifəsinə daxil olaraq öz rəy və təkliflərini kitabxana rəhbərliyinə birbaşa göndərə bilirlər. Nəticədə oxucu rəyləri diqqətlə öyrənilir, operativ reaksiya verilir, oxucu ilə əlaqə qurularaq nəticə barədə məlumatlandırılır.

1923-cü ildə Biblioqrafiya bürosu kimi fəaliyyətə başlayan, 1925-ci ildə isə Biblioqrafiya bürosunun işi ilə kitabxana işinin birləşdirilməsi haqqında qərarla hüquqi baxımdan təsis edilən Mərkəzi Elmi Kitabxananın əsas prioriteti dünya kitabxanalarının qabaqcıl iş prinsipindən istifadə etməklə, oxucularına yüksək səviyyəli kitabxana xidmətinin göstərilməsinə nail olmaqdır.

Yubiley ilində görkəmli alimlərin yetişməsində böyük rolu olan, Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə dəyərli töhfələr bəxş edən MEK-də Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq genişlənmiş və əsaslı “Səsli axtarış” funksiyası tətbiq olunmuşdur. Bu, istifadəçiyə axtarış sorğusunu cihazda səsləndirməyə imkan verən səsin tanınması texnologiyasıdır. Sadə dillə desək, səsli axtarış internetdə axtarış etmək üçün səs əmrindən istifadə etməyə imkan verir. Bu texnologiya istifadəçilərə kitabların axtarışı, resursların rezerv edilməsi və ya ənənəvi üsullarla axtarış əvəzinə şifahi əmrlərdən istifadə etməklə məlumat almaq kimi tapşırıqları yerinə yetirməyə imkan verir. Kitabxanalardakı səsli axtarış sistemləri çox vaxt mövcud kitabxana idarəetmə proqramı, rəqəmsal kataloqlarla inteqrasiya edilir. Kitabxana işçilərinə oxuculara xidmət göstərməkdə və tapşırıqları yerinə yetirməkdə kömək edən bu sistemlərə müxtəlif cihazlar, o cümlədən smartfonlar, ağıllı dinamiklər və xüsusi kitabxana terminalları vasitəsilə daxil olmaq olar.

Süni intellekt əsaslı “Kitabxana bələdçisi”nin yaradılması isə Mərkəzi Elmi Kitabxananın rəqəmsallaşma fəaliyyətində əsaslı dönüş nöqtəsidir. Süni intellekt (AI) və təbii dil emalı (Natural Language Processing) ilə təchiz edilmiş səsli axtarış sistemləri insan nitqini başa düşə və cavab verə bilir, kitabxana ilə qarşılıqlı əlaqəni daha intuitiv edir və istifadəçinin, bir növ, dostuna çevrilir. Kitabxananın işini dəstəkləmək üçün yaradılmış bələdçi tələbələr, tədqiqatçılar, həmçinin geniş ictimaiyyət üçün maraqlıdır. Kitabxana bələdçisi kitab-

xanadan istifadə haqqında, kitabxananın tarixi, fondları, müasir vəziyyəti və s. mövzularla bağlı oxucu suallarını birbaşa cavablandırır. Bütün bunlar isə onu göstərir ki, bu gün Mərkəzi Elmi Kitabxana oxuculara yüksək səviyyədə xidmət göstərməyə qadirdir və buna nail olur.

Bu yaxınlarda kitabxana tərəfindən İnklüziv xidmət resursları hazırlanaraq oxuculara təqdim edilmişdir ki, burada “Audio resurslar”, “Danışan kitablar”, “Audio teatr” kimi maraq doğuracaq bölmələr öz yerini tapmışdır. Mərkəzi Elmi Kitabxana tərəfindən bütün oxuculara səmərəli kitabxana xidmətinin göstərilməsinə baxmayaraq, digər oxucular üçün əlçatan olan bu xidmətlərdən gözdən əlil oxucular istifadə edə bilmirdilər, çünki inklüziv kitabxana xidmətləri göstərilmirdi. Hazırda isə bu sahədə MEK-də bir sıra tədbirlər həyata keçirilir.

Maraqlı yeniliklərdən biri də budur ki, oxucular MEK-in biblioqrafik xidmət sektorunun əməkdaşları ilə birbaşa onlayn canlı ünsiyyət yarada biləcək, həmçinin girişdə yerləşdirilmiş məlumat-axtarış sistemi vasitəsilə istədikləri resursu müstəqil şəkildə sifariş edə biləcəklər. İstifadəçilər isə “Whatsapp” platforması üzərindən əməkdaşlara kitabxana ilə bağlı sualları verməklə, lazımi informasiyanı əldə edəcəklər. Lazım olan informasiya ilə təmin edilmək məqsədilə oxucuların “Whatsapp” platforması üzərindən kitabxana xidmətlərindən istifadəsinə şərait yaradılması isə qabaqcıl dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu şəbəkənin akademik məqsədlər üçün istifadə edilə biləcəyini göstərir. Bu yeniliklərin tətbiqi ona görədir ki, oxucular dövrün tələbinə uyğun olaraq vaxt itirmədən, kitabxanaya gəlmədən istənilən yerdən kitabxana xidmətlərindən maksimum şəkildə yararlana bilsinlər.

Mərkəzi Elmi Kitabxana tələbələrin, müəllimlərin, tədqiqatçıların, bir sözlə, bütün oxucuların informasiya ehtiyacını təmin etmək üçün yaradılmış bilik, güc mərkəzi – etibarlı məlumat mərkəzidir və rəhbərlik kitabxananın rəqəmsal informasiya platforması kimi modernləşmə və süni intellekt imkanları vasitəsilə geniş şəkildə fəaliyyəti üçün tədbirlər həyata keçirməkdədir.

Hazırda dünyada təcridi sərhədlər, maneələr yoxdur və müxtəlif ölkələrdə gedən qloballaşma prosesləri, öz növbəsində, müasir kitabxanaların işinə də təsir edir. Qloballaşma dövründə kitabxanalar bilik təminatçıları kimi həlledici rol oynayır və bu rol gündən-günə inkişaf edir, inkişafda isə məkan və zaman məhdudiyyəti aradan qalxıb. Sosial institut olduğuna görə kitabxananın bu dəyişiklikləri qəbul edərək öz fəaliyyətində tətbiq etməsi zəruridir. Qloballaşma və bununla əlaqədar olaraq cəmiyyətdə baş verən proseslər – sosial və siyasi qeyri-sabitlik, təhsil xidmətlərinin inkişafı və savadlılığın yüksəldilməsi, şəhər əhalisinin çoxalması, iqtisadi artım, kompüter texnologiyasının inkişafı və s. dəyişikliklər kitabxananın roluna birbaşa təsir edən amillərdir. Beləliklə, cəmiyyətin inkişafına uyğun olaraq, müasir kitabxanalar məlumat toplamaq, digər kitabxanalarla əlaqə saxlamaq və şəbəkə qurmaq üçün yeni texnologiyalarla təchiz olunur. Bununla da, kitabxanaların cəmiyyətdəki rolu dəyişir, xidmətləri genişlənir.

Elmin inkişafı nəticəsində oxucuların sayının artması kitabxana fəaliyyətinin genişləndirilməsi məsələsinin aktual olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, istənilən dövrdə, inkişaf vəziyyətindən asılı olmayaraq, hər hansı bir kitabxananın əsas məqsədi oxucu sorğusuna müvafiq olaraq, ona “qısa zamanda məlumat vermək”dən ibarətdir. Müasir dövrdə isə cəmiyyətin onurğa sütunu hesab edilən kitabxanalar və kitabxana mütəxəssisləri İKT-nin ən radikal yenilikləri ilə ayaqlaşmağa məcburdurlar, əks halda oxucunu itirə bilərlər. Kitabxanalar cəmiyyətin tərəqqi mənbəyi kimi inkişafına davam etməsi üçün öz fəaliyyətini genişləndirməlidir ki, onların xidmətlərindən istifadə edənlərin sayı artsın.

Təbii ki, kitabxana fəaliyyətinin genişləndirilməsi ifadəsi səslənəndə XXI əsrin çağırışlarına uyğun olaraq yeni informasiya texnologiyalarından istifadə nəzərdə tutulur. Bu yeniliklər isə 100 yaşlı Mərkəzi Elmi Kitabxananın fəaliyyətində uğurla tətbiq edilməkdədir.

Aytən ƏLİYEVA,
AMEA Mərkəzi Elmi Kitabxanasının biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

Sosial həyat