Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Alimlər dəniz buzlarının əriməsinin Şimal Buzlu okeanında bərpaolunmaz kimyəvi dəyişikliklərə yol açdığı qənaətinə gəliblər. Əriyən buzlar dayaz sahilyanı suları intensiv günəş işığına məruz qoyub ki, bu da dəniz canlılarının yaşaması üçün zəruri "gübrə" rolunu oynayan nitratların parçalanması ilə nəticələnib. Edinburq Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu 1998-2023-cü illər arasında toplanmış okeanoqrafik məlumatları təhlil ediblər. Araşdırmanın nəticələri "Communications Earth & Environment" elmi jurnalında dərc olunub.
Şimal Buzlu okeanının demək olar ki, yarısını kontinental şelfin dayaz rayonları təşkil edir. Dəniz buzlarının genişmiqyaslı itkisi səbəbindən həmin ərazilərdə "bentos denitrifikasiyası" kimi tanınan proses kəskin şəkildə güclənib. Buzlar yoxa çıxdıqca və günəş işığının miqdarı artdıqca, bu, yosunların müvəqqəti və sürətli çoxalmasına (çiçəklənməsinə) təkan verir. Məhv olan üzvi kütlə dənizin dibinə çökərək oradakı oksigeni tükədir. Nəticədə oksigensiz mühitdə nitratları parçalayaraq onları qaz halındakı azota çevirən bakteriyalar aktivləşir.
Nitratlar planktonlar üçün ən mühüm qida resursudur və hazırda sudakı səviyyəsi sürətlə aşağı düşür. Alimlər hesab edirlər ki, gələcəkdə dənizdəki qida maddələri yalnız ən kiçik və az qidalı plankton növlərinin sağ qalmasına bəs edəcək. Planktonlar isə bütöv bir dəniz ekosisteminin qida zəncirində təməl rolunu oynayır. Yaranan bu qida qıtlığı sənaye əhəmiyyətli balıqlara, dəniz quşlarına və məməlilərə birbaşa qırılma təhlükəsi yaradır. Müəlliflərin fikrincə, Arktika sularındakı bu qlobal dəyişikliklərin dünya okeanının digər hissələrinə necə təsir edəcəyini anlamaq üçün növbəti tədqiqatlara ehtiyac var. Lakin alimlər Şimal Buzlu okeanının bir daha öz əvvəlki vəziyyətinə qayıda biləcəyinə şübhə ilə yanaşırlar.
Ə.ARZU
XQ

