Hər gün gözlərindən öpülən bulaq doğmaların qayıdışına nəğmə oxuyur
Şırıl-şırıl deyil, misra-misra axır İsa bulağı, göz yaşı kimi dumduru suyu həzin Qarabağ musiqisinin notları ilə zümzümə edir. Sanki Azərbaycan təbiətinin bu əsrarəngiz incisi yenidən azadlıq şərbətini daddığı, doğmalarına qovuşduğu üçün zəfər mahnıları səsləndirir.
Sevincindən şirin-şərbət suyu da başındakı illər boyu həsrətilə qovrulmuşların qələbəliyinin hamısına yetəcək qədər gurlaşıb İsa bulağının. Axı, əsasən də yayın qovurucu istisində Qarabağa gələnlərin, ceyran-cüyür oylağı Qırxqız yaylağına çıxanların istisnasız hamısı ürəklərinin təşnələrini söndürmək üçün qalın meşə içindəki bu cənnətə baş çəkirlər...
Bugünkü qələbəliyin içində biz də varıq - işğaldan azad edilmiş müqəddəs torpaqlarımızı görmək arzusu ilk dəfədir reallığa çevrilən dostumu İsa bulağına gətirmişəm. O hər şeyə heyrət və sevgiylə baxır, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxuya-oxuya doyunca su içir, mənsə “ev sahibi” kimi sonsuz qürur və xoşbəxtlik duyğusu ilə tarixlər şahidi bulaq haqqında danışıram.
Məlumat verirəm ki, gözəl Şuşamızdan cəmi 2 kilometr aralıda, Şuşa-Laçın yolunun yaxınlığında, dəniz səviyyəsindən, təqribən, 1500 metr hündürlükdə yerləşən İsa bulağı yerli əhalinin məlumatına görə, XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır. Şanlı qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bulaq Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib, burada mənfur düşmənin saxta izləri tamamilə silinib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri milli ornamentlə yazılıb.
Yeri gəlmişkən, Şuşa–Laçın yolundan İsa bulağına qədər olan yol da tamamilə yenidən qurulub, təzə asfalt örtüyü çəkilib, xətlənib, yol nişanları qoyulub. Ancaq çoxsaylı ziyarətçi axınını, xüsusilə sərt döngələri nəzərə alsaq, yolun genişləndirilməsi, ən azından döngələrdə 2 deyil, 3 zolaqlı hərəkətin təmin edilməsi çox yaxşı olardı. Bu, yolda təhlükəsiz hərəkət baxımından da vacibdir!
...İsa bulağının üstündə üzərində şəhidlərimizin şəkilləri olan fincanlar qoyulub. Ziyarətçilər hər dəfə həmin fincanlarla su içəndə sanki mistik bir an yaşanır və sözsüz, şəhidlərimizin ruhları da vətən göylərində sevinir, əbədi dinclik tapır. Dostumla bu barədə söhbətimizi yaşlı bir qadının hamıya müraciətlə ucadan dediyi “Görürsünüz, bu gözəllikləri?! Bir vaxtlar biz deyəndə ki, bizim yerlər cənnətdir, inanmayanlar da vardı!..” sözləri kəsir. Bəlkə də haqlıdır.
Bəlkə də görmədikləri üçün bu yerlərin yer üzünün cənnəti olduğunu bilməyənlər az olmayıb. Ancaq əzəli torpaqlarımızın düşmən işğalından azad olunması məqamında bütün xalq hamı bir nəfər kimi müzəffər Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşdi, igid oğullar gözəlliyindən xəbərsiz yurd yerlərimiz azadlığına qovuşsun deyə, cəsarətlə, tərəddüd etmədən ölümün üstünə yeridilər.
Odur ki, indi Qarabağ təkcə qarabağlıların, Şərqi Zəngəzur təkcə vaxtilə o yerlərdə yaşamış insanların deyil, hamımızın doğma vətənidir. Bütün Azərbaycanındır!
İsa bulağı ilə sağollaşırıq. Yadıma şair Soltan Abbasın sözləri düşür:
Qışda mülayimdi, yayda buz kimi,
Dumantək dərəyə səpilən bulaq.
Durudur, təmizdir, saf ürək kimi,
Hər gün gözlərindən öpülən bulaq.
Salamat qal, saf ürək kimi duru, təmiz bulaq. Həmişə beləcə qayğısız ax, gözlərindən öpənlərin çox olsun!
Mahir RƏSULOĞLU,
“XQ”nin Qarabağ müxbiri
Şuşa