Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) təcrübə proqramı keçən ABŞ tədqiqatçısı Lilan Spriqz Azərbaycanla bağlı bir sıra mühüm mövzularda, o cümlədən ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi ilə bağlı ətraflı tədqiqat aparıb.
BAMF-dan XQ-yə bildirildi ki, o apardığı araşdırmanın yekununda düzəlişin Azərbaycanın maraqlarına və regiondakı sülh prosesinə mənfi təsirlərini diqqət mərkəzinə çəkib. Tədqiqatda qeyd edilir ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunan “907-ci düzəliş” Azərbaycana qarşı açıq ayrı-seçkilik nümayiş etdirib və onu “Azadlığa Dəstək Aktı” çərçivəsində yardımlardan məhrum edən yeganə postsovet dövləti edib. Lilan Spriqz qeyd edir ki, bu qərar Birləşmiş Ştatların münaqişə tərəflərinə neytral münasibət göstərmək öhdəliyinə ziddir və ABŞ-ın vasitəçilik rolunu ciddi şəkildə şübhə altına alır.
Araşdırmada Qarabağ münaqişəsinin tarixi, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası və Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti də geniş əksini tapıb. Müəllif qeyd edir ki, 907-ci bənd təkcə Azərbaycanın hüquqlarını pozmayıb, həm də Ermənistanın maraqlarına birtərəfli üstünlük verərək, sülh imkanlarını da daraldıb.
Lilan Spriqz, eyni zamanda, ABŞ-da fəaliyyət göstərən erməni lobbi qruplarının bu qərarın qəbuluna təsirini vurğulayıb. O bildirib ki, Azərbaycan icmasının həmin dövrdə zəif təmsil olunması ölkənin mövqeyini beynəlxalq arenada daha da çətinləşdirib.
ABŞ tədqiatçısı zamanı qabaqlayaraq öz ölkəsinə 907-ci düzəlişə yenidən baxmasının vacibliyini anlatmağa çalışıb. Müəllif göstərib ki, bu addım iki ölkə arasında münasibətlərin inkişafına və regionda davamlı sülhə töhfə verə bilər.
Xatırladaq ki, Lilan Spriqz araşdırmaçı, beynəlxalq hüquq və münasibətlər üzrə mütəxəssisdir, hazırda Vaşinqtonda yerləşən bir neçə analitik mərkəz və akademik qurumlarla əməkdaşlıq edir. Onun tədqiqatlarında regionun geosiyasi reallıqları, tarixi kontekst və beynəlxalq hüququn rolu xüsusi yer tutur.
2025-ci ilin iyul ayından etibarən tədqiqatçı BAMF-dakı təcrübə proqramı çərçivəsində, “BMT-nin Qarabağla bağlı 4 qətnaməsi”, “Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti” və “Azərbaycanın mina problemi: onun miqyası və təhdidlər” kimi mövzularda araşdırmalar apararaq bir sıra analitik materiallar, elmi tövsiyələr hazırlayıb.
Hazırladı:
T.RÜSTƏMLİ
XQ