“Biləsuvar” GES 179 min evi təmiz enerji ilə nurlandıracaq
Biləsuvar rayonunda Azərbaycanın ən böyük günəş elektrik Stansiyasının (GES) tikintisinə başlanılıb. Bu münasibətlə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov, eləcə də Çin Xalq Respublikasının “China Energy Development” şirkətinin layihə rəhbəri Du Ning və Fan Tao əraziyə baş çəkiblər.
Biləsuvar RİH başçısı F.Qürbətov bu böyük layihənin alternativ enerji mənbələrinin istifadəsinin genişlənəcəyini və ekoloji baxımdan təmiz enerji istehsalının bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcəyini, eləcə də yerli sakinlər üçün iş imkanının yaradacağını bildirib. “Masdar-Azərbaycan” şirkətinin direktoru M.Sadıqov isə 2024-cü ilin iyununda Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş bu layihənin Qafqazın ən böyük günəş elektrik stansiyası olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda “yaşıl” enerji istehsalına mühüm töhfələr verəcək bu nəhəng GES-in tikintisində dünyanın ən müasir texnologiyalarından istifadə olunacaq.
Diqqətə çatdırılıb ki, layihənin tikinti mərhələsində Çin, Türkiyə, İspaniya və digər ölkələrdən dəvət olunan peşəkar mütəxəssislər yerli komanda ilə birgə çalışır. Bununla yanaşı, layihənin tam gücü ilə icrası zamanı Biləsuvar rayonundan olan 1500 nəfər yerli sakinin müxtəlif işlərə cəlb olunması planlaşdırılır.
Tanışlıq zamanı tərəfdaş şirkətlərin nümayəndələri də layihə barədə məlumat veriblər. Daha sonra Faiq Qürbətov və Murad Sadıxov ilk günəş panelinin dayağını torpağa basdırmaqla işlərə start veriblər.
Xatırladaq ki, Biləsuvar rayonunda 445 meqavat gücündə olacaq günəş elektrik stansiyasının inşası məqsədilə Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanıb. 2024-cü il iyunun 4-də, Bakı Enerji Həftəsi çərçivəsində ölkə Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin iştirakı ilə layihənin təməli qoyulub.
Stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və Biləsuvar rayonunun inzibati sərhədləri daxilində yerləşən 1454 hektar ərazi ayrılıb. “Masdar”ın törəmə şirkəti olan “Abu Dhabi Future Energy Company” tərəfindən icra edilən layihə ölkəmizdə bərpa olunan enerji istehsalının artırılmasına, enerji balansında təmiz enerji payının yüksəldilməsinə və yaşıl enerji siyasətinin inkişafına mühüm töhfə verəcək. Təkcə onu qeyd etmək kifayətdir ki, “Biləsuvar” Günəş Elektrik Stansiyasında il ərzində 897 milyon kilovat-saat təmiz enerji istehsalı nəzərdə tutulur ki, bu da 179 min evin elektrik enerjisi ilə təchizatına imkan yaradacaq. Eyni zamanda, stansiyanın fəaliyyəti nəticəsində il ərzində 193 milyon kubmetr təbii qaza qənaət olunacaq ki, bu da 367 min ton karbon emissiyasının azaldılması deməkdir. Ümumilikdə isə, stansiyanın fəaliyyətə başlaması Azərbaycanda bərpa olunan enerjinin istehsal gücünü artırmaqla qazla işləyən elektrik stansiyalarını əvəz etməyə və Paris Sazişinə uyğun olaraq karbon qazının azaldılması hədəflərinə nail olmağa kömək edəcək.
Yeri gəlmişkən, Cənubi Qafqazın ən böyük bərpaolunan enerji layihəsinin icrası beynəlxalq maliyyə qurumları tərəfindən də fəal dəstəklənir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən ilin noyabrında Avropa Yenidənqurma və İnkişaf Bankı 445 meqavatlıq “Biləsuvar Solar SPV” Günəş Elektrik Stansiyası layihəsinin işlənib hazırlanması, tikintisi və istismarı üçün 95 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayırıb. Bütövlükdə, ümumi dəyəri 380 milyon dollar təşkil edən layihənin reallaşdırılmasına bir sıra digər beynəlxalq maliyyə institutları da dəstək verəcək.
Ölkədə tikilən 2 qiqavatlıq bərpaolunan enerji stansiyalarının enerji sistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək istiqamətində də mühüm işlər görülür. Bu baxımdan əsas qovşaq yarımstansiyası funksiyasını daşıyacaq “Nəvai” yarımstansiyanın inşasını qeyd etmək olar. “AzərEnerji” tərəfindən tikilən bu yarımstansiya, eləcə də yeni çəkilən 500 və 330 kilovoltluq yüksək gərginlikli xətlər ötürücü sistemdə yeni mərhələnin başlaması kimi dəyərləndirilə bilər.
Layihənin birinci mərhələsində “Azər-Enerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvaidən Abşerona 500 kilovoltluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. İcra qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb. Birinci mərhələ üzrə işlərin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bununla, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerji sistemə qoşulması öhdəliyi yerinə yetiriləcək.