Tarixi dəyişən sülh konsepsiyası Azərbaycanın dövlət siyasəti kimi

post-img

III MƏQALƏ

Sülh kurs və məqsəd kimi

Azərbaycan təcrübəsi göstərdi ki, dövlət üçün sülh kurs (konsepsiya, fəaliyyət proqramı) və bəyan edilmiş məqsəd aspektlərində bir-birindən fərqlənirlər. Dövlət sülhü özünün konseptual fəaliyyət predmeti kimi bəyan edə bilər. Bu zaman sözdə onun başlıca məqsədinin sülh olduğu təəssüratı yaranar. Bəs Azərbaycana qarşı olan təcrübədə nə gördük: Ermənistan bir müddət ortaya belə bir ideya atdı ki, Azərbaycanı sülhə məcbur etmək lazımdır.

Bu termini ruslardan götürmüşdülər. 2008-ci ildə Rusiya Gürcüstanın iki bölgəsini nəzarətə götürəndən sonra, hayların “baş analitikləri” eyni məcburiyyət üsulunu Azərbaycana da tətbiq etməyin “elmi və politoloji əsaslarını” qondarmağa başladılar. Niyə ermənilərin bu addımına istehza ilə yanaşırıq? Çünki “sülhə məcburetmə” sözdə universal ola bilər, lakin o gerçək vəziyyətə tam uyğun olanda konkret siyasi anlam alır. Başqa hallarda spekulyasiya, manipulyasiya, reallığı tərsinə təqdim etmə cəhdi və bu səbəbdən qlobal miqyasda qeyri-etik düşüncə tərzi və davranışdır!

Ermənilərin sülhə konseptual aspektdə qondarma yanaşması ilə praktiki müstəvidə “sülh əsas məqsəddir” devizləri arasındakı ziddiyyəti buradan aydın görmək olar. Deməli, konsepsiya kimi müxtəlif “sülh” qondara, praktikada əsas məqsədinin də sülh olduğunu bəyan edə bilərsən. Lakin bunların heç biri real sülhü təmin etmək məsələsi deyildir. Onlar şüurları manipulyasiya etmək üçün, spekulyativ tezislər ortaya atmaqla özünün haqsız mövqeyini haqlı göstərmək cəhdi, daha dərin və geniş anlamda isə tarixə, ədalətə, dünyaya, mədəniyyətə, sivil düşüncə tərzinə şər-böhtan atmaq deməkdir. Əgər bu kimi yalançı sülh konsepsiyaları və məqsədləri reallaşsa, bəşəriyyəti qaçılmaz ölüm gözləyir.

Bizcə, bu mövzuya aid II məqalənin sonunda ifadə etdiyimiz “biz ABŞ-ın prezidentini buna görə alqışlayırıq, lakin məsələnin mahiyyəti bunda deyil”, fikrinin mənasını vurğuladığımız qısa müqayisədən anlamaq olar. Yəni real olaraq sülhə və ədalətə sadiq olan dövlət davamlı siyasi-diplomatik və praktiki fəaliyyəti ilə bunu hər an nümayiş etdirməlidir. Başqasının böyük zəhmət və ruhani, mənəvi, hərbi, liderlik fədakarlığının bəhrələrini mənimsəmək sülhsevərlik deyildir. Praqmatik düşüncədir və o, hər zaman dəyişə bilər! Yəni “mənə indi sərf etmir” “arqumenti” bu cür yanaşmada arxa plana atılmamışdır! Məncə, dövlət və cəmiyyət olaraq nəzərə almalıyıq!

Buradan Azərbaycan liderinin sülh konsepsiyasının əsl mənası və dünya üçün əhəmiyyəti üzərində düşünmək imkanı əldə etmək olur.

Sülhsevərliyin yeni politoloji anlamı

Bu məqamı aydın dərk etmək üçün qısaca Azərbaycanın 1991-ci ildən başlayaraq düşdüyü geosiyasi vəziyyətə bir də nəzər salaq. Maraqlıdır ki, o dönəmdə Azərbaycanın qarşılaşdığı problemlərin böyük əksəriyyəti daxili reallıqlarla bağlı deyildi. Məsələ bir neçə əsr əvvəl başlamış geosiyasi xarakterli proseslə sıx əlaqədar idi. Böyük imperialist dairələr bütövlükdə türk-müsəlman dövlətçiliyini məhv etmək fonunda xüsusi olaraq Azərbaycan dövlətçiliyini aradan qaldırmaq planlarını addım-addım həyata keçirmişlər. Bunun nəticəsində Azərbaycan yalnız ərazicə parçalanmadı – onun mədəniyyəti, dövlətçilik ənənəsi qırıldı. XX əsrin ikinci onilliyinin sonlarından başlayaraq isə Azərbaycanın müstəqil dövləti olmadı. 70 illik sovet mərhələsində Azərbaycanı ərazicə kiçiltməklə yanaşı, müstəqil dövlətçiliyi haqqında tarixi xatirələri, olmuş ideyaları və siyasi gerçəklikləri belə xalqın yaddaşından silməyə çalışdılar. Bunu isə birbaşa erməni faktorunu dövlətçilik baxımından şişirtməklə etdilər.

Çox düşündürücdür: bu səviyyədə və miqyasda “dövlətçilik meydanında” saysız-hesabsız zülmlər, ədalətsizliklər, qərəzlər, hüquqsuzluqlar və əxlaqsız davranışlar görmüş bir millət müstəqil dövlət qurduğu halda, o hansı anlamda sülhsevər ola bilərdi? Deportasiya olunmuş, alçaldılmış, təhqir edilmiş milyonlarla azərbaycanlı müstəqil dövlət qurduqdan sonra sülh məsələsinə necə reaksiya verə bilərdi? İstənilən xalq (daha erməniləri və ona bənzər kiçik ruhlu yığınağı demirik) ilk olaraq “qisas”, “intiqam”, “bizə edilənlərin cavabı” deyərdi və bunu dövlət siyasəti səiyyəsinə yüksəldərdi. Ancaq bu seçim dövlətçiliyin işığında müdriklikmi olardı? Məhz burada seçim nöqtəsinin əsas sualı prizmasında Azərbaycan üçün sülhsevərlik məsələsi həyati mahiyyətli idi! Üç yol vardı.

Birincisi, qisas və intiqamı dövlətin identikliyinin mərkəzinə yerləşdirib, növbəti mərhələlərdə savaş, müharibə və ixtilaflar sahəsinə keçmək.

İkincisi, milli maraqlara uyğun ciddi sülh konsepsiyası hazırlayıb, özünü, yerləşdiyi regionu haqsızlıq, ədalətsizlik və müharibələrdən xilas edərək, dünyada sülhün bərqərar olmasına töhfə vermək.

Üçüncüsü, ümumiyyətlə, müstəqil dövlət olmaq iddiasından əl çəkib, son əsrlərdə olduğu kimi, hansısa dövlətin təsiri altında qalmaq.

Tarixi dövlətçilik ənənəsi baxımından bu variantlardan hansınısa seçmək ciddi problem idi. Burada Azərbaycan xalqının müdrikliyi ilə liderin siyasi müdrikliyinin vəhdəti özünü göstərməli idi. Azərbaycan ya tam müstəqillik yolunu, ya başı ixtilaflara qarışan dövlət yolunu, ya da yenidən hansısa ittifaqın tərkibində faciələrini yaşamaqda davam edən sözdə Respublika yolunu seçməli idi.

1991-ci il martın 7-də Ulu öndər Heydər Əliyev faktiki olaraq xalq müdrikliyini siyasi müdrikliyə çox uğurla proyeksiya edən siyasi xadim kimi Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında aşağıdakı fikirləri bəyan etdi: “...mən yeni İttifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirçəlişi hərəkatı inkişaf edir.”

Bu hadisədən iki il 3 ay sonra – 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisinin iclasında Heydər Əliyev öz mövqeyini yeni səviyyədə bir daha ifadə etdi. Həmin iclasda Ulu öndər demişdir: “Ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azarbaycan Respublikasının müstəqil dövlət kimi inkisaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir basqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər ittifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm”.

Deməli, Azərbaycan xalqının tarixi müdrikliyə dayanan sarsılmaz iradəsini əsas tutaraq Heydər Əliyev üçüncü variantı tamamilə istisna etmişdir. Qalırdı ilk iki variant. Onlardan biri konseptual əsasda sülhsevər güclü dövlət quruculuğuna, digəri isə xırda hisslərlə oynayan qisasçı yarımüstəqil dövlət yaratmağa aparırdı. Heydər Əliyev sülhsevər güclü dövlət seçimini tərəddüd göstərmədən etdi.

Azərbaycan xalqının və dövlətçiliyinin müdriklik ənənəsindən çıxış edən Heydər Əliyevin əsas tezislərindən biri belə idi: “siyasətçi heç zaman xırda hisslərə qapılmamalıdır”! Əlbəttə, bu fikir hər şeydən öncə dövlət quruculuğu fəaliyyəti ilə bağlıdır.

Bu qısa təhlildən mühüm nəticə hasil etmək olar. Heydər Əliyev sülhsevərliyin tarixi və siyasi anlamlarını Azərbaycan təcrübəsi əsasında geosiyasi anlamına qədər genişləndirdi və dərinləşdirdi! Ulu öndər praktiki dövlət quruculuğu fəaliyyəti ilə milli, regional və qlobal miqyaslarda sülhsevərliyin vahid kosepsiyasını hazırladı. Bunun beynəlxalq miqyasda rəsmi təsbitini Heydər Əliyev 1994-1995-ci illərdə BMT-dəki çıxışları zamanı dövlət identikliyinin başlıca parametrlərini ifadə edərkən diqqətlərə çatdırdı.

Bunlar nəyi ifadə edir? Onu ifadə edir ki, Azərbaycanın sülh konsepsiyası çox ciddi və dərindən düşünülmüş sülhsevərlik anlayışının yeni politoloji məzmunu üzərində bərqərar olmuşdur. Bu kursun yaradıcısı əsaslı dövlətçilik mövqeyindən çıxış edərək sülhsevərliyin nəzəri anlamı ilə onun praktiki reallaşmasını sistemli fəaliyyət halına gətirmişdir. Məhz buna görədir ki, başqa müstəqil dövlətlər yarımçıq sülhsevərlik nümayiş etdirəndə, ya da ümumiyyətlə, bu sözdən spekulyativ istifadə edəndə Azərbaycan təmkinli və davamlı olaraq real sülh mühiti yaratmaq istiqamətində əlindən gələni edirdi. Azərbaycan Respublikasının indiki uğurlarının təməlində bu aydın konsepsiya, konkret fəaliyyət istiqamətləri və dəqiq strateji hədəflərin müəyyən edilməsi dayanır.

Sülhyaratma məntiqi və məkanı

Azərbaycan müstəqillik əldə edəndən dünyanın böyük dövlətləri onun sülh məntiqini və onu təminetmənin məkanca miqyasını (coğrafi, siyasi, geosiyasi, hərbi və mədəni anlamlarda) adekvat dərk edə bilmədilər (bəlkə də onun gücünü duyub, qəbul etmədilər). Buna görə də Azərbaycan dövlətinə sülh aspektində həm şübhə, həm də inamsız yanaşdılar.

Çox qəribədir ki, bu emosional təhrif olunmuş mövqe Vətən müharibəsindən sonra daha da artdı. Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin gedişində belə dəfələrlə sülh mesajı verməsinə baxmayaraq, Qərb siyasiləri və KİV nümayəndələrinin fikirləri və davranışlarında hiss edilirdi ki, tam mənası ilə bizim üçün Vətən Savaşının nə demək olduğunu və əsas məqsədin sülh şəraitində qonşularla yaşamaq üçün tam müstəqil olmaq istəyimizi anlaya bilmirlər və ya anlamaq istəmirlər.

Görünür, buna görədir ki, həm müharibənin gedişində addımbaşı Azərbaycana qarşı süni kompromatlar tapmaqla məşğul oldular. Həm də Qələbədən sonra bir neçə il müxtəlif bəhanələrlə Azərbaycanın sülhsevərliyinə ləkə atmağa çalışdılar. Bu o demək idi ki, Azərbaycan rəhbərliyi faktiki olaraq hərbi qələbəsini sülh uğrunda daha gərgin mübarizədə əldə ediləcək zəfərlə tamamlamalı idi. Bu ağır prosesin müxtəlif fraqmentləri sülh konsepsiyasının XXI əsrdə uğurlu olması baxımında olduqca ibrətamizdir.

Biz öyrəndik ki, super güclü dövlət olmaq hələ sülhə real sayğı göstərmək demək deyildir. Çünki ABŞ başda olmaqla Qərbin özünü çox güclü sayan dövlətləri və Rusiya açıq-açığına Azərbaycanın haqlı mövqeyindən çox, Ermənistanın antitarixi, antibəşəri, ədalətsiz və haqsız mövqeyini müdafiə etməyə cəhdlər göstərirlər. Xüsusilə, Fransa o dərəcədə antisülh və ədalətsiz mövqe tutmuşdu ki, “böyük dövlət” anlayışına təhqir kimi görünürdü. Həqiqi mənada “böyük dövlət olmağın mənası nədir?” sualı yaranırdı.

Ancaq onlar dayanmırdılar. Hərb meydanında bir şeyə nail ola bilmədilər və postmüharibə mərhələsinin şantajlarına dərhal başladılar. Azərbaycanın sülh konsepsiyasının reallaşması baxımından bizim üçün burada liderlik kontekstində çox özəl məqamlar mövcuddur. Onların üzərində dayanmaq zəruridir.

Sülh konsepsiyasi aspektində həmin təxribatları bir neçə qrupa bölmək olar.

Birincisi, rəsmi siyasi dairələrin süni davranışları. Nümunə: Fransadan bir nazir utanmadan və ərinmədən maşına oturub “Dağlıq Qarabağ ermənilərinə humanitar yardım aparmaq” görüntüsü yaratmaq istədi. Bunu, ümumiyyətlə, Qərbdə “Dağlıq Qrabağda ermənilərin hüquqları pozulur”, “onların humanitar vəziyyəti fəlakətlidir” və “ermənilərə Laçın yolunda sərbəst hərəkət etməyə imkan verilmir” kimi qondarma ittihamlar fonunda edirdilər. ABŞ və Aİ də belə düşünürdülər.

Laçın sərhəd zonasında onlara anlatdılar ki, Azərbaycan müstəqil dövlətdir və onun hər hansı ərazisinə humantiar yardımı dövlətin müəyyən etdiyi marşrutla daxil edə bilərsən. Azərbaycan tərəfi Ağdam istiqamətində fransızların yardımı çatdıra biləcəyini dəqiq və hüquqi-diplomatik formada “fransız” qalanlara anlada bildi. Onlar gözlədi-gözlədi və sonra rədd oldular (burada “rədd olmaq” Təbriz ləhcəsində işlənən “getmək” mənasında işlədilmişdir).

İkincisi, Azərbaycanın real sülh niyyətlərinə kölgə salmağa yönəlmiş saxta diplomatiya üsulu. Nümunəsi: Aİ “mülki missiya” uydurdu. Onun tərkibi isə dünyanın müxtəlif regionlarında cinayətlər törətmiş keçmiş gizli servisin üzvləridir. Bununla indi haqlı olaraq istehza ilə “durbin diplomatiyası” adlandırılan və birbaşa iki dövlət arasında sülhün yaranmamasına çalışan antisülh komandası meydana gəldi.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət