Azərbaycan beynəlxalq enerji məclislərinin fəal iştirakçısıdır

post-img

Xəbər verildiyi kimi, iyulun 5–6-da Avstriyanın paytaxtı Vyana şəhərində Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) “Dayanıqlı və inklüziv energetika keçidinə doğru” mövzusunda 8-ci beynəlxalq seminarı keçirilib. 

Tədbirdə ölkəmizi Azərbaycan Res­publikasının energetika naziri Pərviz Şahbazov təmsil edib. Sessiyanın işti­rakçıları siyahısında, həmçinin 2023-cü ildə OPEC konfransının prezidenti, Ek­vatorial Qvineyanın mədənçilik və karbo­hidrogenlər naziri Antonio Oburu Ondo, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail bin Məhəmməd əl Mazrui və nigeriyalı nümayəndə (daimi nümayəndə, Nigeri­yanın Neft Ehtiyatları Nazirliyi) Qabriel Tanimu Aduda yer alıblar. 

“Dayanıqlı və inklüziv enerji keçidinə doğru” mövzusunda keçirilən 8-ci OPEC beynəlxalq seminarında çıxış edən ener­getika naziri Pərviz Şahbazov son illərdə neft-qaz sektoruna investisiyaların azal­masını bazarda sabitlik və dayanıqlı enerji təhlükəsizliyi üçün başlıca risklərdən biri kimi qiymətləndirib. Qeyd olunub ki, hazır­kı 100 trilyon dollarlıq qlobal iqtisadiyyatın istifadə etdiyi enerjinin 80 faizindən çoxu karbohidrogenlərin payına düşür. Bu asılı­lığa isə qısa müddətdə yüksək ambissiya­lı siyasi qərarlarla tamamilə son qoymaq qeyri-realdır. Qarşıdakı onilliklərdə ətraf mühiti qorumaqla enerji təhlükəsizliyi­ni, ədalətli, inklüziv enerji keçidini təmin etmək üçün rasional qərarlara və təxirə­salınmaz tədbirlərə ehtiyac duyulduğunu diqqətə çatdıran P.Şahbazov deyib ki, enerji bazarlarının iştirakçıları arasında di­aloq və əməkdaşlıq olmadan bu məqsədə çatmaq mümkün deyil.

Energetika naziri, həmçinin Azər­baycanın hazırda enerji təhlükəsizliyin­dəki rolunu bir neçə enerji resursu üzrə şaxələndirməsindən, ötən il Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünün 40 faiz artırılması ilə təbii qazın enerji böhra­nının həllinə töhfələrindən bəhs edib. O deyib ki, bizim məqsədimiz hər hansı bir enerji növünün təşviqi deyil, bütün enerji növlərindən doğru istifadə etməklə enerji təhlükəsizliyinə, iqtisadi inkişafa və sabit­liyə töhfə verməkdir: “Biz inklüziv enerji keçidini dəstəkləyirik. Lakin emissiyaların azaldılmasında mühüm rol oynayan “ya­şıl enerji”nin dayanıqlığını təmin etmək, bərpa olunan enerjini dəstəkləmək, rə­van enerji keçidi üçün bizim qaza ehtiya­cımız var. Hesab edirəm ki, gecikmədən birgə hərəkət etmək vaxtıdır. Gəlin, ay­rı-ayrılıqda deyil, birgə, dialoq mühitində enerji bazarlarının inkişafı ilə bağlı doğru qiymətləndirmələr aparaq, gələcək qar­şısında məsuliyyətimizi bərabər səviyyə­də paylaşaq. Həm qlobal neft bazarının davamlı balanslaşdırılmasının etibarlı qarantı olan “OPEC plus” ölkəsi, həm də Avropanın etibarlı enerji tərəfdaşı olaraq Azərbaycan belə bir dialoqa töhfə ver­məyə hazırdır”,–deyə nazir Pərviz Şah­bazov əlavə edib.

Energetika Nazirliyindən aldığımız məlumata görə, nazir Pərviz Şahbazov Vyanada bir sıra vacib görüşlər də ke­çirib. Birləşmiş Ərəb Əmirliklərinin ener­ji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə görüşdə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC), “Masdar” və “TAQA” şirkətləri ilə neft-qaz və bərpaolunan enerji sektorlarında, həmçinin qlobal neft bazarının tənzimlənməsində əməkdaşlı­ğa dair məsələlər müzakirə edilib. Görüş­də, həmçinin BƏƏ ilə Azərbaycanın “ya­şıl enerji” tərəfdaşlığından məmnunluq ifadə olunub. Tezliklə istismara veriləcək 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası, həmçinin quruda və dənizdə 4 qiqavat gücündə “yaşıl enerji” layihələrinin icrası ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

İraqın Baş nazirinin müavini, neft na­ziri Hayan Əbdül-Qani ilə görüşdə isə ölkələrimizin qlobal neft bazarının sa­bitləşdirilməsi məqsədilə “OPEC plus” formatında uğurlu əməkdaşlıq həyata keçirdiyi bildirilib. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatından bəhs edi­lib. Görüşdə, həmçinin iki ölkə arasın­da enerji əməkdaşlığının inkişafı üçün “Energetika Nazirliyi ilə İraq Respublika­sının Neft Nazirliyi arasında neft və qaz sahələrində əməkdaşlıq haqqında Anlaş­ma Memorandumu”nun imzalanmasının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, İraq Azərbaycanla neft-qaz sahəsində intensiv əməkdaşlıqda maraqlıdır.

“Dayanıqlı və inklüziv energetika keçidinə doğru” mövzusunda 8-ci bey­nəlxalq seminar çərçivəsində nazir Pərviz Şahbazov OPEC-in Baş katibi Haysam Əl-Qays ilə də görüşüb. Görüş zamanı qlobal neft bazarının balanslaşdırılma­sı istiqamətində atılan addımlardan və neft sənayesinin inkişafı ilə əlaqədar məsələlərdən bəhs olunub. Gələcəkdə enerji təhlükəsizliyinin təminatı məqsə­dilə bütün tərəflərin cəlb edildiyi dialoq və əməkdaşlıq mühitinin yaradılmasının zəruriliyi qeyd olunub.

Energetika Nazirliyinin məlumatına görə, nazir Pərviz Şahbazov Vyana səfə­ri çərçivəsində Avropa İttifaqının energe­tika məsələləri üzrə komissarı Kadri Sim­son və “Total Energies” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə də görüşüb. 

Avropa İtttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə “Azərbaycan ilə Avropa İtti­faqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandu­mu”nun icrası, həmçinin enerji təhlükə­sizliyi və enerji keçidinin uğurla həyata keçirilməsi məqsədilə müxtəlif bazar iştirakçılarının təmsil olunduğu enerji di­aloqu platforması üzrə əməkdaşlıq im­kanlarına dair fikir mübadiləsi aparılıb. Görüş zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həmçinin Avropa əra­zisində boru kəmərləri infrastrukturunun qurulması istiqamətində cari vəziyyət nəzərdən keçirilib və proseslərin sürət­ləndirilməsi üçün səylərin gücləndirilmə­sinin vacibliyi bildirilib.

“Total Energies” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşdə isə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi, ümumi gücü 500 meqavat olan günəş və külək layihələri­nin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycanın “yaşıl enerji” kursunun həyata keçirilməsində “Total Energies” ilə əməkdaşlığın əhə­miyyəti vurğulanıb və bu aspektdə, 250 meqavat gücündə külək, Naxçıvanda 250 meqavat gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sis­temləri layihələrinin həyata keçirilməsinin “yaşıl enerji” əməkdaşlığına töhfə verə­cəyi qeyd edilib.

Bütövlükdə isə, OPEC-in 8-ci bey­nəlxalq seminarında energetika keçidi ilə bağlı enerji təhlükəsizliyi, texnoloji innovasiyalar, ekoloji məsələlər, davamlı inkişaf, enerji siyasəti, eləcə də qlobal iq­tisadiyyatda genişmiqyaslı tendensiyalar kimi əsas məsələlər müzakirə olunub.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat