Xəzər Gününə həsr olunmuş tədbir keçirilib

post-img

Yaxt Klubda 12 Avqust – Xəzər Gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi, AZCON Holding şirkətlərindən olan ASCO, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti və “Caspian Marine Services” B.V. şirkətinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Tədbiri ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Rüstəm Ağayev açaraq, günün əhəmiyyəti və Xəzərin ekologiyasının qorunması istiqamətində ASCO-nun gördüyü işlər barədə ümumi məlumat verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Dürrə Vəliyeva Xəzər dənizinin ekoloji problemləri, onların həlli istiqamətində görülən tədbirlər və aparılan monitorinqlər barədə ətraflı təqdimatla çıxış edib.

ASCO-nun emissiyaların idarəedilməsi üzrə aparıcı mütəxəssisi Nigar Bağırova və ətraf mühitin mühafizəsi üzrə mühəndisi Əli Əliyev 2024-cü il ərzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər, İqlimlə Əlaqəli Korporativ İdarəetmə layihəsi, enerji effektivliyi üzrə əməkdaşlıq, enerji səmərəliliyinin artırılması və dekarbonizasiya istiqamətində görülən işlər barədə məlumat veriblər. Həmçinin onlar Xəzər dənizinin biomüxtəlifliyinin qorunması, ötən il ərzində dənizin akvatoriyasının müxtəlif tullantılardan və batmış metal hissələrdən təmizlənməsi, eləcə də şirkət daxilində tullantıların idarə olunması və müəyyən hissəsinin təkrar emala yönəldilməsinə dair həyata keçirilən işlərlə bağlı fikirlərini bölüşüblər.

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin əməkdaşı Vasif Əhmədov neft dağılmalarının, karbohidrogenlərin dəniz səthində yayılmasının qarşısının alınması ilə bağlı görülən qabaqlayıcı tədbirlər barədə məlumat verib.

Tədbirdə  son illərdə iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizində suyun səviyyəsində qeydə alınan dəyişikliklər xüsusilə diqqət mərkəzində olub. Bu istiqamətdə görüş iştirakçıları geniş fikir mübadiləsi apararaq, risklərin aradan qaldırılmasına dair təkliflərini səsləndiriblər.















Sosial həyat