Rusiya rublu dəyərini getdikcə itirir. Son 2 ay ərzində rublun dollara nisbətən 14 faiz ucuzlaşması da bunu təsdiq edir. Şübhəsiz, belə bir hal Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsidir. Eyni zamanda, qonşu ölkə iqtisadiyyatı ilə bağlı neqativ proqnozlar da valyuta bazarında rublun məzənnəsinə öz mənfi təsirini göstərir.
Bu cür vəziyyət Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiya ilə iqtisadi əməkdaşlığını zəiflədə bilərmi? Ekspertlər rublun ucuzlaşmasının iki ölkə arasında iqtisadi əlaqələrə təsirini təhlil edərək bildirirlər ki, Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyorudur. Bu baxımdan, Rusiyanın milli valyutasının manata nisbətən dəyər itirməsi respublikamızın ixrac edilən qeyri-neft məhsullarının rubl ifadəsində bahalaşmasını reallaşdırır. Bu isə qeyri-neft ixrac imkanlarının zəifləməsi deməkdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyun sayına əsasən, 2023-cü ilin yanvar-may ayları ərzində ölkəmiz tərəfindən Rusiyaya 404 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Təkcə may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (118,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib.
Burada o da qeyd olunmalıdır ki, Rusiya rublunun dəyər itirməsi Azərbaycan manatının məzənnəsinə heç bir təsir göstərmir. Çünki ölkəmizdə milli valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Digər tərəfdən respublikamızda məzənnə rejimi fəaliyyət göstərmir. Azərbaycan Mərkəzi Bankı tənzimlənmə vasitəsi ilə məzənnə prosesinə birbaşa intervensiya etmək imkanlarını diqqətdə saxlayır.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Rusiya Azərbaycanın ən böyük qonşusu olmaqla yanaşı, ölkəmizdə istehsal olunan məhsullar üçün böyük bazardır. Azərbaycan iqtisadiyyatı, sahibkarları üçün bu bazar mühüm əhəmiyyət daşıyır.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilib. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 264 milyon 444 min dollar təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz çox olub. Cari ilin may ayında isə Azərbaycanın təkcə qeyri-neft sektoruna aid 118,8 milyon ABŞ dollar həcmində mal ixrac edilən ölkələrin siyahısında Rusiya qərarlaşıb.
Göründüyü kimi, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, ən böyük idxalçı və qeyri-neft ixracatında əsas partnyorudur. Bax, bu məqamda qonşu ölkənin milli valyutasının getdikcə dəyərsizləşməsi respublikamızdan ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına gətirib çıxarır. Bu isə, şübhəsiz ki, qeyri-neft ixracına təsirsiz ötüşmür. Belə hal, eyni zamanda, əsasən Rusiya ilə iqtisadi əlaqədə olan yerli fermerlərin gəlirlərinin azalmasına təsir edə biləcək amillərdən biridir. Digər tərəfdən, hazırda qonşu ölkədə yaşayan həmyerlilərimizin də gəlirlərinin azalmasına və nəticədə respublikamıza köçürmələrin həcminin azalmasına səbəb olur.
Onu qeyd edək ki, Rusiya rublunun dəyər itirməsi nəticəsində qısa müddət ərzində Azərbaycana bu ölkədən idxal edilən məhsulların qiymətində ucuzlaşma müşahidə oluna bilər. Əsas ticarət tərəfdaşımız olan Rusiyada cərəyan edən proseslərin ölkə iqtisadiyyatına müəyyən mənfi təsirlərinin olması da təbiidir və bu baxımdan Azərbaycanın ixrac arealının genişləndirilməsinə daha böyük ehtiyac var.
Qeyri-neft məhsullarının ixrac potensialının genişləndirilmısi üçün Avropa bazarlarında geniş imkanlar mövcuddur. Ölkəmizin kənd təsərrüfatı məhsullarının həmin bazarlara ixracının uğur qazanması üçün potensial böyükdür və bu potensial ixracın şaxələnməsində, bir ölkədən asılılığın azalmasında əhəmiyyətli rol oynaya bilər.
Ümumiyyətlə, Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, qeyd etmək istərdim ki, hazırda milli valyutaya tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu gün manata olan tələb sabitdir və valyuta ehtiyatlarımız tələbi tam qarşılamağa imkan verir.
“Xalq qəzeti”