Bakının mərkəzində “yaşıl” ada

post-img

Keçmiş “Sovetski” ərazisi parklara çevrilir

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” kimi tanınan ərazisində istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə başlanılıb. Yasamal Rayon İcra hakimiyyətinin bununla bağlı mediada yayılan məlumatına görə, həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses çərçivəsində daha səmərəli və faydalı layihələrin reallaşdırılması nəzərdə tutulub. 

Rayonda yerləşən Mərkəzi Parkın indiyədək istifadəyə verilən 3 hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatır. Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılan belə bir müasir park indi həm yerli əhalinin, həm də qonaqların sevimli istirahət məkanıdır. 

Hazırda davam edən söküntü işləri isə parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və paytaxtın ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bununla bağlı məlumatında bildirilir ki, Yasamal rayonu ərazisində həyata keçirilən söküntü işləri başa çatdırılandan sonra bu ərazidə paytaxtın Baş Planına və müasir şəhərsalma normalarına uyğun layihələrin icrası nəzərdə tutulur. Eyni zamanda, hazırda istirahət məkanının ərazisi, təxminən, 36 hektar təşkil etsə də, 4-cü hissədə parka metronun “Nizami” stansiyasının ətrafındakı 21 hektara yaxın ərazi də əlavə olunacağı qeyd edilir. İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılacağı, parkda qarışıq ağac növlərinin əkiləcəyi nəzərdə tutulan sıx meşə tipli zonanın ərazinin landşaftında özünəməxsus yer tutacağı vurğulanır. 

İstirahət məkanı ərazisində böyük süni gölün, eləcə də rekreasiya, gölkənarı istirahət, idman, mədəni tədbir zonaları və uşaq oyun meydançalarının yaradılması planlaşdırılır. Layihədə ətrafdakı yaşayış sahələri və nəqliyyat infrastrukturu ilə əlaqələndirmə və nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili də nəzərdə tutulur. Təzə Pir məscidi ətrafındakı ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır.



İqtisadiyyat