Azərbaycan – ABŞ əməkdaşlığında yeni mərhələ başlandı

post-img

Enerji, rəqəmsal transformasiya və qlobal bazarlara inteqrasiyanın yeni hədəfləri

Azərbaycan Prezidenti İlham Əliyevin  avqustun 8-də Vaşinqtonda media nümayəndələrinə verdiyi müsahibə ölkəmizin enerji strategiyasının, rəqəmsal inkişaf planlarının və ABŞ-la tərəfdaşlığın gələcək perspektivlərinin aydın mənzərəsini ortaya qoydu. Dövlətimizin başçısının bütün bunlarla bağlı səsləndirdiyi fikirlər təkcə iki ölkə arasında münasibətlərin indiki səviyyəsini deyil, həm də qarşıdakı illərdə iqtisadi və texnoloji sahədə açılacaq yeni imkanların mənzərəsini yaratdı. 

Azərbaycan lideri Prezident Donald Trampla imzalanan memorandumun əsas istiqamətlərindən birinin enerji əməkdaşlığı olduğunu xüsusi vurğuladı. Ölkə rəhbərinin sözlərinə görə, burada söhbət yalnız ənənəvi enerji resurslarından – neft və qazdan getmir, həm də bərpa olunan enerji mənbələrinin inkişafının mühüm yer tutması vurğulanır. Bu, Azərbaycanın enerji siyasətində yeni yanaşma – klassik karbohidrogen ixracı ilə yanaşı, “yaşı” enerjinin də gündəliyə daxil edildiyini göstərir. 

Bu strategiya Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqelərini möhkəmləndirməklə bərabər, respublikamızı  gələcəkdə enerji keçid proseslərinin fəal iştirakçısına çevirir. Bərpa olunan enerji sahəsində ABŞ-ın qabaqcıl texnologiyaları və investisiya potensialı ilə əməkdaşlıq imkanları ölkəmiz üçün mühüm önəm daşıyır.  

Müsahibədə dövlət başçısının diqqət çəkdiyi əsas məqamlardan biri də Azərbaycanın hazırkı qaz ixracı coğrafiyası ilə bağlı idi. Prezident İlham Əliyev bu məsələ ilə bağlı qeyd etdi ki, hazırda ölkəmiz  NATO-nun 10 üzvünü və ABŞ-ın 10 müttəfiqini təbii qazla təmin edir. Ümumilikdə, boru kəməri ilə qaz ixracı 14 ölkəni əhatə edir ki, bu da respublikamızı dünya üzrə qaz nəqlində aparıcı mövqelərdən birinə çıxarır.

Əlbəttə, bu statistik göstəricilər Azərbaycanın enerji diplomatiyasının uğurlarının parlaq ifadəsidir. Xüsusilə, Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rol artıq strateji əhəmiyyət daşıyır. İndiki geosiyasi şəraitdə etibarlı enerji tərəfdaşı statusu isə ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər qazandırır.

Prezident İlham Əliyevin açıqlamasında diqqətçəkən başqa bir məqam isə Suriyaya təbii qaz ixracı ilə bağlı idi. Bu, Azərbaycanın enerji ixrac coğrafiyasına Yaxın Şərqi də əlavə etməsi deməkdir. Bu addım yalnız kommersiya baxımından deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir. 

Yaxın Şərq bazarına daxil olmaq Azərbaycanın regional enerji xəritəsində mövqelərini daha da gücləndirəcək. Bu proses həm də ölkəmizin nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, yeni kəmər və infrastruktur layihələrinin reallaşdırılması ilə paralel gedəcək.

Yeri gəlmişkən, qardaş Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya ötürülən  Azərbaycan qazı mərkəzi Homs vilayətindəki “Cender Qaz” qazpaylama stansiyasına çatıb, oradan paytaxt Dəməşq yaxınlığındakı “Nasiriyə” və “Təşrin” istilik elektrik stansiyalarına yönləndiriləcək.

Suriyanın energetika nazirinin müavini Qayas Diyabın sözlərinə görə, qaz kəmərinin ötürücülük qabiliyyəti sutkada 3,4 milyon kubmetrdir. Hazırda kəmərlə 1,4 milyon kubmetr Azərbaycan qazı nəql olunur ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Nazir müavini Azərbaycan qazının Türkiyə üzərindən nəqlini “Suriyanın sabitliyinə mühüm töhfə” adlandırıb. Xatırladaq ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı avqustun 2-dən başlayıb.

Bu məqamda onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də  Vaşinqtonda media nümayəndələrinə müsahibəsində vurğuladı ki, sadalananlar enerji sahəsində gələcək planların yalnız bir hissəsidir. Bu, o deməkdir ki, qarşıda daha iri miqyaslı layihələr və əməkdaşlıq formatları dayanır. Bura həm mövcud ixrac marşrutlarının genişləndirilməsi, həm də yeni enerji növlərinin istehsalı və ixracına yönələn təşəbbüslər daxildir.

Azərbaycanın “yaşıl” enerji zonaları konsepsiyası, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da günəş və külək elektrik stansiyalarının qurulması layihələri gələcək ixrac potensialının artırılmasında mühüm rol oynayacaq. Bu prosesdə ABŞ şirkətlərinin texnoloji dəstəyi və investisiya iştirakı mühüm əhəmiyyət daşıyır.

ABŞ-ın ölkəmizin  enerji diplomatiyasının gerçəkləşməsindəki fəaliyyətdən söz düşmüşkən,  onu bildirək ki,  Azərbaycanın enerji prioritetləri müstəqilliyimizin ilk illərindən bəri respublikamızın  xarici siyasətinin və iqtisadi strategiyasının mühüm əsaslarından biri olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə başlanılan neft-qaz əməkdaşlığı, ölkəmizi beynəlxalq enerji bazarına güclü şəkildə inteqrasiya etdi. O vaxtdan indiyədək  Bakı – Tbilisi – Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələri kimi strateji infrastruktur xətləri Azərbaycanın enerji nəqliyyat xəritəsini qlobal səviyyəyə çıxardı.

Ötən illər ərzində enerji diplomatiyası təkcə iqtisadi mənfəət mənbəyi olmadı, həm də respublikamızın beynəlxalq aləmdə siyasi çəkisini artırdı. Azərbaycan həm Qərb, həm də regional tərəfdaşlarla balanslı əməkdaşlıq siyasəti həyata keçirərək enerji resurslarını sülh və inkişaf vasitəsinə çevirdi.

Bu gün Prezident İlham Əliyevin ABŞ-la enerji əməkdaşlığı haqqında bəyanatları, əslində, bu tarixi xəttin yeni mərhələyə keçdiyini göstərir. Ənənəvi bazarlarla yanaşı, bərpa olunan enerji və yeni regionlara çıxış siyasəti, Azərbaycanın enerji diplomatiyasının məzmununu daha da zənginləşdirir.

İki ölkə arasında rəqəmsal əməkdaşlığın iqtisadi təsirlərinə də toxunmaq istərdik. Belə ki, Azərbaycan – ABŞ rəqəmsal əməkdaşlıq planları təkcə texnoloji tərəqqi deyil, həm də iqtisadi inkişaf baxımından ciddi potensiala malikdir. Süni zəka və rəqəmsal transformasiya sahəsində ABŞ şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi bir neçə mühüm nəticə verə bilər:

 –Süni zəka əsaslı idarəetmə sistemləri və avtomatlaşdırma həlləri sənaye, kənd təsərrüfatı və xidmət sektorlarında səmərəliliyi artıracaq;

– rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmış kadrlar üçün minlərlə yeni iş imkanı yaranacaq;

– yerli informasiya texnologiyalar və startap şirkətlərinin ABŞ bazarına çıxışı asanlaşacaq, Azərbaycan regional texnoloji mərkəz statusu qazana biləcək;

– ABŞ texnologiyalarının tətbiqi ilə dövlət və özəl sektorda məlumat təhlükəsizliyi səviyyəsi yüksələcək;

– Fintech sahəsində əməkdaşlıq, nağdsız ödənişlərin və elektron kommersiyanın daha sürətli inkişafına şərait yaradacaq.

Bu təsirlər iqtisadiyyatın şaxələndirilməsi strategiyasına birbaşa dəstək verəcək, Azərbaycanın neft-qaz asılılığını tədricən azaldaraq, rəqəmsal iqtisadiyyatın ümumi daxili məhsuldakı (ÜDM) payını artıracaq.

Sonda Azərbaycanın ABŞ-la əməkdaşlığında mühüm rol oynayacaq strateji perspektivlər barədə də bir məqamı qeyd etmək istərdik. Belə ki, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, hazırda iki ölkə arasında əməkdaşlıq artıq təkcə enerji sektorunda deyil, yüksək texnologiyalar və innovasiyalar sahəsində də strateji məzmun qazanır. ABŞ şirkətləri üçün Azərbaycan enerji ixracatçısı olmaqla bərabər, eyni zamanda, regionun rəqəmsal mərkəzinə çevrilə biləcək bir tərəfdaşdır. Bu əməkdaşlıq həm də Azərbaycanın xarici investisiya üçün açıq, sabit və etibarlı ölkə imicini möhkəmləndirir. Enerji, texnologiya və innovasiya sahələrində yeni layihələrin reallaşdırılması ölkənin iqtisadi şaxələndirmə siyasətinə böyük töhfə verməyi şərtləndirir. 

Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının əsas sütunlarını  – enerji ixracında qlobal mövqelərin möhkəmləndirilməsi, yeni bazarlara çıxış, bərpa olunan enerji mənbələrinin inkişafı və rəqəmsal transformasiyada ABŞ-la əməkdaşlığın gücləndirilməsini özünü aydın şəkildə göstərir. Enerji diplomatiyasının tarixi nailiyyətlərinə söykənən bu strategiya Azərbaycanın həm iqtisadi, həm də texnoloji sahədə qlobal inteqrasiyasını daha da dərinləşdirmək, ölkəmizi regionun ən mühüm enerji və innovasiya mərkəzlərindən birinə çevirmək əminliyi yaradır.

V.BİNYATOĞLU 
XQ

 

Siyasət