“Fransa Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesində vasitəçi rolunu artıq gözdən salıb”. Belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi ənənəvi həftəlik brifinqdə çıxış edib.
Rəsmi Bakı Rusiya diplomatiya idarəsinin nümayəndəsinin bu gün dilə gətirdiyi həqiqəti hələ iki il on ay bundan əvvəl demişdi. Zəfərimizlə başa çatmış 44 günlük Vətən müharibəsinin gedişində. Düzdür, İkinci Qarabağ savaşına qədər də, münaqişənin nizama salınmasına dair missiyanı boynuna götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri kimi istər Vaşinqtonun, istər Moskvanın, istərsə də Parisin tərəflərə neytral deyil, ikili standartlarla yanaşmasını görür və buna etirazımızı bildirirdik.
Ermənistan silahlı qüvvələri Qarabağda müzəffər ordumuzun “dəmir yumruğ”unun zərbələrinə davam gətirməyib qaçmağa üz tutanda isə Bakıya ultimatum verən, hədə-qorxu gəlməyə çalışan və bunun layiqli cavabını alan Fransa prezidenti Emmanuel Makron deyildimi? O Makron ki, münaqişə tərəfləri arasında üç vasitəçidən biri kimi Parisin ermənipərəst mövqeyini 25 ildən sonra gizlindən aşkara çıxardı, açıq-aydın anti-Azərbaycan siyasəti yürütməyə başladı. Gah tarixin arxivinə göndərdiyimiz həmin Minsk qrupunu diriltməyə cəhdlər etdi, gah da Avropa İttifaqının missiyası adı altında bölgəyə öz emissarlarını dürtməyə çalışdı. Bunların heç biri alınmayanda isə sülh danışıqlarında vasitəçi kimi söz sahibi olmağa girişdi. Və bu zaman dünənki müttəfiqi Rusiyanın Cənubi Qafqazdakı maraqlarını belə görməzdən gəlməyə başladı.
* * *
Kremlin səbir kasasını dolduran da Parisin bölgədə özbaşına siyasi manevrlər edərək, saymazyana onun yolundan keçməsi oldu. Rusiya XİN-in sözçüsü açıqlamasında onu da bildirib ki, ATƏT-in Minsk qrupunun dağılmasında Parisin xüsusi rolu olub. “Fransanın yalnız özünü göstərmək naminə atdığı addımlar tərəflərə və sülh prosesinə kömək etmir. Paris sadəcə Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”, – deyən M.Zaxarova Kremlin də imzaladığı 2020-ci il 10 noyabr Bəyanatında boynuna götürdüyü öhdəlikləri Qarabağda nədən yerinə yetirməyə tələsmədiyinə aydınlıq gətirməyi unudub. Söhbət həmin bəyanatın 4-cü bəndində nəzərdə tutulan şərtdən – Ermənistan ordusunun tör-töküntülərinin və separatçı silahlı quldurların Rusiya sülhməramlı hərbi kontingentin müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonumuzdan, başqa sözlə Azərbaycanın artıq suveren ərazisindən çıxarılmasından gedir. Ermənistan və Azərbaycan XİN başçılarının Vaşinqtonda ikitərəfli dialoqu və müqəddəs Qurban bayramı ərəfəsində həmin separatçı-daşnak quldurların sülhməramlıların birbaşa nəzarətində olan ərazidə silahlı təxribat törətməsi bu şərtin təcili yerinə yetirilməsini tələb etmirmi? Güman edirik ki, xanım Zaxarova media mənsubları üçün qarşıdakı həftədə düzənləyəcəyi brifinqdə bu suala da aydınlıq gətirəcək.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”