Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə nəzərdə tutulan işlərin vahid proqram əsasında görülməsi məqsədilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub.
Proqram bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Dövlət tərəfindən fermerlərə bütün lazımi materiallar, tinglər verilib, bütün sahələr üzrə subsidiyalar ayrılıb və bununla da 30-40 gün ərzində yaxşı gəlir əldə etmək imkanı yaradılıb. Bu dəstək Ağcabədi kümçülərinin fəaliyyətində də aydın nəzərə çarpır. Azərbaycanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutan Ağcabədi ötən il təhvil verilən məhsula görə respublika ikincisi olub. Məntəqələrə hər qutudan 38,9 kiloqram olmaqla 33 ton 53 kiloqram barama təhvil verilib.
Bu mövsümdə də rayonda baramaçılığa böyük maraq var. Boyat kəndindən olan Səbuhi Ələsgərov mayın 18-də məhsulun dərilməsinə başlayan ilk kümçü olub. Onun sözlərinə görə, cari ildə toxumlar daha keyfiyyətli idi: “Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biri kimi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Çünki baramaçılığın inkişafı kənd əhalisi üçün əlavə qazanc və yaxşı güzəran deməkdir. Bu sahə ilə məşğul olmaqla, hər il öz ailə gəlirlərimizi artıra bilirik. Cari il rayon üzrə 700 qutu ipəkqurdu götürülüb. Bizim kəndin kümçülərinə 25 qutu ipəkqurdu paylanılıb. Baramaçılığın yem bazası ilə bağlı tədbirlər görülüb. Çox sayda tut tinginin əkilməsi baramaçılığın yem bazasını əhəmiyyətli dərəcədə möhkəmləndirib…”.
Rayonda Kəbirli, Aran, Gələbədin, Cəfərbəyli, Qaraxanlı, Sarıcalı kəndlərinin kümçüləri də fəallıq göstəriblər. Məhsul isə “AzSİLK” MMC-nin nümayəndələri tərəfindən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) qəbul edilib. Burada baramanın qəbulu üçün lazımi şərait yaradılıb.
Son məlumata görə, bu mövsümdə tədarükçülərə 34 ton 478 kiloqram barama təhvil verilib. Hər qutuda məhsuldarlıq 49,2 kiloqram olub ki, bu da gözlənilən nəticədən yüksəkdir. Eyni zamanda, 2022-ci ilin göstəricisindən 10,3 kiloqram çoxdur.
Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınıb, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyib. Artıq subsidiyalar köçürülüb.
Ə.PÜNHAN,
“Xalq qəzeti”nin bölgə müxbiri